azia.az
azia.az

Hökumət qənaət rejiminə keçir

20-10-2016, 09:54

Hökumət qənaət rejiminə keçir
Vahid Əhmədov: “Bu problemləri idarə edə bilən çevik hökumətə ehtiyac var”

Ölkə başçısı İlham Əliyev hökumətin qənaət rejiminə keçməsini bir daha gündəmə gətirib.

“Sputnik” agentliyinə müsahibə verən dövlət başçısı bildirib ki, neftin qiyməti 60-70 dollar həddinə qalxsa belə, Azərbaycan hökuməti xərclərinə qənaət edəcək.

Bununla yanaşı, prezident neftin qiymətinin dəyişməsindən dolayı büdcə xərcləmələri ilə bağlı hər hansı bir problemin yaşanmayacağını qeyd edib və bunu gələn ilin büdcəsində neftin qiymətinin minimumdan götürülməsi ilə əsaslandırıb:

“Azərbaycanın 2017-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar müəyyənləşdirilib və biz neftin qiymətinin dəyişməsi zamanı risklə qarşılaşacağımızı gözləmirik. Bu il biz büdcəyə yenidən baxmaqla neftin qiymətini 25 dollar müəyyən etdik, lakin ili artımla başa vurduq. Növbəti il üçün qiyməti 40 dollar müəyyən etmişik. Düşünürəm ki, neftin qiyməti bundan aşağı düşməyəcək və prinsipcə, bu bizə əlavə problemlər yaratmayacaq. Yeganə məsələ odur ki, biz dövlət tərəfindən maliyyələşən investisiya layihələrini azaltmalı olduq. Pul çox olanda müxtəlif dövlət strukturlarından çoxsaylı sifariş gəlir. Ona görə də neftin qiyməti ilə bağlı böhran bizi bir qədər sağlamlaşdırdı və göstərdi ki, maliyyəni çox qənaətlə istifadə etmək lazımdır. Biz indi bunu edirik”.

İlham Əliyev həmçinin gələn il üçün neftin qiyməti ilə bağlı proqnozunu da səsləndirib. Qeyd edib ki, neft bazarı ümumilikdə qiymətin 60, hətta 70 dollar olacağına köklənib: “Bu, hər kəs üçün faydalı olar. Şirkətlərə investisiya imkanı verər, hasilatçı ölkələrə müxtəlif layihələr üçün maliyyə gəlirini təmin edər. İstehlakçılar isə nəticədə məhrum olduqları sifarişlərin təmin olunması ilə qazana bilərlər”.

“Yeni Müsavat” qəzetinə açıqlama verən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov prezidentin açıqlamalarını şərh edərək vurğuladı ki, hökumət 2015-ci ildən etibarən ölkədə qənaət rejiminə keçib: “Maliyyə Nazirliyi tərəfindən qənaət mexanizmi işə salınıb. Müəyyən xərclər istiqamətində azalma var və bunu hər kəs hiss edir. Mən hesab edirəm ki, bu düzgün addımdır. İndiki şəraitdə neftin qiymətinin kəskin aşağı düşməsini, neftdən gələn gəlirlərin azalmasını, qeyri-neft sektorunda çox ciddi inkişafın olmamasını nəzərə alsaq, qənaət mexanizminin işləməsinə ehtiyac var. Mən hesab edirəm ki, bu, tamamilə düzgün addımdır. 2017-ci ildə də neftin qiymətinin çox yüksək olacağını güman etmirəm. Mənim proqnozuma görə, 40-50 dollar civarında olmalıdır”.

Ölkə başçısının neftin qiyməti ilə bağlı gözləntilərinə münasibət bildirən deputat fərqli fikirdə olduğunu diqqətə çatdırdı: “Mən dünyada gedən siyasi və iqtisadi prosesləri izləyirəm, inanmıram ki, neftin qiymətinin 70-80 dollara qalxmasına imkan versinlər. Düzdür, cənab prezident 60-70 dollar ətrafında olacağını dedi, elə də ola bilər. Ancaq mənim proqnozuma görə, 40-50 dollar səviyyəsində olacaq. Çünki münaqişələr əvvəlki kimi davam edir, Rusiya və Amerika arasındakı münasibətlər də neftin qiymətinin yüksəlməsinə şərait yaratmır”.

Ölkə başçısının çıxışında diqqət çəkən məqamlardan biri də qənaət rejiminə keçirməsi ilə əlaqədar investisiya layihələrinin azaldılması ilə bağlı idi. Məlum olduğu kimi, bu cür layihələrin azaldılması, ölkədə işsizliyin artmasına da səbəb olur. Bu baxımdan, hökumətin qənaət rejiminə keçməsini əhali də dərindən hiss edir.

Problemə münasibət bildirən Vahid Əhmədov da qeyd etdi ki, bunun əksi mümkün deyil: “Hökumətin qənaət rejiminə keçməsini xalq da hiss edəcək. Bunu əhaliyə hiss etdirmədən həyata keçirmək mümkün deyil. Neft ucuzlaşır, milli valyuta dəyərdən düşür, bunları xalq da hiss edəcək. Hökumətin üzərinə düşən vəzifə odur ki, müəyyən proqramlar işlənilsin, bu proseslərin müəyyən qədər qarşısı alınsın, əsasən də qeyri-neft sektorunu inkişaf etdirsin. Əsas proqramlar bundan ibarət olmalıdır. Bu problemləri idarə edə bilən bir çevik hökumətə ehtiyac var. Bu proseslər çox ciddi şəkildə aparılmalıdır”.

Bu durumun kompensasiya edilməsi üçün maaş və pensiyaların artırılmasına gəlincə, parlament üzvü məsələnin gündəmdə olduğunu vurğuladı: “Cənab prezident də bununla bağlı danışdı. Dövlət büdcəsi müzakirə olunanda bu məsələyə baxılacaq. Bu baxımdan, müəyyən addımlar gözlənilir. Çünki inflyasiya var və ikirəqəmli səviyyədədir. Bu baxımdan, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan insanların maaşlarında müvafiq dəyişikliklər olmalıdır. Ancaq bunun neçə faiz olması hökumətin ehtiyatlarından, dövlət büdcəsinin icrasından asılıdır”. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi