azia.az
azia.az

Şuşa Bəyannaməsi bütün Türk dünyasının birliyinin təməlini qoymuşdur

20-06-2024, 18:06

 Fikrət Rzayev, Sosial və humanitar məsələlər üzrə prorektor, əməkdar müəllim, professor.

Azərbaycan və Türkiyə tarixi köklərlə və qırılmaz tellərlə əsrlər boyu bir-birinə bağlı olmuşdur. Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri, o cümlədən, tərəflərin siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsi münasibətlərin inkişafında əhəmiyyət kəsb edir.

Bu baxımdan Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada imzaladıqları Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.

Şuşa Bəyannaməsinin məhz Milli Qurtuluş günündə, həm də Şuşada imzalanması böyük siyasi məna daşıyır. Bu Bəyannamənin imzalanması ilə Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasi aktın tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır”.

Bildiyiniz kimi, Türkiyə Vətən müharibəsinin gedişində Azərbaycana mənəvi-siyasi cəhətdən dayaq olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Ölkəmiz üçün Zəngəzur dəhlizinin açılması böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Bununla da, Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. 

Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə qardaşlığını yeni tarixi mərhələyə yüksəldən tarixi sənəddir.Bu Bəyannamə təkcə Azərbaycanla Türkiyənin strateji müttəfiqliyini əsasını deyil, həm də bütün Türk dünyasının birliyinin təməlini qoymuşdur.

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi