Dünyadan böyük bir sənətkar köçdü...
... Xalq artisti Rəmişin ölümü mənə 1990-cı illərin qanlı-qadalı günlərini xatırlatdı. Məlumdur ki, 20 yanvar hadisələrindən sonra Azərbaycanda fövqəladə vəziyyət elan olunmuşdu, sovet-rus əsgərləri Bakıda sözün əsl mənasında ağalıq edirdilər. Onlar hətta 2-3 nəfərin bir yerə toplaşmasına belə imkan vermirdilər. Xalqımızda böyük bir ruh düşkünlüyü yaranmışdı, hamı xof, həyəcan içərisində yaşayırdı. Biz xalqın mübarizə ruhunu, inamını özünə qaytarmaq üçün müxtəlif yollar, üsullar arayırdıq. Götür-qoy etdikdən sonra qərara gəldim ki, xalqı bir araya toplamaq üçün sevilən bir musiqiçinin iştirakı ilə Şəhidlərin xatirəsinə həsr olunmuş xeyriyyə konserti təşkil edək. Muraciət etdiyimiz məşhur musiqiçilərdən bir neçəsi o dövrdə qorxaraq konsertdə çıxış etməkdən imtina etdilər. Lakin virtuoz ifaçı, elektrogitaranı ilk dəfə xalqımıza sevdirən Rəmişi həmin tədbirə dəvət edəndə, vətənpərvər, cəsarətli Rəmiş böyük məmnuniyyətlə təklifi qəbul etdi və Nizami rayonunda yerləşən o vaxtki “Sevinc” kinoteatrında 2 gün fasilələrlə konsert proqramı ilə çıxış etdi. Rəmişin gitarasının sədaları xalqın azadlıq mübarizəsinə elə bir qığılcım atəşi oldu ki, insanların içindəki o qorxu hissini məhv etdi.
O dövr üçün böyük fədakarlıq olan bu hadisəni təvazökar Rəmiş heç vaxt dilinə gətirməsə də, konsertin keçirilməsinə etrazını bildirən bəzi siyasətçilər hətta sonradan onun bəhrəsindən öz məqsədləri üçün istifadə etdilər...
...Azərbaycanımız müstəqilliyinə qovuşdı, Rəmiş bu ölkənin Xaql artisti oldu...Şükür Allaha ki, ata-baba yurdunun işğaldan azad olunduğu günü də gördü. Daha rahat yata bilərsən. Xatirələrin könlümüzdə, əvəzsiz ifan, musiqilərin Azərbaycan xalqının yaddaşında əbədiyyən qalacaqdır.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB, “Əlillər Dünyası” qəzeti və “Turan” Türk Xalqlarının Mədəniyyət Mərkəzi İB-in kollektivi adından Rəmişin doğmalarına, qardaşları Vaqifə və Romikə dərin hüznlə başsağlığı veririk.
Allah sənə rəhmət eləsin, Rafik Hüseynov.
Tahir Xudiyev
“Əlillər Dünyası” qəzeti
Zərnişan Turan
“Turan” Türk Xalqlarının Mədəniyyət Mərkəzi İB