"Məktəbəqədər hazırlıq kursları ödənişsiz olacaq" - Təhsil naziri
"Azərbaycanın orta məktəblərində məktəbəhazırlıq qruplarının təşkili nəticəsində uşaqların dünya görüşü dəyişəcək".
Təhsil naziri Mikayıl Cabbarov deyib ki, buna marağın yüksək olması gözlənilir. Bu qruplara qəbulun tamamilə könüllü olduğunu deyən M.Cabbarov vurğulayıb ki, istənilən valideyn övladının məktəbəqədər hazırlığa cəlb olunmasına qərar verə bilər: “Bunun üçün hər bir şərait yaradılacaq. Məktəbəqədər təhsil ölkənin orta və uzunmüddətli inkişafına təsir edən ən vacib təhsil pilləsidir. "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda məktəbəqədər təhsillə bağlı hazırlığın səviyyəsinin qeyri-qənaətbəxş olması qeyd edilir və məqsəd kimi qarşıya qoyulur ki, məktəbəqədər təhsillə əhatə ölkə üzrə 90 faizə çatdırılsın. Hazırda bu göstərici 20 faizdən aşağıdır”.
M.Cabbarovs qeyd edib ki, Təhsil Nazirliyi iki il əvvəl pullu məktəbəqədər hazırlıq kurslarını yaratmağa başlayıb. Onun sözlərinə görə, kursların pullu olmasının səbəbi dövlət büdcəsində məktəbəqədər hazırlıq üçün Təhsil Nazirliyinə hər hansı vəsaitin ayrılmaması olub: “Çünki uşaq bağçaları yerli icra hakimiyyətləri tərəfindən maliyyələşdirilir. Bu layihə iki il ərzində uğurla icra olunub və minlərlə uşaq bu kurslara cəlb edilib. Bu, həmin uşağın gələcək təhsil göstəricilərinə birbaşa təsir göstərir. Belə bir vəziyyəti müşahidə edərək Təhsil Nazirliyi və Maliyyə Nazirliyi Nazirlər Kabinetiqarşısında vəsatət qaldırdı ki, praktika bütün ölkə üzrə tədbiq edilsin. Bu, gələcəkdə ödənişli əsaslarla olmayacaq, dövlət büdcəsi hesabına hər bir vətəndaş üçün belə imkan yaradacaq. Maddi-texniki bazası imkan verən məktəblərdə məktəbə hazırlıq kursları təşkil ediləcək”.