Su ehtiyatları azalır: - "Bu gözardı edilməməlidir"
"Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrdə, sənaye müəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun"
Suyun qiymətinin qalxması təsadüfi deyil. Dünyada su qıtlığı yaşanır. Mütəxəssislər hələ illər öncə həyəcan təbili çalırdı ki, su ehtiyatlarından səmərəli istifadə edilməlidir. Söhbət təkcə əhaliyə satılan içməli sudan getmir. Problem işməli sudan bir çox hallarda səmərəsiz, təsərrüfat məqsədilə və sui-istifadə edilməsidir. Suyun küçələr boyu boş-boşuna axıb getməsinin o qədər şahidi oluruq ki. Təkcə avtomobilyuma məntəqələri gün ərzində nə qədər içməli suyu israf edir. Halbuki, təsərrüfat məqsədilə texniki sulardan istifadə edilməlidir. Amma müəssisələrin, obyektlərin şəxsi qazanc məqsədilə içməli sudan istifadəsi nəticə etibarilə su ehtiyatlarının azalmasına və əhalinin əziyyət çəkməsinə səbəb olur.
Xatırladaq ki, Azəbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsindən öncə, 27 iyul 2020-ci il tarixdə məhz su ehtiyatlarının vəziyyəti ilə bağlı videoformatda müşavirə keçirmişdi. Prezident onlayn müşavirədə su təsərrüfatına cavabdeh olanları sərt tənqid etmişdi. Prezident vətəndaşlardan məktublar aldığını demişdi və cavabdeh şəxslərə vətəndaşları narahat edən problemlərin qısa zamanda həll edilməsini tapşırmışdı.
Müşavirənin nəticəsi olaraq Prezident İlham Əliyev tərəfindən imzalanmış 27 iyul 2020-ci il tarixli Sərəncamla “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edildi. Vətən müharibəsində qazandığımız qələbə isə ölkəmizin 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan su ehtiyatlarına da çıxışını təmin etdi. 10 noyabr bəyannaməsinə uyğun olaraq erməni silahlılarının Laçın rayonunu tərk etməsini xalqa elan edən cənab Ali Baş Komandan çıxışında su ehtiyatları məsələsinə də toxundu: “Onu da bildirməliyəm ki, bizim böyük çayımız - uzunluğu 100 kilometrdən çox olan Həkəri çayının mənbəyi Laçın rayonundadır.
Bu da böyük strateji əhəmiyyətə malik olan məsələdir. Deyə bilərəm ki, bizim 10-dan çox böyük və kiçik çayımızın mənbəyi işğaldan azad edilmiş torpaqlardadır. Onların arasında 4 çayı xüsusilə qeyd etmək istərdim. Çünki bu çayların uzunluğu 100 kilometrdən çoxdur. Tərtərçay 200 kilometr, Bazarçay 180 kilometrə yaxın, Xaçınçay 120 kilometrə yaxın – bu 3 çay Kəlbəcər rayonunda yerləşir. Həkəri çayı da böyük çaylarımızdan biridir, uzunluğu 100 kilometrdən çoxdur. Bunun çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan ərazisindən keçən bizim əsas çayların mənbələri başqa ölkələrdə yerləşir - Kür çayı, Araz çayı, Samur çayı.
Bizim bu 3 əsas çayımızın mənbələri başqa ölkələrdə yerləşir. Əlbəttə ki, 4 böyük çayın mənbəyinin ölkəmizin ərazisində olması böyük üstünlüyümüzdür. Ancaq bu ərazilər işğal altında idi. İndi bu ərazilər işğaldan azad edilib. İşğaldan azad edilmiş torpaqların və orada həyatın bərpası üçün əlbəttə ki, çay resurslarımızın çox böyük əhəmiyyəti olacaqdır. Artıq müvafiq göstərişlər verilib və su anbarlarının tikintisi nəzərdə tutulur. Bu, özlüyündə kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin edilməsinə çox böyük təsir göstərəcək amillərdən biridir”.
Prezidentin hər belə çıxışı Azərbaycan vətəndaşlarında əminlik yaradır ki, keçmiş məcburi köçkünlər tezliklə doğma yurdlarına qayıdacaq, işğaldan azad edilmiş ərazilərdə bərpa işləri sürətlənəcək, doğma elinə qayıdanlar təsərrüfatla məşğul ola biləcəklər.
Çünki cənab Prezidentin yürütdüyü siyasət insanların rifah halının daha da yaxşılaşmasına xidmət edir. Məlumdur ki, bütövlükdə azad edilmiş bölgələrin təbii ehtiyatları, o cümlədən su ehtiyatları çox böyükdür. Bu da əhalinin məskunlaşması, kənd təsərrüfatı və ümumilikdə iqtisadiyyatın inkişafı üçün böyük potensialın mövcudluğu deməkdir.
Bununla belə dünyada müşahidə edilən su ehtiyatlarının azalması tendensiyası yaddan çıxmamalı, gözardı edilməməlidir.
Yeni qurulan su anbarları su ehtiyatlarımızın qorunmasını təmin edəcək
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi feysbuk səhifəsində “Ekspert saatı” canlı yayım layihəsi icra edilir. Bu günlərdə “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov əhalini maraqlandıran məsələlər barədə canlı yayımda danışıb. Şöbə müdiri bildirib ki, Azərbaycanda 140-dan çox su anbarı, bu anbarlarda 21.9 milyard kubmetr su var. Bu sular kənd təsərrüfatının inkişafında mühüm rol oynayır: “Son dövrlər yağıntıların az olması su anbarlarında suyun azalmasına səbəb olub, lakin görülən tədbirlər çərçivəsində bu problemi stabilləşdirmək mümkün olub".
Şöbə müdiri deyib ki, ölkə Prezidentinin təsdiq etdiyi tədbirlər planı çərçivəsində Azərbaycanda 10 su anbarının yenidən qurulması və yenilərinin tikilməsi nəzərdə tutulur: “Bunlar əsasən Böyük Qafqaz dağlarının ətəyində olan çaylarımız, məsələn, Əlicançay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Qusarçay, Ağsuçay, Türyançay, Kiçik Qafqazda isə Zəyəmçay su anbarlarının tikilməsi nəzərdə tutulur. Bu su anbarlarının texniki-iqtisadi əsaslandırmaları hazırlanır.
Bununla bağlı aidiyyəti dövlət qurumları fəaliyyət göstərir. Hesab edirik yaxın illərdə bu su anbarlarının tikintisinə başlanılacaq”.
Şöbə müdiri vurğulayıb ki, Bakıda fəaliyyət göstərən təmizləyici qurğular vasitəsilə formalaşan tullantı sularının təqribən 50 faizə qədəri təmizlənmə prosesindən keçir. Bu qurğuların idarə edilməsində boşluqlar var. Bəzi hallarda normalara cavab vermir, amma istənilən halda sular təmizlənir: “Pandemiya dövründə insanlar daha çox sanitariya qaydalarına əməl edirlər. Əllərin dəfələrlə yuyulması təmiz suyun kifayət qədər çox istifadəsinə gətirib çıxarır. Nəticədə kanalizasiyaya axıdılan tullantı suların həcmi çoxalır. Bu da bilavasitə çirklənməyə gətirib çıxaran amillərdəndir. Bu hallar digər regionlarda da var. Bu sular çayların çirklənməsinə də səbəb olur. Yaxşı olar ki, gələcəkdə bu sulardan təkrar istifadə məsələsi önə çəkilsin”.
Yağış sularından da istifadə olunacaq
Su ehtiyatları təkcə Azərbaycanda, yaxud da regionda azalmır. Bu proses dünya üzrə müşahidə edilir. Amma hər ölkə qarşıda onu gözləyən su qıtlığından çıxmağın yollarını arayır. O cümlədən Azərbaycan da. ETSN-in Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib ki, son 7-8 ildə Azərbaycanda, o cümlədən regionda iqlim dəyişmələri nəticəsində su ehtiyatlarımız azalır. Bu, quraqlığın nəticəsidir. Bununla buxarlanmalar və su itkilərimiz çoxalır. Bütün bunlar nəzərə alınaraq, ölkədə kifayət qədər tədbirlər həyata keçirilir. Çaylardan götürülən suyun qənaətlə istifadə olunması, israfçılığa yol verilməməsi ölkədə ETSN tərəfindən aparılan əsas işlərdən biri olub.
Son dövrlər həmçinin Xəzər dənizinin səviyyəsi azalmağa doğru gedir. Bu tendensiya mütəmadi baş verir:
“Bu, neçə yüz illər əvvəl də baş verib. Azalma və qalxmalar olub. Həm də çaylarımızda su səviyyəsində azalmalar müşahidə olunur. Azərbaycanda 20 ildə çayların suyu 10-15 faiz azalıb. Bu həm də Volqa, Ural çaylarına aid edilir. Bu azalmalar, digər hidroloji amillər Xəzər dənizinin də suyunun azalmasına gətirib çıxarır. Hazırda bu, kritik həddə gətirib çıxarmayıb. Amma bu hal baş verir və hesab edirik ki, müəyyən dövrdən sonra vəziyyət stabilləşəcək. Proqnozlar göstərir ki, stabilləşmə mütəmadi baş verir. Bununla bağlı narahatedici amil görmürük”.
Şöbə müdiri qeyd edib ki, hövzə prinsipi ilə bağlı qanunvericilik aktları yoxdur:
“Biz çaylarımızı hövzə prinsipi ilə idarə etsək, hardasa suyun bol, hardasa az olması ilə rastlaşmayacağıq. Hövzə prinsipinin tətbiqinə nail olsaq, suyun rejimi, bölüşdürülməsi ilə bağlı bir çox məsələlər öz həllini tapa bilər”.
Hövzə şuralarının yaradılması, hövzə prinsipi ilə idarə olunması, çayların idarəedilmə planlarının hazırlanması dövlət səviyyəsində tətbiq olunması qarşıda duran məqsədlərdəndir: “Artıq su ilə bağlı tədbirlər planında Milli Strategiyanın hazırlanması məsələsi qoyulub. Bu il ərzində strategiyanı hökumətə təqdim edəcəyik. Bu sahədə qurumların rəyləri öyrənilir”.
Şöbə müdiri qeyd edib ki, gələcəkdə yağış sularından da istifadə ediləcək. Bir çox ölkələrdə, o cümlədən qardaş Türkiyədə belə təcrübə var. Yağış sularının idarə olunması ilə bağlı da qanunvericilikdə yenilənməyə, təkmilləşməyə ehtiyac duyulur. Bakının yeni hazırlanan Baş planında bu məsələlər aktuallığı ilə qeyd olunacaq. Qanunvericilikdə müvafiq dəyişikliklər ediləcək ki, yağış suları bilavasitə dənizə axıdılmasın, yığılsın, bu sudan gələcəkdə istifadə üçün su anbarları tikilsin. Həmçinin, subartezian, artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı ilə bağlı qaydalar hazırlanır.
“Su israfının qarşısı alınmalı, suyun bölüşdürülməsinə şəffaf nəzarət olmalıdır”
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri E.Bayramlı “Şərq”ə açıqlamasında qeyd edib ki, dövlət büdcəsindən və kənar fondlardan ən çox vəsait alanlardan biri su təsərrürafıdır. Əgər burada korrupsiya hallarına yol verilməsə, düzgün və effektiv idarəetmə təşkil olunsa, bu nəhəng pullarla ölkəni cənnətə çevirmək olar:
- Respublikada suvarılmadığından istifadə olunmayan milyonlarla hektar torpaq sahələri var. Oralara kanallar çəkib, artezian quyuları qazıb, suvarma sistemi qurub böyük təsərüfatlar salmaq, böyük həcmdə ərzaq istehsalı təşkil etmək olar. Nəticədə ölkədə bolluq və ucuzluq yaranar, ölkə ərzaq idxalından azad olar, hətta ixrac edib ölkəyə xeyli valyuta gətirə bilər. Üstəlik, bunun nəticəsində yüngül və yeyinti sənayesi də inkişaf edər. Əhalinin sosial durumu da xeyli yaxşılaşar.
Yəni hazırda aqrar sektorda ən böyük problem su problemidir. Ümumiyyətlə, Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizdən çoxu ölkədən kənardakı mənbələrdən formalaşır. Qlobal su böhranı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər.
Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir, təhlükənin qarşısını almaq üçün əsaslı layihələr işlənməlidir. Bununla bağlı ciddi strateji proqram hazırlanmalı və təcili icrasına başlanmalıdır. Su israfının qarşısı alınmalı, suyun bölüşdürülməsinin uçotuna şəffaf və mükəmməl nəzarət sistemi olmalıdır - həm dövlət, həm də qeyri-hökumət təşkilatları və media tərəfindən. Su anbarlarının və artezian quyularının sayı sürətlə və kəskin artırılmalıdır. Ərzaq sənayesinə aid olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır.
Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrdə, sənaye müəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun. Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilməlidir. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.