azia.az
azia.az

"Media vasitəsilə "qisas əməliyyatları" sona çatmalıdır"-Samir Feyruzov

4-09-2020, 14:50

"Media vasitəsilə "qisas əməliyyatları" sona çatmalıdır"-Samir Feyruzov

Dövlət üçün təhlükəli tendensiya yaranıb. Vəzifədən çıxarılan məmurlar dərhal düşmən elan olunur, vaxtilə "bəy tərifi"nə düzülən, orden-medallarla təltif və mənzillərlə təmin olunan bütün media və jurnalist "ordu"su (?), elastik əqidəli baş redaktorlar həmin məmurları daş-qalaq edir, bütün ətrafı, həmkarları həmin məmurdan imtina edir, açıqlamalar verərək onları ittiham edirlər. Necə deyərlər, belə məmurların öz aşlarına tökdükləri qaşıqlarına çıxır.
Yaxşı olardı ki, vaxtilə bu hakimiyyətin əsas simvollarından olan sabiq məmurlar qanun qarşısında cavab versinlər. Əgər irəli sürülən ittihamlar doğrudursa, bütün bunlara hüquqi qiymət verilməlidir. Bu cür ciddi məsələləri ölkəmiz üçün həssas bir məqamda kütlənin ixtiyarına verərək aylarla müzakirə predmetinə çevirmək doğru addım deyil. Çünki bu məsələdə ən ciddi zərbəni dövlət almış olur. Necə?
Bu pis tendensiyanın dövlət üçün təhlükəli tərəfləri var və siyasi elita bunları düşünməlidir:
1. Hazırda yüksək vəzifədə işləyən məmurlar başa düşürlər ki, onları da bu tale gözləyir, vaxt olacaq onlar da daş-qalaq edilərək linç olunacaqlar. Əgər məmurlar bu amili başa düşürlərsə, deməli, təmsil olunduqları komandaya, hakim siyasi ideologiyaya sadiq olmaq haqqında yox, gələcəkdə təhlükələrdən qorunmağın müxtəlif yolları haqqında düşünəcəklər. Belə olan halda isə bürokratiya, sədaqətsizliyin miqyası daha da böyüyəcək.
2. Ölkədə və regionda hər hansı hər hansı gözlənilməz ağır proseslər başlasa, hakim komanda ciddi siyasi manevrlərdən məhrum ola bilər, kütlə psixologiyası üzərində nəzarət funksiyasını itirəcək, kiçik strukturda belə elementar islahat həyata keçirmək mümkünsüz olacaq, əksər qurumlar iflic olacaq. Hazırda bir çox sahələrdəki pərkəndəlik mühitinin hökm sürməsi bunun ilk işartılarıdır.
3. Gələcəkdə özlərinin də daş-qalaq ediləcəyini indidən bilən məmurlar qarşıdakı hadisələr zamanı özlərini qorumaq üçün xaricdən və ölkəmizdən müxtəlif qoruyucu qüvvələr axtaracaqlar. Bu, xarici kəşfiyyat - xarici xüsusi xidmət orqanlarına qədər uzana bilər.
Bütün bunlar nəzər alınmalıdır:
1. Kütlənin dalınca sürünmək olmaz, dövlətin öz ideoloji konsepsiyası, taktiki addımları olmalıdır. Vəzifədən çıxarılan məmurların linç edilməsi yeni komandaya qarşı inamsızlığı daha da dərinləşdirəcək, elə məmurların özlərində də təmsil olunduqları komandaya etimadsızlıq artacaq. Dövlət təmkinli davranmalı, uzaq perspektivi düşünməlidir, hazırkı kütlə psixologiyasındakı xaosu daha da dərinləşdirmək yox, yeniləmək lazımdır.
2. Mövcud siyasi komanda qəbul etməlidir ki, Azərbaycan mediası bu sınaqdan da üzü ağ çıxmadı. Media böhrandan xilas olmalıdır. Media rəzil durumdadır, ayrı-ayrılıqda hər bir media qurumu qeyri-peşəkarların əlində adi oyuncağa çevrilib. "Çevir tatı, vur tatı" prinsipi hazırda medianın əsas ana xəttini təşkil edir.
3. Baş verən hadisələr də göstərir ki, yerli media ayrı-ayrı oliqarxların maraqlarına xidmət edir, dövlət sarsıdıcı zərbələr alır. Ən dəhşətlisi, hazırda media hara getdiyi bəlli olmayan bir yoldadır. Sabah bu proseslərin qarşısını heç kəs ala bilməyəcək.
4. Qisasçılıq, media vasitəsilə "qisas əməliyyatları" sona çatmalıdır. Əgər kim günahkardırsa, çıxarın məhkəmə qarşısına, oğurladıqlarını alın, cəzasını verin və bitsin! Ortaya belə bir siyasi iradə qoyulmalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi