22 İyunda Agentlik tərəfindən Xızı rayonu ərazisində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə
Azia.Az xəbər verir ki,2020-ci il 22 İyun tarixində saat 09:36-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Xızı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunmuş, ətrafında 500 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış zamanı əlavə olaraq 2 ədəd F-1 əl qumbarası və 10 ədəd UZRQM partladıcısı tapılaraq zərərsizləşdirilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 22 iyun 2020-ci il tarixlərində 150 siqnal (əməliyyat çağırışı) əsasında 135 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 382 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə mina və 6 660 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 65 465 kv.m ərazi yerüstü və 9 076 kv.m ərazi yeraltı yoxlanılmışdır.