azia.az
azia.az

DAŞKƏSƏNDƏ XOCALI SOYQIRIMININ 27-Cİ İLDÖNÜMÜ DƏRİN HÜZNLƏ QEYD EDİLİB

26-02-2019, 15:39

DAŞKƏSƏNDƏ XOCALI SOYQIRIMININ 27-Cİ İLDÖNÜMÜ DƏRİN HÜZNLƏ QEYD EDİLİB

DAŞKƏSƏNDƏ XOCALI SOYQIRIMININ 27-Cİ İLDÖNÜMÜ DƏRİN HÜZNLƏ QEYD EDİLİB

Azia.az-a verilən məlumata görə: Xocalı soyqırımının günahkarları öz layiqli cəzalarını alacaqlar. Çünki bu dəhşətli cinayət cəzasız qala bilməz.

ƏHƏD ABIYEV

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin müvafiq sərəncamına əsasən Xocalı faciənin 27-ci ildönümünün rayonda geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanmış, fevral ayının 12-dən 26-dək silsilə tədbirlərlə həyata keçirilmişdir.

Fevralın 26-da isə Daşkəsən rayon ictimaiyyətinin 4 mindən çox nümayəndəsinin iştirakı ilə rayonun Şəhidlər xiyabanında anım mərasimi keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayon Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə gül dəstəsi qoyub.

Rayon rəhbərliyi, hərbçilər, ictimaiyyət nümayəndələri və sakinlər şəhid məzarlarını ziyarət edib, tər güllər və çiçəklər düzüblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ümumrayon anım mərasimində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

Əhəd Abıyev ümumrayon anım mərasimində çıxış edib. O, çıxışında deyib:

- İyirmi yeddi il əvvəl – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırım hadisəsi və beynəlxalq cinayət kimi təsdiq olunmuşdur. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımının onilliyi münasibətilə Azərbaycan xalqına müraciətində belə demişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq, etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Bunun nəticəsində də soydaşlarımız öz tarixi dədə-baba torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmişdir.

Erməni təcavüzkarlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyanı 1988-ci ildən yenidən reallaşdırmaq cəhdləri, Dağlıq Qarabağ ətrafında başlayan qanlı hadisələr kənd və şəhərlərimizin dağılması, on minlərə günahsız soydaşlarımızın ölümü, bir milyondan artıq azərbaycanlının didərgin düşməsi ilə nəticələndi. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını bu gün də nümayiş etdirirlər. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin tərkib hissəsidir.

Mən çıxışımda faciənin tarixinə bir daha nəzər salacağam. Belə ki, 25 il bundan qabaq fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirərkən burada yalnız 3 minə yaxın insan var idi. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. Bir neçə saat ərzində 613 nəfər soydaşımız, o cümlədən 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onların 150-nin taleyi indi də naməlumdur.

Qanlı Xocalı qırğınını törətməklə Dağlıq Qarabağın hüdudlarından kənara çıxan Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təcavüzə başladı. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı 20 min vətəndaşımız öldürüldü, 50 min nəfərdən çox adam yaralandı və əlil oldu, ölkəmizin 20 faiz ərazisi işğal edildi, bir milyondan çox soydaşımız didərgin düşdü, xalqımız misli görünməyən humanitar fəlakətlərlə üzləşdi.

Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dövlətimiz, eləcə də xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporları tərəfindən dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılır, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almaqdadır.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı çox hörmətli cənab İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir və Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq iş aparılır. Artıq Amerikada və dünyada Xocalı soyqırımını tanıyan və pisləyən ştatların və dövlətlərin sayı ildən-ilə artır.

Bu gün Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının borcudur. Xocalı faciəsi Azərbaycan xalqının heç vaxt unudulmayacaq və ibrət dərsi götürüləcək qan yaddaşıdır. Xocalı soyqırımının tanınması ilə bağlı əldə olunan təqdirəlayiq nəticələr onu deməyə əsas verir ki, bu faciəni törədənlər gec-tez

ədalət mühakiməsi qarşısına çıxacaq, öz dəhşətli cinayətlərinə görə cavab verməli olacaqlar. Bildiyiniz kimi, rayonumuz cənub-qərbdən 8 kilometr Ermənistan, 23 kilometr işğal altında olan Kəlbəcər rayonu ilə həmsərhəddir. Bu, biz daşkəsənlilərin mübarizə ruhunu daha da alovlandırır. Əminik ki, gec-tez işğal altında olan tarixi torpaqlarımız möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunacaqdır.

Milyonlarla həmvətənlərimiz kimi biz daşkəsənlilər də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ulu öndər Heydər Əliyev siyasətinin müdrikliyində və həmin siyasi kursu layiqincə davam etdirən ölkə başçısı çox hörmətli cənab İlham Əliyevin məqsədyönlü fəaliyyətində görürük.

Əgər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev əmr verərsə ki, müharibə yolu ilə torpaqlarımızı azad edək, o zaman bütün Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycan ordusu, şübhəsiz ki, bu tapşırığı layiqincə icra edəcəkdir.

Xalqımız, o cümlədən də biz daşkəsənlilər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayır və bu günün uzaqda olmadığına inanırıq.

Biz əminik ki, Xocalı soyqırımının günahkarları öz layiqli cəzalarını alacaqlar. Çünki bu dəhşətli cinayət cəzasız qala bilməz.

Allah Xocalı şəhidlərinə və bütün şəhidlərimizə rəhmət eləsin, əziz ruhları şad olsun!

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi