2020-ci il 18 İyun tarixində Agentlik tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə
Azia.Az xəbər verir ki, 2020-ci il 18 İyun tarixində saat 22:39-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Binəqədi rayonu, İsfəhani küçəsi döngə 3 ünvanında 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi rayon Polis İdarəsinin və Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının (103 xidməti) əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Bakı şəhər Baş Polis İdarəsinin Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 18 iyun 2020-ci il tarixlərində 149 siqnal (əməliyyat çağırışı) əsasında 134 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 369 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə mina və 6 660 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 64 965 kv.m ərazi yerüstü və 8 976 kv.m ərazi yeraltı yoxlanılmışdır.