azia.az
azia.az

Pulsuz məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

3-10-2016, 09:25

Pulsuz məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb
Bu gündən Bakının 254 məktəbində pulsuz məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Lent.az-a verilən məlumata görə, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.

Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib.

Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək. 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planına əsasən, məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub. Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək. Qruplarda təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd ediləcək, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndiriləcək və bu barədə valideynlərə məlumat veriləcək.

Mayın 31-dək həftədə 4 gün olmaqla fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq və vərdişlərin formalaşdırılmasıdır. Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi