azia.az
azia.az

"Ziya Məmmədov büdcəni, Misir Mərdanov təhsili, Fazil Məmmədov iqtisadiyyatı çökdürəndə"

14-02-2020, 23:38

Seymur Verdizadə - yazarın arxivi
"Ziya Məmmədov büdcəni, Misir Mərdanov təhsili, Fazil Məmmədov iqtisadiyyatı çökdürəndə"

Fevral ayının 9-da keçirilən parlament seçkiləri maraqlı nüanslarla yadda qaldı. Mübarizəyə qoşulan 2 min nəfərin heç biri məğlub olduğunu etiraf etmədi. Sosial şəbəkələr bu məzmunda olan bəyanatlarla dolub-daşır: "Bu dairədə mən qalib gəldim, amma saxtakarlıq nəticəsində qutudan rəqibim çıxdı".

Başa düşürəm, hikkəli camaatıq, məğlubiyyəti heç cür həzm edə bilmirik. Amma 29 nəfərin mübarizəyə qoşulduğu dairədə 29 nəfərin hamısının özünü qalib elan etməsi artıq qeyri-ciddilik əlamətidir....

Parlament seçkilərində vəkil kimi iştirak etdiyim üçün prosesi yaxından izləmək imkanım oldu. Əvvələ sonra qayıdarıq, gəlin, hal-hazırda hakim olan ab-havadan danışaq. Mübarizədən məğlub ayrılanların böyük əksəriyyəti rəqiblərini təxminən bu tezislərlə ittiham edirlər: "Filankəs qorxaqdır. Cəsarəti çatıb parlamentdə bir dəfə xalqın dərdini dilə gətirməyəcək".

Bunu deyən namizədlərin çoxunu şəxsən tanıyıram. Bunlar həmin adamlardır ki, bir-iki il əvvələ kimi adi icra başçısını tərifləmək üçün növbəyə düzülmüşdülər. Onların arasında elələri var ki, hətta "JEK" müdirinə etiraz etməyə cəsarətləri çatmır. Xalqın dərdini dilə gətirmək hər bir ziyalının borcudur. Mandat olmasa, həqiqəti demək olmur? Əgər xalqa canın bu qədər yanırsa, onun sərvətləri oğurlananda niyə bir dəfə səsini çıxarmadın? Ziya Məmmədov büdcəni, Misir Mərdanov təhsili, Fazil Məmmədov iqtisadiyyatı çökdürəndə hansı ağacın kölgəsində milçəyini qovurdun? Bəlkə sən haqq-ədalət carçısı olduğun üçün 28 il Nelson Mandela ilə eyni damda yatmısan, bizim xəbərimiz yoxdur? Yoxsa, seçicilərlə görüşə gedərkən mindiyin 200 min manatlıq maşını halal maaşınla almısan, bizim xəbərimiz yoxdur? Guya sən deputat seçilsəydin, Milli Məclisdə spikerə kəllə atacaqdın? Əgər sən belə qoçaq oğlansansa, niyə bu günə kimi siyasi mübarizədən kənarda qalmısan? Hər dəfə diktofonu ağzına dirəyəndə, "mən siyasətə qarışmıram" deyib, aradan çıxan sən deyildin? İndi hardan çıxdın? Yoxsa, elə bilirdin demokratiya küləyi səni Mili Məclisin qapısına atacaq? Belə işlər küləklə, yağışla olmur, atam balası. Siyasət səbr, təmkin, iradə, ən əsası isə cəsarət tələb edən peşədir. Adam bir gündə siyasətçi olmur. Beş ildə bir dəfə seçkiyə qatılmaqla adam siyasətçi olmur. Siyasətlə davamlı, əzmlə, yorulmadan məşğul olmaq lazımdır. Əks təqdirdə, siyasət səninlə məşğul olacaq...

Vacib bir məqamı da qeyd edim, sonra hərə öz işinin dalınca getsin. Təəssüf ki, Dağlıq Qarabağ problemi bu dəfə də manipulyasiya mövzusu oldu. Seçki vaxtı xüsusilə Qarabağ bölgəsindən olan namizədlərin çoxu rəqibini məhz bu tezislə ittiham edirdi: "Filankəsə səs versəniz, daha beş il Qarabağın üzünə həsrət qalacaqsınız. Onda Qarabağı tələb edəcək cəsarət yoxdur. Amma mən seçilsəm, ilk işim Qarabağa azadlıq tələb etmək olacaq".

Ay kişi, ay adam, Qarabağı tələb etmək üçün gərək deputat olasan? Mən Qarabağ harayı ilə ən azı 20 məqalə yazmışam. Səndən məqalə yazmağı tələb edən yoxdur. Heç olmasa, bir dəfə Qarabağı haraylamısanmı, "yazıq Vətən" deyib hayqırmısanmı? Gözlərim məni incidir, amma qulağımdan şikayətim yoxdur. Əgər bir dəfə Qarabağın adını tutmuş olsaydın, mən də eşidərdim.../moderator.az

Yaxşı-pis seçki başa çatdı. Elə mənim bu kiçik yazım da başa çatmaq üzrədir. Bunu da deyim, gedək işimizin dalınca: Azərbaycan kiçik bir ölkədir. Burda hamı bir-birini yaxşı tanıyır. Heç kim özündən dissident düzəltməsin...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi