ÖLKƏDƏN YÜZ MİLYONLARI KİMLƏR ÇIXARIR? – “Adını da qoyurlar ki, guya xaricdən nəsə alırlar...”
Son illər ərzində müxtəlif şəxslər tərəfindən Azərbaycandan on milyonlarla dollar çıxarılıb, amma geri qaytarılmayıb. Həmçinin ölkədən ixrac olunan məhsullardan əldə olunan vəsaitlər xaricdə qalıb. Prokurorluq cinayət işi açıb, xeyli sayda sahibkar həbs edilib…
Bu xəbər Azərbaycan ictimaiyyəti üçün yeni sayılır. Media adətən məmurların və onlara bağlı monopolist şirkətlərin Azərbaycandan irihəcmli vəsaitləri çıxararaq müxtəlif ölkələrin iqtisadiyyatına yatırdığı haqda məlumatlar yayır. Bu vəsaitlər offşor hesablar üzərindən Avropa və ərəb ölkələrində daşınmaz əmlaka, biznesə, şirkətlərin səhmlərinə yatırılır. Amma ictimailəşən məlumatlar çox vaxt aidiyyatı dövlət qurumlarının “diqqətini çəkmir”.
Qanunvericiliyə görə, biznes subyektlərinin idxal-ixrac əməliyyatları çərçivəsində ölkədən çıxardığı valyuta müəyyən müddətdən sonra məhsul və ya pul şəkilində geri qayıtmalıdır. Xəbərlərdən məlum olur ki, yüz milyonlarla vəsait çıxarılıb, qoyulan vaxt limiti də bitib, amma pullar vətənə dönməyib.
Məsələn, oktyabrın 25-də Dövlət Gömrük Komitəsindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş materiallar əsasında cinayət işləri başlanıb. Prokurorluğun məlumatında qeyd olunur: “...İstintaqla Məmmədov Tərlan Firuddin oğlu, Hüseynov Gündüz İsmayıl oğlu, Rezzahnicat Hafiz Malik oğlu, Əmrahov Elşən Bayram oğlu, İmanov Röyal Mahir oğlu, Nəsirov İntiqam Feyruz oğlu, Əlimərdanov Nicat Kərim oğlu və qeyrilərinin cinayətkar niyyətlə təsis etdikləri “Xaçmaz Aqro”, “Natural Fruit”, “Fresh Fruits Group”, “Global Trade Group”, “Garden Store” və digər məhdud məsuliyyətli cəmiyyətlərlə xarici ölkələrdə fəaliyyət göstərən şirkətlər arasında müxtəlif növ kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müqavilələr bağlayaraq əldə olunan ümumilikdə 340 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 578 milyon manatdan artıq) vəzifə səlahiyyətlərindən sui-istifadə edib Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmamalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında həmin şəxslərə Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və digər maddələri ilə ittiham elan edilib.
Adıçəkilən şəxslərin bir qrupu haqda məhkəmənin qərarı ilə həbs, bəziləri isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib”.
Prokurorluğun dünən yaydığı məlumatda isə qeyd olunur ki, xaricə ixrac olunan 84 milyon manatdan artıq dəyərdə kənd təsərrüfatı məhsulundan əldə olunan pul vəsaitləri ölkəyə qaytarılmayıb. Nəticədə bir qrup şirkət rəhbəri, sahibkar barəsində cinayət işi açılıb, həbs qərarları çıxarılıb.
Prokurorluğun məlumatında qeyd olunur ki, hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitini Azərbaycana qaytarmamış şəxslər barəsində prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır və zəruri tədbirlər icra olunur.
Maraqlıdır, ekspertlər cinayət işləri, həbslər haqda nə düşünürlər?
İqtisadçı Rövşən Ağayev “AzPolitika”-ya şərhində bildirir ki, qanunvericiliyə əsasən əgər mal ödənişi sonradan edilmək şərtilə xaricə satılırsa, maksimum 720 gün ərzində pul ölkəyə qayıtmalıdır. Onun sözlərinə görə, qayıtmadığı halda müvafiq maddələrə uyğun olaraq cinayət əməli sayılır. “Bu, həm də birbaşa ölkədən qanunsuz pul çıxarmaq sayılır”, - o əlavə edir
R.Ağayev vurğulayır ki, son zamanlar sözügedən əməliyyatları aparanlara qarşı mübarizə güclənib: “Onların üstünə möhkəm düşüblər. Çünki sahibkarlar ölkədə özlərini və kapitallarını təhlükəsiz saymadıqları üçün imkan düşdükcə bu yolla pullarını ölkədən çıxarırlar. Amma aydındır ki, bu sərtlik yüksək çinli məmurlara bağlı iş adamlarına aid deyil...”
İqtisadçı qeyd edir ki, ixraçatçı şirkət və ya sahibkarın xaricdəki partnyoru ilə bağladığı müqavilə və digər sənədlərin bir nüsxəsi pul köçürdüyü bankda saxlanır. “Bank bütün bu məlumatları Mərkəzi Banka ötürür, Mərkəzi Bank həmin köçürməni 720 gün nəzarətdə saxlayır. Vaxt ötən kimi sanksiya və cərimə tətbiqinə start verir. Bununla da məsələ həll edilmədikdə hüquq-mühafizə orqanları məlumatlandırılır”, - o əlavə edib.
Bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov “AzPolitika”-ya şərhində bildirib ki, Cinayət Məcəlləsinin 208-ci maddəsində qaytarılmamış xarici valyuta vəsaiti yuxarı olduqda cinayət məsuliyyəti müəyyənləşdirilib. Ekspert qeyd edir ki, əgər sahibkarın xaricdən aldığı məhsul 2 il ərzində ölkəyə gəlmirsə və həmin malın dəyəri 20 min manatdan çoxdursa, bu zaman cinayət işi açılır.
Ə.Həsənov vurğulayır ki, bəzən sözügedən məhsul sahibkardan asılı olmayan səbəblərə görə ölkəyə idxal edilmir: “Burada xüsusi bir məqama diqqət yetirmək lazımdır. Bəzən ola bilər ki, burada sahibkarın heç bir günahı olmasın. Məsələn, sahibkar xaricdəki tərəfdaşla müqavilə bağlayıb və ondan asılı olmayan səbəblərə görə malı ala bilməyib. Ola bilər ki, xaricdən malı göndərən şəxs hansısa bir dələduzdur, satıcı müflis olub və ya bəlkə də malı göndərib, amma yolda itib və s. Bu zaman sahibkar sübut etməlidir ki, burada həqiqətən də onun heç bir günahı yoxdur”.
Ekspert əlavə edir ki, sözügedən maddənin mahiyyəti Azərbaycandan qanunsuz yollarla xaricə valyuta axınının qarşısını almaqdır: “Əslində bu cür işlərlə adətən adi adamalar məşğul olmurlar. Bunu iri məmurlar edirlər. Onlar korrupsiya, rüşvət yolu ilə qazandıqları vəsaitləri guya nəsə almaq adı ilə xaricə çıxarırlar. Dediyim kimi, adını da qoyurlar ki, guya xaricdən nəsə alırlar. Amma əsas məqsəd əldə etdikləri valyutanı Azərbaycanda saxlamamaqdır”. Mənbə:https://teref.az/manset/353451-olkeden-yuz-milyonlari-kimler-cixarir-.html