azia.az
azia.az

Araik və dəstəsi Şuşa həndəvərində - sülh deyə-deyə işğala hazırlıq...

24-05-2021, 17:36

Araik və dəstəsi Şuşa həndəvərində - sülh deyə-deyə işğala hazırlıq...
Azərbaycana qarşı “özünümüdafiə ordusu” yaradılması ermənilərin əsas gündəmidir; Şuşa ətrafındakı kəndlərdə məskunlaşmaq nə deməkdir?
Qarabağ hadisələrinin daş atmaq dövründən başlamış, ta raket zamanınadək şahidlik etdiyim üçün deyim ki, əsas mərkəzdə - Xankəndində və ətrafında baş verənləri qətiyyən gözardı etmək olmaz. Ermənilər həmişə xain planlarına belə başlayıblar - əvvəl gizli iclaslar keçirirlər, təşkilatlanırlar, sonra dəstəklərini möhkəmlədirlər, sonra...

İndi 1987-ci il deyil, şükür ki, nə Azərbaycan zəifdir, nə ermənilər əvvəlki kimi güclü. Amma dünyada hələ də arxaları möhkəmdir, bunu görürük. Əvvəl Qorbaçovun xas adamı akademik Aqanbekyan onlara “qaz” verirdisə, indi ondan heç də geri qalmayan, ermənicə məktub yazan Fransa prezidenti Makron var. Erməni haqlarını müdafiə edən Saxarov çoxdan ölüb, amma millətçi arvadı Yelena Bonner hələ yaşayır. Amerikadakı lobbi, Avropa Parlamentinin erməniyanlı deputatları hələ də əleyhimizə qətnamələr qəbul etdirə bilirlər, ATƏT-in Minsk Qrupu isə ciddi-cəhdlə yenidən “status danışıqları masası” qurmağa çalışır.



Əvvəl gündən də yazırıq ki, ermənilərin toparlanmasına, baş qaldırmasına qətiyyən imkan vermək olmaz. Həm xalq kimi, həm respublika rəhbərliyinin səriştəsizliyi ucbatından elə tarixi səhvlər etdik ki, onun acısını düz 30 il yaşadıq. Yadımdadır ki, ermənilər hələ yenicə “miatsum” mitinqləri keçirməyə başlayanda deyirdik ki, “əşi, ermənilər kimdir, bizə heç nə edə bilməzlər...” Torpaq iddiası qaldırmış cəmi ermənilərə televiziyalarda “bir qrup ekstremist” deyirdilər. İndi dövr o dövr deyil, amma təəssüf ki, erməni həmin ermənidir. Bunlar nə qədər qırılsalar da, nə qədər başlarına pis işlər gəlsə də, nəticə çıxaran, türklə düşmənçilikdən vaz keçə bilmirlər. Allahları onları da bu cür xəstə, bu cür bədbəxt yaradıb...
Araik və dəstəsi Şuşa həndəvərində - sülh deyə-deyə işğala hazırlıq...
Ermənilərin belinin qırıldığına şübhə yoxdur, amma bir çox səbəblərdən bu xainləri içimizdən birdəfəlik kəsib ata bilmədik, ona görə də hələ bu “şiş”lə yaşamalı olacağıq. Amma yenə təkrar etməyə zərurət var - qətiyyən bu “şiş”i yenidən içimizi yeyən onkoloji bəlaya çevrilməsinə imkan verməməliyik.
Zəngəzur da, Qaragöl də vacib və həll edilməsi vacib olan məsələlərdir. Qarabağın bundan sonrakı təhlükəsizliyinin vacib elementlərindən biri də bu məsələlərin həllidir. Amma görürük ki, bunlar uzun zaman alacaq. Xain bir qonşu ilə sərhədlərimizi möhkəmlətmək şərtdir, amma nəzərə almalıyıq ki, bütün bu oyunlar yenə də Qarabağa görədir. Ermənistan bu məsələləri körükləməyə, uzatmağa, beynəlxalq problemə çevirmək istəyir. Niyə? Azərbaycanın vaxtını aparsınlar, bizi sərhəd problemlərinə doğru çəkib əsas diqqəti Qarabağdakı ermənilərdən az da olsa yayındırsınlar, oradakı yırtıcı sürü yenidən toparlana bilsin...

Qarabağda 30 min erməninin məskunlaşdığı haqda verilmiş son rəqəm əlbəttə ki, dəqiq bilgilərə əsaslanır. Amma bəlkə də sayları o rəqəmdən də azdır. Bakının bir balaca qəsəbəsi boyda təxminən... Amma bu bizə yenidən “bir ovuc qalıblar, nə edəcəklər” arxayınlığı yaratmamalıdır. Sərhədlə paralel olaraq Qarabağdakı ermənilərin hər addımları diqqətlə izlənməlidir, əgər dövlətimiz əleyhinə nəsə varsa, dərhal reaksiya verilməlidir. Biz erməniləri öz vətəndaşımız, Xankəndini və ətraf rayonları öz ərazimiz hesab edirik, o səbəbdən hətta bizə sarsaq görünən bəyanatlarına, toplantılarına, səfərlərinə reaksiya verməliyik. Bunları görməzdən gəlməklə problem həll olunmayacaq, bunu bir dəfə yaşamışıq, millət və dövlət olaraq ziyanını da görmüşük.


Qarabağda antitterror əməliyyatları haqda çox danışırıq, amma gerçəkçi olaq: bunları indiki şərtlərlə edə bilmərik. Əvvəla, ona görə ki, ortada sülhməramlılar var, həm də bizim razılığımızla gəliblər. Onları keçib, Xankəndində əməliyyat keçirimək, quldurbaşı Araikin qulağından tutub “Qazel”ə basaraq Bakıya gətirmək real deyil. Bu işdə gerçəkçi olmaq lazımdır, nə aşırı pafos, nə pessimist düşüncələr bizə xeyir gətirməz. Gerçəkçi olmaq və buna uyğun siyasət qurmaq lazımdır.

Dövlətə ağıl vermək kimi istəyim yox - düz bildiyi vaxt düz bildiyini edib və bundan sonra edəcəyinə şübhə etməməliyik. Dediyim odur ki, “ilan vuran alan çatıdan ehtiyat edər”, o səbəbdən Xankəndində baş verən hər hansı hərəkətlilikdən narahat olmamız lazımdır, diqqətdən qaçırmamaq gərəkdir.
Araik Arutyunyan mayın 18-də görbagor olmuş “dqr” “müdafiə nazirliyini” ziyarət edib və orada yüksək komandan heyəti ilə görüş keçirib. Foto ermənilərin guya Qarabağdan ordularını çıxarmaları barədə bir neçə müddət əvvəl yayılmış iddiaların gerçək olmadığını göstərir. Hər halda, fotoda görünən ermənilər hərbçi formasındadır və Qarabağdakı qeyri-qanuni “erməni qoşunlarının” rəhbərləridir. Bu təkcə, 10 noyabr bəyanatının məşhur 4-cü bəndinin aşkar pozulması deyil, Qarabağda Azərbaycan hakimiyyətinə qarşı qanunsuz silahlı dəstənin hələ də varlığı deməkdir.

Erməni mediası yazır ki, Araik “toplantıda ordunun inkişafı, ölkənin müdafiə qabiliyyəti, həmçinin ordunun sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə edilib, Türkiyə-Azərbaycan təcavüzündən bacardıqları qədər müdafiə etdiklərinə görə” hərbçilərə minnətdarlığını bildirib.
Araik və dəstəsi Şuşa həndəvərində - sülh deyə-deyə işğala hazırlıq...
Arutyunyan çıxışında deyib ki, “sülh gündəliyi ilə çıxış edirik, lakin bunun üçün təhlükəsizlik zəmanətləri lazımdır. Buna görə müdafiə ordusu, peşəkar ordu yaradılacaq”. Qeyri-qanuni rejimin başçısı vəd edib ki, 2023-cü ilə qədər Ermənistanın iştirakı ilə “orduda” xidmət edəcək zabitlər və hərbi təqaüdçülərin mənzil problemi həllinin tapacaq. Göründüyü kimi, Azərbaycan hakimiyyətinə qarşı “özünümüdafiə ordusu” yaradılması ermənilərin əsas gündəmidir.


Bu toplantıdan iki gün əvvəl isə Arutyunyan və “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan Şuşa ətrafında görünüblər. Onlar Şuşanın Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Sarıbaba kəndlərinə və Turşsu qəsəbəsinə baş çəkib. Məlumat üçün deyim ki, 36 kənd (Göytala, Xanalı, Həsənabad, İmamqulular, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şüşülü, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar, Allahqulular, Həsənqulular, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər), eləcə də Turşsu qəsəbəsi işğalda və Rusiya sülhməramlılarının nəzarətindədir.

Yayılan bilgiyə görə, Araik Arutunyan sakinlərlə görüşüb, məskunlaşma məsələlərini müzakirə edib. Laçın yolunun üstündəki bu ərazilərdə əhalinin sayını qaçqınların hesabına artırmaq nəzərdə tutulur. Hayastan Ümumerməni Fondunun fəal köməyi ilə gənc ailələrə və ermənilərin dəstəyi planlaşdırılır. Erməni separatçıları “artsaxın” ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərin hərbi sahədə deyil, siyasi səmtdə olacağını vurğulayıblar”. Ermənilərin müharibə etməyə heyləri yoxdur, amma hər iki informasiya onu deməyə əsas verir ki, Qarabağda yeni bir separatçı, xain təşkilatlanma prosesi başlamaqdadır. Əlbəttə, ermənilər indi əvvəlki kimi sərbəst deyillər, əhatə dairələri xeyli daralıb, işğal zonasından əhəmiyyətli dərəcədə qovulublar. Amma dinc də durmurlar.

Şuşa ətrafındakı kəndlərdə məskunlaşmaq nə deməkdir? 10 noyabr sazişinə görə yaxın 3 ildə Xankəndindən Ermənistana alternativ yol çəkilməlidir və Laçın yolu Azərbaycanın tam nəzarətinə verilməlidir. Ermənilər isə bunu sanki bilmirlər, indidən o kəndlərdə məskunlaşdırmaq niyyətlərini ortaya qoyublar. Adını çəkdiyim kəndlərin böyük əksəriyyəti isə təkcə Laçın yolunun deyil, həm də Şuşanın təhlükəsizliyinin qarantıdırlar. Azərbaycan kəndlərində hansı məskunlaşmadan söhbət gedə bilər ki? Bu qanunsuz məskunlaşma sabah bizə daha ciddi problemlər yaratmaq üçün düşünülüb, torpağın əsl sahibi gələndə də səs-küy salsınlar ki, “görürsüz, Azərbaycan bizi evlərimizdən çıxarır, deportasiya edir” və sairə... Ona görə də hər şeydən öncə Qarabağ...

Nazim SABİROĞLU,
Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi