azia.az
azia.az

Torpaq sirdolu dərinlikdir( təmsil)

Bu gün, 17:01

Təranə Şəms
Bəzən insan elə düşünür ki, yalnız nəfəsi olan canlının yaddaşı ola bilər. Amma nə qədər yanıldığımızın fərqində deyilik. "Allahın yaratdığı nə varsa, hərəsinin öz yaddaşı var." O cümlədən dağın, daşın, suyun, dərənin, təpənin, hətta torpağın da yaddaşı olduğu danılmazdır. Torpağın əsrlərdən, qərinələrdən topladığı qan yaddaşı var.
Adi iş günlərindən birində bir cavan oğlan texnika ilə iş başında idi. Oğlan hansı səbəbdənsə torpağın köksünü yarmaqla məşğul idi. Oğlan qazdıqca sanki qulağına inilti səsi gəlirdi. Oğlan axtardı, amma tapa bilmədi. Lakin sonradan düşündü ki, ağır texnikanı saxlasın və işi dayandırsın. Bu gələn səs torpağın iniltisi idi. Bu səs oğlanın marağına səbəb oldu. İşini saxlayıb səsi yenidən dinləməyə başladı.
Elə bil torpaq boğuq səslə deyirdi:
— Texnikadan aşağı en, gəl söhbət edək. Məni dinləyərsən?
Oğlan dili dolaşa-dolaşa irəli gəlib torpağa dedi:
— Əlbəttə, biz səninlə danışa bilərik. O zaman mənim suallarıma cavab versən, məmnun olaram.
— Deyə bilərsənmi sən mənim köksümü niyə yarırsan?
— Sən nə axtarırsan torpağın altından?
Bilirsənmi, sən köksünü yardığın torpağın altında tarixin daş yaddaşı yatır. Mənim qollarımın arasında torpaq üçün canını fəda edən vətən oğulları uyuyur. Bu torpaq şəhidlərin qanı ilə yoğrulub. Gördüyün torpaqda sənin uluların, ulu babaların, ulu nənələrin və canından, qanından olan doğmaların yatır.
Sən heç düşündünmü? Mənim üzərimdə bütöv bir kainatın təbiəti formalaşıb. Kökü mənimlə nəfəs alan qocaman ağaclara, yaşıl meşələrə qucaq açıb, qol sarıdım.
İndi de görüm, sənin mənimlə qəsdin nədir? Niyə mənim özümdən yaranıb, mənə qarşı çıxaraq, mənə zülm edirsən? Qayəsi mənimlə yoğrulan insanın qəddarlığına nədən məruz qalmalıyam?
Torpaq sanki ilk fürsətdə əsrlərdir qəlbində gəzdirdiyi sözləri insanla bölüşmək istəyirdi. Danışır, bir az ara verir, sonra yenidən bitməyən fikrini davam etdirirdi.
Sən axı bilməlisən! İnsanları təbii sərvətlərimlə qidalandıran mənəm. Yarandığın gündən bəri bir çox minerallarla, gərəkli elementlərlə zəngin olan həmin torpağam. Qaynayan bulaqlarımla sizləri sərinlədən mən deyiləmmi? Torpağın dərinliklərindən qazı, nefti hasil edib insanların güzəranının yaxşı olması üçün çalışan mən deyiləmmi?
İnsan torpağı dinlədikcə çox mütəəssir olurdu. Torpaq danışır, insan isə onu diqqətlə dinləyirdi. Amma torpaq sakit danışa bilmirdi. Səsi qəhərləndi və titrəyən səslə insana dedi:
— İndi sən mənə hansı cavabı verə bilərsən ki, siz insanların haqlı olduğunu mən başa düşüm?
İnsan bir qədər düşündü.
— Ey əziz vətən torpağı, mənim əcdadlarımı qoynunda uyudan ulu torpağım! İnsanlar sənin qəsdinə durmayıblar. Sadəcə, ildən-ilə dövlətimiz tərəqqi etməkdədir. Mən qazıram ki, yeni-yeni göydələnlərin bünövrəsi qoyulsun. Qazıram ki, yeraltı sərvətimizə — neftimizə, qazımıza sahib çıxaq. İlbəil insan sayının artmasını nəzərə alaraq, insanların güzəranı yaxşılaşsın, firavan yaşasınlar. Dünya inkişaf edir. O inkişafdan bizim də öz payımız var. Biz XXI əsrdə — texnika əsrində yaşayırıq. İndi bəzi sənaye müəssisələrində insanları süni intellekt əvəz edir.
Bu arada torpaq yenidən söhbətə qayıdıb insana dedi:
— Düzdür, ağıl yaradırsınız, sistemi danışdırırsınız. Bütün bunlar təqdirəlayiqdir. Mən bunu alqışlayıram. Amma vicdanı da inkişafınız qədər böyüdürsünüzmü?
Başa düşürəm, bütün yeniliklər sizlərə xidmət etməkdədir.
Torpaq mülayim səslə insana yenidən sual verdi:
— Siz bəs torpaq üçün nə edirsiniz?
İnsan bir az düşündü və hiss etdi ki, bu suallar qarşısında aciz deyil.
— Bir az səbr et, ey vətən torpağı! Mənim də sənə deyiləcək sözlərim var. Sən qoynunda yatan vətən oğullarından fəxrlə danışırsan. Həmin oğullar ki, sənin qoynunda yatır. Həmin şəhidlər səni düşmən tapdağından qurtarmadılarmı? Neçə-neçə qəhrəman oğullarımızı sən ana kimi öz qoynuna almısan. Biz insanlar da çox istərdik ki, sən vətən torpağı olaraq öz övladlarından razı qalasan.

Torpaq bir qədər düşündü.(Təmsil)

— Mən inkişafın əleyhinə deyiləm. Amma torpağın da dəyərini, qiymətini bilmək lazım deyilmi? Vaxt vardı Azərbaycanın üzüm plantasiyaları dünyaya səs salmışdı. Hanı o ağ qızılı yetişdirən torpaqlar? Baxımsızlıqdan vaxtilə dövlətə çox gəlir gətirən torpaqlar indi öz məhsuldarlığını itirib, şoranlaşıb.

Hanı üzərimdə tikilən fabrik və zavodlar? Hanı barama zavodları? Hansı ki, Azərbaycanın qədim kəlağayıları, atlas parçaları həmin ipəkdən hazırlanıb dünya bazarlarına çıxarılırdı.

Hansı birindən danışım? Hardadır o tikilən göydələnlər ki, nə qədər gənclərimiz sosial problemlər həll edilmədiyindən, iş-güc olmadığından ailə qura bilmirlər. Hətta dolanmaq üçün qazanc dalınca qaçan, vətən torpağını tərk edib gedən ixtisaslı kadrlar da var. Niyə? Bəs bu suallara kim cavab verəcək?

Mən torpağam. Kainat məndə bərqərardır. Mən olmasam, hansı canlıdan söz gedə bilər? İnsanlar unutmasınlar ki, onlar məndən yaranıblar və sonda yenə mənə dönəcəklər.

"Ey insan, mən səni ittiham etmək üçün danışmadım. Bilirəm, sən məndən yaranmısan. Mənə vurulan yara sənin də yaran sayılmalıdır. Məni qorusan, özünü qoruyarsan. Məni zəhərləsən, sabah öz övladının süfrəsini zəhərləyərsən."

Torpaq fikirlərini bitirdikdən sonra belə bir etiraf da etdi:

"Mən sizdən küsməmişəm. Mən yalnız sizi özünüzə qaytarmaq üçün yaddaşımı vərəqlədim və sizləri onunla tanış etdim. Unutmayın, siz məndən yaranmısınız. Məni yaşatsanız, özünüz də yaşayacaqsınız."

Torpaq qazıldıqca onun yaddaşı daha çox dərinlərə gedir.

Torpaq sirdolu dərinlikdir! Gərək olanda onu tanıyın və axtarın!

Qayıt özünə( poyetik epiloq)
*****
Torpaq öz sirrini özü daşıyır,
Yaddaşı susaraq, sözü qaşıyır.
Sinəmdə qanlar var, izi qalıbdır,
Yaralı köksümə bir iz salıbdır.
*****
Bu sirllər köksümdə daşa dönübdür,
Ocaqlar qalanıb, odlar sönübdür.
Hər ötən əsrlər bir tarix yazır,
Adəmin qəbrini yenidən qazır.
*****
Həvvanı tanırsan özünə baxsan,
Bu gündən o günə yenidən baxsan.
Abırın, həyanın bitməsi vardır,
Bu günlə baxarsan itməsi vardır.
*****
Torpağın bu günə çox iradı var,
İnsanla dəyişməz bərk inadı var.
Ondakı düz sözün bir adı vardır,
Torpaq bizə deyir ki, qayıt özünə.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi