azia.az
azia.az

Azərbaycan mediasında yeni “xərçəng şişi”: böyük pullar, sosial media xidmətləri, silinən yazılar

31-08-2020, 15:46

Azərbaycan mediasında yeni “xərçəng şişi”: böyük pullar, sosial media xidmətləri, silinən yazılar

Azia.Az xəbər verir ki, Dövlət də insan kimidir, güclü və uzunömürlü olması üçün bütün orqanları sağlam olmalıdır. Bəzən bütün orqanları sağlam olan insan ən gərəksiz orqanının xəstəliyi səbəbindən həyatla vidalaşmalı olur.

2021-ci ildə müstəqil Azərbaycanın 30 yaşı olacaq, qlobal kataklizmlərlə müşahidə olunan müasir dünyanın şahmat taxtasında 200-dən artıq ölkədən biri kimi bütün sahələr üzrə dayanıqlı, pərkanəndəlikdən kənar və uzaq perspektivə hesablanmış addımlar atmaq, bütün sahələri özündə ehtiva edən ideoloji konsepsiyanın hazırlanması yeganə xilas yolumuzdur. Hər sahədə idarəçilik vahid əldə cəmlənməli, pərakəndəlik aradan qaldırılmalıdır.

Gənc və müstəqil olmasına baxmayaraq, Azərbaycanda bir çox sahələr reanimasion durumdadır, müxtəlif sahələr süni nəfəslik və “tramadol” hesabına öz movcudluğunu qoruyub saxlaya bilir. Artıq dövlət öz bədənində şiddətli ağrıları hiss edir. Bu hansı orqandır, hansı sahədir? Nəyə qurşanmışıq? Bizi xəstəliyə salan hansı pis vərdişlərdir? Biz kiminlə zarafat edirik?

Azərbaycan müstəqil olduğu gündən bu günə qədər ölkənin media siyasəti heç vaxt doğru və məntiqli addımlarla müşahidə olunmayıb. Mətbuatla bağlı atılan bütün addımlar mövsümü və məhəlli xarakter daşıyıb, yaxın perkspektivə hesablanıb, gənc dövlətin mühüm bir orqanı – dördüncü hakimiyyət olan mətbuat bir çox hallarda bu dövlətin bir strateji parçası hesab olunmayıb. “Payını ver, sussun” prinsipi və ələbaxımlılıq mühiti yaratmaq ölkə mediasına əsas yanaşma tərzi olub.

Bu gün də ölkə mediası özünü toparlaya bilmir, sanki bir qeyri-müəyyənlik var, mediada “müəmmalı” hadisələr baş verir. Artıq oliqarxlar özlərinə yeni media “dayaqları” yaradıblar, əllərində saytlar, internet tv-lər, sosial şəbəkələrdə böyük səhifələr saxlayırlar və onları maliyyələşdirirlər. Dövlət bu təhlükəni görməlidir! (Bu haqda növbəti yazıda). Mediada dərin bir boşluq var, kim nə istəyirsə, edə bilir, böyük məmurlar hazırda medianın başına ip salıb o tərəf-bu tərəfə fırlayırlar.

Ən dəhşətlisi budur ki, bir çox məmurlar özlərini qorumaq, ictimai qınaqdan kənarda durmaq üçün “PR media” adı altında fəaliyyəti və məqsədi bilinməyən şirkətlər yaradıblar.

Hazırda ölkə mediası ilə bağlı qeyri-müəyyənlik o qədər dərinləşib və pərakəndəlik o həddə çatıb ki, artıq bir çox məmurlar özlərini qorumaq üçün PR media şirkətləri yaradıblar. Belə şirkətlərin əsas məqsədi və fəaliyyəti məmurlar və müxtəlif qurumlar haqqında mətbuatda gedən tənqidi yazıları sildirməkdən, onları tənqidi yazılardan xilas etməkdən ibarətdir. Ancaq özlərini elə aparırlar ki, guya müxtəlif qurumların, şirkətlərin, təşkilatların mediada və sosial şəbəkələrdə təbliğatını aparmaq üçün yaradılmış şirkətdir.

Məsələn, “Yeni mediya dünyasında Yeni PR” şüarı ilə ərsəyə gələn “İnpress PR Solutions” şirkətidir. Şirkət fərdlərə və qurumlara “xidmətlər” təklif edir.
Şirkətin saytında “Funksional xidmətlər” hissəsində qurumlara belə bir təklif var: “SEO xidmətləri ilə axtarış platformalarında çıxan nəticələrin optimallaşdırılması və sosial media hesablarının optimallaşdırılması və idarə edilməsi”.

Əslində isə təklif olunan “xidmət”in mahiyyəti belədir: Hansısa məmur, yaxud qurum (dövlət və ya özəl qurumlar) gəlib “İnpress PR Solutions” şirkəti ilə müqavilə bağlayır, bu şirkətə illik böyük məbləğdə pul köçürür. Şirkət də pul qarşılığında həmin məmuru, yaxud qurumu mediada “qoruyur”, haqqında mənfi yazıların getməsinə icazə vermir, tənqidi yazı dərc edilərsə, müxtəlif yollarla saytlardan sildirirlər.

Əldə etdiyim məlumata görə, artıq onlarla dövlət qurumu, məmurlar, millət vəkilləri, özəl şirkətlər “İnpress PR Solitions” şirkəti ilə “işləyirlər”. Məsələn, Bakı Nəqliyyat Agentliyi (BNA), Azərbaycan Dövlət Dəmir Yollar (ADDY), SOCAR, millət vəkillərindən Könül Nurullayeva, Əminə Ağazadə, Nigar Arpadarai, Elnur Allahvediyev və s. bu şirkətlə əməkdaşlıq edirlər.

Qeyd edim ki, bu şirkət bir neçə saytı da maliyyələşdirir və müxtəlif media qurumlarının rəhbərləri-jurnalistlər də bu şirkətin “yazı sildirmə” əməliyyatlarının icraçılarına çevriliblər.

Əgər ölkədə media siyasəti yerində olsaydı, bu sahədə belə bir əndrabadi “xidmətlər” təklif edən şirkətlər yaranmazdı. Yazı sildirmək üçün şirkət yaratmaq? Əslində məmur daha dağa-daşa düşmür, pulu bir şəxsə - şirkətə verir və işini gördürür. Ümumiyyətlə, bu işin adı nədir?

Şirkətin saytında daha bir məntiqsiz təklifə rast gəlirik: “Media və İnfluenserlərlə Əlaqələr: press-mention, press-reliz, məqalə və müsahibələrin yerləşdirilməsi üçün media ilə əlaqələrin təşkili”.

Maraqlıdır, müxtəlif təşkilatlara media ilə əlaqələrin qurulmasını, press-relizlərin hazırlanmasını təklif edən bu şirkət bilmirmi ki, bütün təşkilatlarda “ictimaiyyətlə əlaqələr şöbəsi” var və həmin qurumların press-relizlərini də bu şöbə hazırlayır, media ilə əlaqələrini də məhz bu şöbə qurur. Tutaq ki, bu şirkətin təşkilatlara təklif etdiyi “xidmətləri” normal hal kimi qəbul etdik, o zaman bu qurumlardakı mətbuat katibləri nəyə lazımdır? Həmin qurumun rəhbəri bunu bilmirmi? Bilirsə, həmin şöbəni ləğv edərək niyə təkcə bu şirkətlə işləmir? Ümumiyyətlə, bu dövlət qurumları hansı adla belə şirkətlərə pul köçürüb özləri haqqında tamamilə gizli formada “iş” qururlar? Şəxsi maraqlar yenə də öndədir, dövlətin pulu şəxsi imicə xərclənir. Belə çıxır ki, dövlət qurumlarının mətbuat katibləri press-relizlər də hazırlaya bilmirlər?

Şirkətin saytında daha sonra təklif olunur: “Media Monitorinq: yerli və xarici mətbuatın və sosial şəbəkələrin 24/7 izlənilməsi, analizi və hesabatı”.

Əslində bunu demək istəyirlər: Xocalı prospektində “Dəmirçi Tower”də mənzillənən şirkətin əməkdaşları gecə-gündüz komputerin arxasında oturub bir neçə dəqiqədən bir “iş birliyin”də olduqları məmurlar haqqında tənqidi yazıların gedib-getməməsini yoxlayırlar. Bunu da SEO üsulu ilə, Google-da adını yazıb axtarışa verirlər.

“İnpress PR Solutions” şirkətinin bu sarıdan həll etdiyi “predmet”lər çoxdur, məsələn, bir neçə məmurun adını saytlardan tamamilə sildiriblər və həmin şəxs haqqında Google-da bircə tənqidi yazı da qalmayıb.

Dediklərindən belə çıxır ki, 10 ildir fəaliyyət göstərirlər. Amma nədənsə şirkətin fəaliyyəti indiyə qədər zərrə qədər də olsun gözə dəyməyib.

Bəs məmurlar və müxtəlif qurumlar haqqında gedən tənqidi yazıları bu şirkətdən kimər zəng edib sildirir?
Vüqar Baba

Vüqar Baba adlı şəxs şirkətin “İnpress PR Solutions” şirkətinin layihə meneceridir (Poeject manager). Öncə sayt rəhbərinə zəng edir, yazının silinməsini xahiş edir. Dah sonra vatsap nömrəsi ilə sayt rəhbərinə bank kartının şəklini çəkib göndərməsini xahiş edir (karta pul yükləmək istəyir) və bunu “diqqət”, “jest” adlandırır. Niyə məhz vatsapla yazır və bu təklifi zənglə etmir? Ona görə ki, hər bir silinən yazı və sayt rəhbərinin kartına vurulan pulla bağlı faktlar saxlanılır, “hesabat”lar hazırlanır.

“İnpress PR Solutions” şirkətinin təsisçisi və CEO-su Anar Əskərovdur. PR üzrə mütəxəssis kimi təqdim olunan A.Əskərov həm də “Report” informasiya agentliyinin CEO-sudur. Bu insanlar ölkənin ən həssas sahələrindən birində - mediadakı boşluqlardan “ustalıqla” istifadə etməyi bacarıraraq bu tipdə yeni “trend”lər yaratmağı bacarırlar. Kimin ağlına gələrdi? Özbaşınamı ediblər? Yox! Bəs arxalarındakı güc kimdir? Hansı dövlət qurumunun milyonları məhz bu yolla havaya sovurulur? Bu haqda növbəti yazıda...
Anar Əskərov

Bir məqamı da qeyd etmək yerinə düşər. A.Əskərov bir müddətdir ki, Facebook profilində mətbuat katibləri ilə bağlı məsələlərdən danışır və əsaslandırmağa çalışır ki, qurumların ictimaiyyətlə əlaqələr şöbəsinə jurnalistin gətirilməsi doğru addım deyil, əslində bu işə PR menecerlər baxmalıdır. Adam bir şeyi anlamır ki, tamadalıq başqa şeydir (halbuki, bunu o, təklif edir), toyun bəyi, əsl sahibi var. Toy sahibi qədər “toyçu” olmaq ən azı ədabazlıqdır.

Bu istiqamətdə apardığım çox ciddi araşdırmalarım nəticələrini növbəti yazıda manşet edəcəm, şübhəsiz ki, müvafiq dövlət qurumları, mediaya məsul şəxslər bu məsələni ciddi nəzarətə götürməli və problemin ciddiliyinin fərqinə varmalıdırlar.

“İnpress PR Solutions” şirkəti havadan yaranmayıb və müxtəlif qurumlara boş yerə sosial media xidmətləri təklif etmir. Məsələnin ciddiyətinə varmaq lazımdır. Bu şirkətin himayəçiliyi təkcə ölkəmizdə hansısa qurum tərəfindən həyata keçirilmir, həm də ABŞ və Avropada yaşayan, adları müxtəlif qalmaqallarda hallanan milyonçu azərbaycanlılarla çox ciddi bağlantılarının olması da dəqiqdir. Himayəçi şəxslərin bəziləri vaxtilə Azərbaycanda vəzifədə daşıyıblar, indi isə xaricdə yaşayırlar, geniş biznes şəbəkələri var. Bir hissəsi isə dövlətimizin müxtəlif qurumlarının xaricdə rəsmi təmsilçiləridirlər.

Açığını desək, həmin adamların bu istiqamətdə “təcrübələri” böyükdür. Məsələn, bir neçə il bundan öncə bu şəxslərin çevrəsindəki bəzi adamlar Ziya Məmmədovun himayəsi altında ölkədə onlarla saytı, media resurslarını pulla özünküləşdirmişdilər. “Zgan Holdinq”in ölkə mediasındakı “əməliyyat”larını kimsə unutmayıb.

Sanki çarx yenidən fırlanır, yenidən məmurlar özlərinə media dayaqları yaradırlar. Bu dəfə daha gizli şəkildə... Amma bir fərq var: miqyas genişlənib, artıq xaricdən uzanan əllər daha böyükdür.

Eyni zamanda, “İnpress PR Solutions” şirkətinin fəaliyyəti ilə hazırda Minskdə baş verən hadisələrdə Belarus sosial mediasının rolu arasında bir paralellik görürəm. Avqustun 9-da Belarusda prezident seçkilərindən sonra yeni sosial media resursları ortaya çıxdı. Bu, kimsənin ağlına gəlməzdi. Daha ciddi və daha böyük sosial media hesabları, böyük səhifələrdən söhbət gedir. Halbuki, Belarusda baş verən hadisələrə qədər həmin sosial media resursları “açarlanmışdılar”, heç kəsə məlum deyildi. İndi isə ən radikal, Lukaşenkonu dalana dirəyən resursa çevriliblər. Ən maraqlısı bilirsiniz nədir? Dünənə qədər Belarusda bu işlə məşğul olan, yəni ayrı-ayrı qurumlara, fərdlərə, şirkətlərə media və sosial şəbəkə xidmətləri təklif edən şəxslər S.Tixonovskayanın əri S.Tixonovskiyə yaxın şəxslər idi. Həmin Svetlana Tixonovskaya ki, bu gün on minlərlə insan məhz ona görə küçələrdədir. Həmin Sergey Tixonovski ki, artıq həbsdədir və onun bütün ətrafı Avropada təhsil almışdı, bir hissəsi də Qərbyönümlü layihələrin işçiləri və təqaüdçüləridirlər. Məhz həmin təqaüdçü gənclər indi sosial media resursları ilə kütlənin başına ip salıb fırladırlar.

“Belarus qolovnoqo mozqa” teleqram-kanalının inzibatçısı İqor Losikin fəaliyyətinə diqqət yetirək. O, Praqadadır. Vaxtilə Belarusda sosial media xidmətləri təklif edən fəallar onunla bərabər Qərbdən təqaüd alan şəxslərdir, onun dostlarıdır. O, özünü "adi vətəndaş, Belarusu düşünən "bloqer" kimi qələmə verir, “siyasətçi deyiləm, sosial media mütəxəssisi, PR mencerəm” deyir. Bəs dünənə cəmiyyətə bəlli olmayan sosial media resurslarını hardan və necə ortaya çıxardı? İqor özünün 260 minlik kanalında “kütləvi aksiyalara necə hazırlaşmalı? “adlı kitabça da dərc etmişdi. Minskdəki hadisələrdən düz 4 gün öncə! Amma kanalın arxivində sosial böhran, aksiyalarda sosial medianın rolu və kütləvi aksiyalarla bağlı dili anlaşılmaz olan, aylar öncə dərc olunmuş materiallar ortaya çıxdı.

Daha oxşar “keyfiyyətlər” də var. Məsələn, indiki şəraitdə eyni işi görən bizimkilər də Belarusda bu işi həyata keçirən şəxslər kimi siyasətdən kənar görünürlər. Bizimkiləri də sadəcə biznes, PR layihələr maraqlandırır. Əslində isə... Onlar da bizimkilər kimi müasir və elitar görünmək üçün rəngli, zövqlü, amma sadə paltarlara, pafossuz danışıqlara üstünlük verirdilər. Ağıllı, amma məntiqsiz danışırlar. Və bütün bunlar Belarusda dünənə qədər idi. Artıq həmin şəxslər pələngə dönüblər.

Heç şübhəsiz ki, geniş miqyaslı sosial media xidmətləri təklif edən bu şirkətin fəaliyyəti diqqətçəkəndir. Böyük pulların rol aldığı oyunlar və sosial media xidmətlərinin təklifi... Kimin əlində hansı güc, hansı resurs var, hələ bəlli deyil. Adamlar tələsmirlər, tələsmək istəmirlər, amma ən çirkin işləri də şirkət yaradıb “xidmət” adı altında həyata keçirirlər. /Azsiyaset.com/

Növbəti yazıda:

- Belarus nümunələri: adlar, oxşarlıqlar, fərqlər

- Hansı dövlət qurumu “İnpress PR Solutions” şirkətinə illik nə qədər pul köçürür?

- Hansı saytlar bu şirkətdən maliyyələşir?

- Şirkətin himayəçiləri kimlərdir?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi