azia.az
azia.az

Büdcəni boşaldan lüzumsuz xərclər: Hökumət kimin pulunu kəsəcək? - GƏLİŞMƏ

26-10-2020, 08:34


Baş nazir Əli Əsədov hazırkı vəziyyətdə zəruri olmayan tədbirlərə və lüzumsuz ezamiyyətlərə sərf olunan büdcə xərclərinin azaldılmalı olduğunu deyib.
Büdcəni boşaldan lüzumsuz xərclər: Hökumət kimin pulunu kəsəcək? - GƏLİŞMƏ
Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin, icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri mövzusunda keçirilən iclasda çıxış edən Baş nazir deyib ki, prioritet olmayan tədbirlərin keçirilməsinə üstünlük verilməməli, bu istiqamətdə xərclər optimallaşdırılmalı, o cümlədən lüzumsuz ezamiyyətlər və əlaqəli xərclər azaldılmalıdır.

Bu da o deməkdir ki, gələn ilin büdcəsində dövlət qurumlarına ayrılan vəsaitlər azaldılacaq.

İqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya açıqlamasında deyib ki, mövcud vəziyyət dövlət vəsaitlərinin daha səmərəli istiqamətdə sərf olunmasını tələb etdiyi üçün dövlət yeni mexanizmlər düşünür:

“Yeni yaranmış çağırışlar dövlət vəsaitlərinin səmərəli istifadə edilməsinə, effektiv olmayan və az zəruri xərclərin təxirə salınmasına zərurət yaradıb. Bu baxımdan da hökumət məcburdur ki, bu istiqamətdə qərarlar qəbul etsin. Uzun müddətdir ki, dövlət vəsaitinin idarə edilməsi ilə bağlı nöqsanlar müzakirə olunur. Ciddi yeyintiyə səbəb olan, korrupsiya predmetinə çevrilən vəsaitlərin vəsaitlərin hansısa formada qarşısının alınması və ictimai nəzarətin təşkil olunması məsələləri gündəmə gətirilir. Hökumət vəziyyətin yaxşı olduğu zamanlarda bu kimi tövsiyələrə diqqət etmir. Amma hazırda situasiya tamamilə dəyişib. Dövlət gəlirləri ilə bağlı çətinliklər yaranıb. Belə bir şərtlər daxilində hökumət məcburdur ki, müəyyən qədər vəsaitlərin daha səmərəli istifadəsi ilə bağlı mexanizmlər hazırlayıb, yanaşma ortaya qoysun. Düşünürəm ki, bu mənada həm tədbirlərin təşkili, həm ezamiyyələrlə bağlı xərclərin azaldılması şərtdir. Ezamiyyələr dedikdə, bura həm daxili, həm də xarici ezamiyyələr daxildir. Eyni zamanda infrastrukturla bağlı xərclərin səmərəliliyinin artırılması, dövlət büdcəsinin strukturunda sosial təyinatlı xərclərin çəkisinin artırılması kimi müxtəlif yanaşmalar, fərqli qiymətlərndirilmələr olmalıdır. Ancaq bu yolla müəyyən qədər büdcənin optimallığını təmin etmək və növbəti illərdə büdcə kəsirinin qarşısını almaq mümkündür”.

Məsələyə münasibət bildirən digər ekspert, iqtisadçı Natiq Cəfərli deyib ki, əsasən dövlət satınalmaları ilə tenderlərlərdə ciddi nəzarətə ehtiyac var:

“Ezamiyyətə sərf olunan vəsaitlərin azaldılması bütün dünyada aparılır. Çünki mövcud pandemiya şəraiti bunu tələb edir. Çox güman ki, hələ gələn il də belə olacaq. Bu xərcləmələrin çox cüzi bir hissəsidir. Əsas dövlət satınalmaları və tenderlər məsələsidir ki, burada ciddi nəzarət mexanizmlərinin yaradılmasına, şəffaflığın artırılmasına ehtiyac var. Bu iki sahədə qeyri-rasional xərcləmələr, dəyərin şişirdilməsi, işin həcminin və ya qiymətinin daha böyük göstərilməsi daha geniş vüsət alıb. Bu sahədə ciddi dəyişikliklərə, yeni yanaşmaya ehtiyac var. İllərdir ki, bununla bağlı çıxışlar, ictimai müzakirələr olur. Bu sahədə vəziyyətin düzəldilməsi ilə bağlı addımlar atılsa, hesab edirəm ki, ümumi prosesə müsbət təsiri olar və büdcə xərclərinin optimallaşdırılmasında önəmli rol oynayar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi