Küveyt mətbuatı Xocalı soyqırımından yazıb
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Küveyt mətbuatında məqalələr dərc olunub.
Gün.Az-a ölkəmizin Küveyt Dövlətindəki səfirliyindən verilən məlumata görə, məqalələr gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik olan “Əl-Ənbə”, “Əl-Kuwaityah” qəzetlərində”, həmçinin “Manşet” internet portalında çıxıb.
Yazılarda 1992-ci ilin 26 fevral tarixində Xocalıda 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açılıb.
Qeyd edilib ki, erməni silahlı qüvvələri müasir silahlardan istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki əhalisinə qarşı vəhşi qətliam cinayəti həyata keçirmişdir. Bu genosid aktı XX əsrin ən qanlı cinayətlərindən biri kimi, II Dünya müharibəsi zamanı nasistlərin törətdiyi cinayətlərlə müqayisə olunur. Həmin qanlı gündə terrorçu erməni silahlı qüvvələri keçmiş SSRİ-nin o zamanlar həmin regionda yerləşdirilmiş 366 saylı motoatıcı alayının yardımı və iştirakı ilə Xocalı şəhərinə hücum edib.
Bu soyqırım zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfəri qətlə yetirilib, 70 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 vətəndaşımız ağır yaralar alıb, 150 nəfər itkin düşüb, 1275 nəfər girov götürülüb. 26 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 56 nəfər xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirilib, başları kəsilib, başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb.
“24 il öncə Xocalıda bir soyqırım törədilib. Bu qəddar vəhşiliyin soyqırım olması bütün faktlarla, təsdiq edilməkdədir. Bununla əlaqədar foto-şəkillər, video-görüntülər, azərbaycanlı, rus, erməni şahidlərin ifadələri mövcuddur”, məqalədə deyilir.