azia.az
azia.az

İran Azərbaycanda siyasi sui-qəsdlərə start verdi?

29-03-2023, 09:45

Kamal Əliyev,"Sülh"Araşdırmaları İnstitutunun rəhbəri, politoloq


Azərbaycan Milli Məclisinin deputatı Fazil Mustafa yaşadığı evin qarşısında terror hücumuna məruz qalıb. Deputata odlu silahdan atəş açılıb və o, çiyinindən və ayağından yaralanıb. Nəzərə almalıyıq ki, Fazil Mustafa ölkənin tanınmış siyasətçilərindən biri olaraq, uzun illərdir İranın Azərbaycana qarşı apardığı ikiüzlü siyasətə qarşı çıxışlar edib, bu ölkənin Azərbaycandakı 5-ci kalonunun fəaliyyəti haqqında davamlı tənqidi fikirlərini səsləndirib. Əbəs yerə deyil ki, İranın Azərbaycandakı radikal şiə şəbəkəsi uzun illərdir Fazil Mustafanı hədəf seçərək, onu dəfələrlə sosial şəbəkələrdə linçə məruz qoyub.
Digər tərəfdən, hal-hazırda Azərbaycan və İran arasında münasibətlər gərgindir. Üstəlik, İran Naxçıvanla sərhədə hərbi qüvvələrini yerləşdirərək, Azərbaycana "əzələ"nümayiş etdirir. Maraqlı məqam həm də ondan ibarətdir ki, sabah İsraildə Azərbaycan səfirliyi rəsmi fəaliyyətə başlayacaq. Görünür, Tehrandakı klerikal rejim Azərbaycan-İsrail münasibətlərini bəhanə gətirərək, həmişə bacardığı terror aksiyalarına başlayacaq.
Ötən dəfə də yazdığım kimi, İran Azərbaycana hücum etmək üçün bəhanə axtarır. Mümkündür ki, rejim Azərbaycana qarşı hər hansı hərbi təcavüzdən əvvəl daxildə də qanlı terror aksiyalarına start versin. İran vı ona yaxın olan radikal şiə cərəyanı Azərbaycan cəmiyyətində siyasi sui-qəsdlər törətməklə, əhali arasında qorxu yaratmaq istəyində ola bilər. Əlbəttə, mən buna hipotetik yanaşıram və fərz edirəm ki, rejim anti-Azərbaycan siyasətinin şiddətini bundan sonra da artıracaq. Bu terror hadisəsinin müəlliflərini və açraçılarını müəyyən etməzdən əvvəl bunun kimə fayda verdiyini ortaya çıxarmaq lazımdır. Təsadüfü deyil ki, Fazil Mustafaya qarşı bu qanlı terrordan sonra İranın təsir agentləri, agentura şəbəkəsi sosial-şəbəkələrdə baş vermiş olaya sevinir. Bu isə öz növbəsində, terror hadisəsində şübhəli kimi İrandakı teokratik rejimə diqqəti çəkir.
Nəticə olaraq, Azərbaycanda ictimai-siyasi sabitlik getdikcə pozulur. Indi ən həssas mövzu Azərbaycan-İran münasibətlərinin bundan sonrakı gedişatı olacaq. Cənubi Qafqaz həm regional, həm də qlobal aktorların maraqlarının toqquşduğu coğrafiyadır. İran da regional güc kimi Azərbaycanda bundan sonra da teror aktlarına əl ata bilər. Unutmamalıyıq ki, rejim Yaxın Şərqdə proksiləri vasitəsi ilə öz geopolitik məqsədlərinə nail olmaq üçün terror aktlarına baş vurub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi