Əliməmməd Nuriyev: "Millət vəkili mandat arxasında gizlənməli deyil"
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev VII çağırış Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini 75 saylı Yardımlı-Masallı seçki dairəsindən irəli sürüb. Bu məqsədlə imza toplama kampaniyasını qısa zamanda başa çatdırdıqlarını bildirir:
"Çox qısa zaman kəsiyində bu işi başa vurduq, döydüyümüz hər qapıda, ayaq basdığımız hər ünvanda, ailədə, ocaqda böyük hörmət, yeniliyə olan ehtiyacı, arzuları gördük. Allahın köməkliyi ilə bu günlərdə imza vərəqələrini və digər sənədləri DSK-ya təqdim edəcəyik."
QHT.az xəbər verir ki, Ə. Nuriyev, bölgənin nüfuzlu şəxsləri və tanınmış həmyerliləri ilə mütəmadi olaraq əlaqə saxladığını və seçki kampaniyasına böyük dəstək olduğunu vurğulayıb:
"Artıq problemlər, həlli yolları ilə əlaqədar təkliflər irəli sürülür. İrəli sürdüyümüz fikirlərə böyük dəstək var, hətta hər gün şəxsən tanımadığım onlarla insan əlaqə saxlayır. Bu təkliflər sistemləşdirilir."
O, xüsusilə əhalinin həssas təbəqəsinin sosial müdafiəsi, məşğulluq, kənd təsərrüfatı, təbii qazla təchizat, sahibkarların kreditlərə çıxışı, abadlıq, təhsil, səhiyyə, yollar, emal sənayesi və narkotiklərə qarşı mübarizə ilə əlaqədar məsələlərin ön planda olduğunu qeyd edib:
"Əlbətdə ki, hamı başa düşür, millət vəkilinin elə imkanları yoxdur ki, bu problemləri həll etmək iqtidarında olsun. Lakin insanlar düşünür ki, bu məsələlər gündəliyə gətirilməlidir. Bu məsələlər mətbuatda, tədbirlərdə və Milli Məclisdə səsləndirilməlidir. Yerli dövlət orqanları ilə daim müzakirə edilməlidir, millət vəkili bölgənin ritmi ilə yaşamalıdır, insanların səsi olmalıdır."
Əliməmməd Nuriyev seçicilərin fəal və real millət vəkili istədiklərini də əlavə edib:
"Millət vəkili mandat arxasında gizlənməli deyil, mandatla problemlərlə məşğul olmalıdır, bölgənin dərdi-sərini səlahiyyətli şəxslərə çatdırmalıdır. 'Hər şey yaxşıdır'- deyib, yaxasını kənara çəkməməlidir. Millət vəkili daim insanların arasında olmalıdır. Seçicilərin gözləntisi budur. Bunu da, çox açıq deyirlər ki, fəal millət vəkili istəyirik. İstəyirik, bölgənin dərdi-sərinini ən azı danışsın... Çox uzatmaq istəmirəm, amma insanlar real millət vəkili istəyirlər..."