Oqtay Gülalıyev xüsusi təyyarə ilə İstanbula aparıldı
O, müalicəsini Heydər Əliyev Fondunun dəstəyi ilə İstanbulda yerləşən Avrasiya xəstəxanasında davam etdirəcək...
Oktyabrın 29-da yolu keçən zaman avtomobillə vurularaq ağır xəsarət alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi Türkiyədəki xəstəxanaların birində davam etdiriləcək.
Bununla bağlı ictimaiyyəti hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva məlumatlandırıb.
O bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi müayinə ediblər: “Vəziyyəti ağır olduğundan müalicəsinin Türkiyədə davam etdirilməsinə qərarı verildi. Biz də razılıq verdik”.
F.Gülalıyeva Heydər Əliyev Fonduna, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Türkiyədən gələn həkimlər bildiriblər ki, onun Azərbaycanda müalicəsi də mümkündür. Sadəcə olaraq, ailəsinin istəyi ilə Türkiyəyə aparırlar.
Noyabrın 6-da səhər saatlarında ailəsinin istəyi ilə Oqtay Gülalıyev xüsusi ayrılmış təyyarə ilə Türkiyə Respublikasına aparılıb. O, İstanbulda yerləşən Avrasiya xəstəxanasına yerləşdirilib. Oğlu Təbriz Gülalıyev status yazaraq bildirib ki, Türkiyədən gələn həkimlərin sözlərinə görə, Oktay Gülalıyevin həyatda qalma şansı 20%-dir: “Və bildirdilər ki, indiki durumda aparılmasında maneçilik olmasa da, həyatda qalması ilə bağlı konkret söz deyə bilmərik”.
Firuzə Gülalıyeva ile ilgili görsel sonucu
Qeyd edək ki, oktyabrın 29-da saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib. Ailə üzvləri və digər ictimai şəxslər bu hadisənin qəsdən törədildiyini iddia etsələr də, yayılan rəsmi məlumatda bütün bunların doğru olmadığı bildirildi. Belə ki, oktyabrın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda aşağıdakılar qeyd edildi:
“Sürücü Kənan Abdullayevin taksi fəaliyyəti ilə məşğul olması, onun hərəkət marşrutunun piyada Oktay Gülalıyevin hərəkət istiqamətindən fərqlənməsi, zərərçəkmiş şəxsi əvvəlcədən tanımaması, hadisədən təxminən iki saat əvvəl peşəsi ilə bağlı olaraq şəhərin mərkəzindən müəyyən məsafədə uzaqlaşması və müştərilərinin tələbi ilə 28 May küçəsinə qayıtması, hadisənin baş verdiyi yerin və vaxtın sürücünün gündəlik taksi xidməti göstərdiyi hərəkət marşrutunun üzərində yerləşməklə eyni vaxta təsadüf etməsi, Kənan Abdullayevin qəzadan sonrakı hərəkətləri hadisənin ehtiyatsızlıqdan baş verməsini təsdiqləməklə Oqtay Gülalıyevin qəsdən vurulması ehtimalını tamamilə istisna edir.
Bununla bərabər, ilkin sübutlarla sürücü Kənan Abdullayevin hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75.1-ci maddəsinin, yəni “Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir” tələbinin pozuntusu müəyyən edilib
Cinayət işinin istintaqı zamanı hadisə yerinə və nəqliyyat vasitəsinə baxış keçirilmiş, sürücü sərxoşluq və narkoloji müayinələrə cəlb olunaraq hər hansı qanunazidd hal aşkar edilməyib. Kənan Abdullayevin avtomobili nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiqləyən sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi müəyyənləşdirilib.
Əli RAİS,