AMEA Dendrologiya İnstitunun :"Son dövrlər meşələrdən səmərəsiz və intensiv istifadəsi nəticəsində bəzi bitkilərin arealları qısalmış, bəzi növlər öz areallarını tamamilə dəyişmişdir"
Azərbaycan Milli Elmlər Akademiyası Dendrologiya İnstitutunun bir qrup əməkdaşları 12-17 iyul 2019-cu il tarixlərində elmi tədqiqat işlərinin tematik planına əsasən, mərhələlərə uyğun olaraq Kiçik Qafqazın şimal-şərq hissəsində elmi ezamiyyətdə olmuşlar. “Herbari və toxumçuluq” laboratoriyasının əməkdaşları Qızılca və Korçay Dövlət Təbiət Yasaqlığı ərazilərinin ağac-kol bitkilərinin taksonomik tərkibini, yayılma areallarını tədqiq etmiş, toxum və herbari nümunələri toplamışlar. “Ağac-kol bitkilərinin introduksiyası və iqlimləşdirilməsi” laboratoriyasının əməkdaşları Gəncə-Qazax bölgəsinin mədəni dendroflorasını araşdırmışlar. “Dendroxronologiya” laboratoriyasının əməkdaşları tərəfindən Yevlax rayonu meşə ekosistemlərinin qiymətləndirilməsi üzrə müşahidələr aparılmışdır. Eyni zamanda “Göygöl ərazisinin dendroflorasının təhlili əsasında nadir və nəsli kəsilməkdə olan növlərin təbii bərpa yollarının seçilməsi” mərhələsi üzrə monitorinq aparılmış, nadir və nəsli kəsilməkdə olan növlər, onların arealları müəyyənləşdirilmişdir. Ekspedisiya ərəfəsində əməkdaşlarımız tərəfindən aparılan monitorinq zamanı Respublikamızın flora biomüxtəlifliyi, o cümlədən ağac və kolların növ tərkibi, bioekoloji xüsusiyyətləri, yayılma arealları kompleks şəkildə tədqiq edilmişdir.
Məlum olmuşdur ki, son dövrlər meşələrdən səmərəsiz və intensiv istifadəsi nəticəsində bəzi bitkilərin arealları qısalmış, bəzi növlər öz areallarını tamamilə dəyişmişdir.Azərbaycanda nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri təhlil edilmiş, yeni növlərin “Qırmızı kitab”a daxil edilməsi, Eyni zamanda bioloji müxtəlifliyin mühafizəsi istiqamətində əhalinin mətbuat vasitəsilə vaxtaşırı məlumatlandırılması tövsiyyə edilmişdir.
AMEA Dendrologiya İnstitunun məlumatı