Hesablama Palatasının növbəti kollegiya iclasında "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi geniş müzakirə edilib.
Palatanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 5 bölmədən ibarət olan rəyin tərtibinin hüquqi əsasları, məlumat bazası, dövlət büdcəsinin icrasını xarakterizə edən makroiqtisadi şərait, həmçinin gəlir və xərclərin təhlilinin nəticələri barədə məlumat verilib, rəydə büdcə vəsaitlərinin istifadəsi ilə bağlı qurumların Palataya təqdim etdiyi hesabatlara istinad olunduğu, eyni zamanda strukturunun və tərtibinin əvvəlki illərdə təqdim olunan rəydən fərqli cəhətləri diqqətə çatdırılıb.
Rəydə dövlət büdcəsi gəlirlərinin mənbələri, dövlət borcunun mövcud durumu, büdcə kəsiri və maliyyələşdirilmə mənbələri ilə bağlı təhlilə geniş yer verildiyi, dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının bölmələri, köməkçi bölmələri və paraqrafları səviyyəsində ətraflı araşdırıldığı, Hesablama Palatasının apardığı nəzarət tədbirlərinin nəticələri əsasında tövsiyə və təkliflərin əks olunduğu bildirilib.
İclas iştirakçıları rəy barədə fikir və təkliflərini bildirib, Qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Azərbaycan Respublikasının Milli Məclisində müzakirə edilməsinin tövsiyə olunması ilə bağlı kollegiya qərarı qəbul olunub.
"Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi ilə saytın müvafiq bölməsindən tanış olmaq olar.
Kollegiyada Hesablama Palatasının 2017-ci il üçün iş planında nəzərdə tutulmuş bir neçə audit üzrə nəzarət tədbirinin proqramı təsdiqlənib, aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə təqdimatların icra vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin icmal-analitik şöbənin icmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyevin Beynəlxalq Valyuta Fondunun və Birləşmiş Vyana İnstitutunun təşkilatçılığı ilə Vyanada "Ortamüddətli Büdcə Çərçivəsi, Fiskal qaydalar və Fiskal Şuralar: Fiskal dayanıqlılığın təmin edilməsi imkanları kimi" mövzusunda keçirilən təlimdə iştirakı barədə məruzəsi dinlənilib.