24 İyun Agentlik tərəfindən Bakı şəhəri, Sabunçu rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə
Azia.Az xəbər verir ki, 2020-ci il 24 İyun tarixində saat 19:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 20:10-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində sahilyanı ərazidə 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Sabunçu rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri, Sabunçu rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Top mərmisinin ətrafında 1 000 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 24 iyun 2020-ci il tarixlərində 153 siqnal (əməliyyat çağırışı) əsasında 137 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 385 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə mina və 6 660 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 66 615 kv.m ərazi yerüstü və 9 226 kv.m ərazi yeraltı yoxlanılmışdır.