“Dini radikallığa və ekstremizmə qarşı mübarizə yolları” mövzusunda tədbir keçirildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Xətai rayonunda yerləşən 5 saylı Bakı Peşə Liseyində “Dini radikallığa və ekstremizmə qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Gün.Az-ın məlumatına görə, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov, liseyin direktoru Fikrət Nəbiyev, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov dini radikallığa və ekstremizmə qarşı mübarizənin əhəmiyyətindən, eləcə də gənclər arasında maarifləndirmə işinin vacibliyindən söhbət açıb.
Məlumat verilib ki, Xətai rayonunda mütəmadi olaraq gənclərin dini maarifləndirilməsi istiqamətində tədbirlər keçirilməkdədir.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edilməsinin və multikultural dəyərlərin ictimai həyatımızda böyük əhəmiyyətə malik olmasının önəmini vurğulayıb.
Bildirilib ki, ölkəmizdə dini radikalizmlə mübarizə məqsədilə həm ideoloji, həm də hüquqi-inzibati müstəvidə zəruri addımlar atılır, genişmiqyaslı maarifləndirmə tədbirləri təşkil olunur.
Tədbirdə çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbənin müdir müavini Ceyhun Əliyev, Xətai rayon Ağsaqqallar şurasının sədri Qurban Əlizadə, Qafqaz Müsəlmanları İdarəsinin Xətai rayonu üzrə səlahiyyətli nümayəndəsi və Əhmədli qəsəbə məscidinin axundu Murad Cəfərov Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlikdən və əmin- amanlıqdan bəhs edərək ölkə rəhbərliyinin bu istiqamətdəki fəaliyyətini alqışladıqlarını bildiriblər.
Dini radikalizm və ekstremizlə mübarizənin hər bir vətəndaşın borcu olması dinləyicilərin diqqətinə çatdırılıb.
Sonda DQİDK-nın sifarişi əsasında hazırlanmış və dini radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi olub.