azia.az
azia.az

İsmayıllıda turizm bələdçiləri üçün təlim kursu keçirilib

13-04-2016, 16:04

İsmayıllıda turizm bələdçiləri üçün təlim kursu keçirilib Heydər Əliyev Fondu tərəfindən təsis olunan “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə aprelin 4-dən 10-dək İsmayıllıda “Turizm bələdçisinin texniki peşə biliklərinin təkmilləşdirilməsi” mövzusunda təlim kursu keçirilib.
Birlikdən verilən məlumata görə, Azərbaycan Turizm və Menecment Universitetinin müəllim heyəti tərəfindən keçirilən təlim “Regional İnkişaf” İctimai Birliyinə İsmayıllı rayonundan daxil olmuş müraciətlər əsasında və həmin rayonun respublikanın əsas turizm bölgələrindən biri olduğu nəzərə alınaraq, turizmin inkişafına dəstək məqsədilə təşkil edilib. Təlimdə İsmayıllı rayonunda turizm və mədəniyyət sahəsində çalışan 16 nəfərlik qrup iştirak edib.
İştirakçılara turizm bələdçiliyi sahəsində nəzəri və praktik biliklər, rayonda yerli və xarici turistlərin diqqət mərkəzində olan turizm marşrutları üzrə turların texniki tərəfləri, turistlərlə kommunikasiyanın düzgün qurulması, bədən dili, turizm qanunvericiliyi və digər məsələlər ətraflı öyrədilib.
Azərbaycan Turizm və Menecment Universitetinin müəllimlərinin Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi “Turizm bələdçilərinin attestasiyası” və dünya bələdçi beynəlxalq təlimlərinin proqramları əsasında hazırladıqları təlim prosesində turizm üçün maraqlı, tarixi abidə və xalq sənəti ənənələri ilə zəngin olan Lahıc və Basqal kəndlərinə tematik turlar da təşkil olunub.
Burada iştirakçıların bilik səviyyəsinin müəyyən edilməsi məqsədilə nəzəri attestasiya keçirilib. Həmçinin gələcək bələdçilər İsmayıllı rayonunda turizmin inkişafı ilə bağlı təkliflərini hazırlayaraq təqdim ediblər.
RİİB tərəfindən təşkil olunan kursu bitirənlərə sertifikatlar təqdim olunub. Təlimdə fərqlənən və attestasiyadan keçən 5 iştirakçıya isə turizm bələdçisi kimi fəaliyyət göstərmək üçün şəhadətnamə verilib.
Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi, onların həlli istiqamətində vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında əlaqələrin qurulması, informasiya axınının təmin olunması, sahibkarlığın və turizmin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi, istedadlı, xüsusi qabiliyyətli insanların aşkara çıxarılması, onların davamlı inkişafının təmin edilməsi, dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə dəstək verilməsi və digər istiqamətlərdə fəaliyyət göstərir.
RİİB-in İsmayıllıda turizm sahəsində təşkil etdiyi təlim kursunun digər turizm bölgələrində də davam etdirilməsi nəzərdə tutulur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi