azia.az
azia.az

Argentinada Xocalı soyqırımının qurbanları anılıb

23-02-2016, 10:22

Argentinada Xocalı soyqırımının qurbanları anılıb Azərbaycan Respublikasının Argentinadakı Səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə anım tədbiri keçirilmişdir.
Bu barədə Azərbaycanın Argentinadakı səfirliyindən məlumat verilib.
Səfirlik və Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrası tərəfindən təşkil olunmuş tədbirdə həmin Universitetin professor-müəllim heyətinin üzvləri və 2015-ci ildə keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə qatılmış tələbələr iştirak etmişdir.
Tədbirdə çıxış edən Səfirliyin müvəqqəti işlər vəkili Rəşad Aslanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və onun həlli istiqamətində aparılan danışıqlar haqqında ətraflı məlumat vermişdir. Tədbir iştirakçılarına 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırım, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilmiş, güclü erməni diasporası olan Argentinada da Xocalı, ümumilikdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin yayılmasının zəruriliyi qeyd edilmişdir.
Daha sonra çıxış edən Azərbaycanşünaslıq kafedrasının əlaqələndirici professoru Paulo Botta Xocalıda baş vermiş soyqırımın danılmasının qeyri-mümkünlüyünü, Argentinada həmin hadisələrlə bağlı məlumatlılığın artırılmasının zəruriliyini bildirmişdir. Azərbaycana səfəri ilə bağlı xatirələri ilə bölüşən P.Botta torpaqlarının 20%-nin işğal altında olmasına, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə baxmayaraq Azərbaycan tərəfinin sülh istədiyini, münaqişənin sülh yolu ilə həllinə çalışdığını xüsusi vurğulamışdır.
Tədbirdə habelə 2015-ci ildə Argentinada keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə “Haqqında danışılmayan soyqırım” başlıqlı inşa ilə qatılmış insan hüquqları və humanitar hüquq sahəsində mütəxəssis Fabio Pistritto çıxış etmişdir.
F.Pistritto yazısı ilə bağlı araşdırma apardığı zaman Argentina cəmiyyətində Xocalı soyqırımı ilə bağlı çox məhdud məlumatın olmasını bildirmiş və bu istiqamətdə daha çox iş aparılmasının zəruriliyini qeyd etmişdir.
Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilmiş, tədbir iştirakçılarına Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ispan dilində kitab və jurnallar təqdim olunmuşdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi