Məşhur olanda adamın əlinə zurna vermirlər...
Seymur Verdizadə
Nərmin Şahmarzadə adlı qızcığazın qazandığı “şöhrət”in ömrü sabun köpüyünün ömrü qədər oldu. Nərminin nə yeyib, nə içdiyi, nə əkib, nə biçdiyi indi heç kimin vecinə deyil...
Azərbaycan cəmiyyəti şöhrət azarına tutulmuş çox adam görüb. Tanınmaq, məşhur olmaq, başqalarından fərqlənmək insana xas olan keyfiyyətdir. Məşhur olduğu üçün kimisə söymək, azarlamaq doğru deyil. İnsanlar təkcə xarici görünüşlərinə deyil, daxili aləmlərinə görə də bir-birindən fərqlənirlər. Bu müxtəliflik bəzən qabarıq şəkildə üzə çıxır, ətrafdakıların diqqətini cəlb edir. Üzərində yad adamların nəzərlərini hiss edərkən xoşbəxt olan o qədər adam tanıyıram ki...
Dünyanın hər yerində şöhrət sərvət gətirir. Buna görə də insanlar şöhrətə can atır, ona qovuşmaq istəyirlər. Azərbaycan müasir dünyadan təcrid olunmadığı üçün bizim aramızda da “ulduz xəstəliyi”nə tutulanlar az deyil. Hətta deyərdim ki, onların sayı hər ötən gün artır.
Bəzən qınamaq anlamaqdan asan olur. Onları anlamaq lazımdır. Sən nə qədər yaxşı ifaçı olsan da, tanınmasan, toya 50-100 manata gedəcəksən. Amma tanınsan, məşhur olsan, bir gecədə 8-10 min, hətta 15-20 min manat qazanmaq şansın var. Nə qədər savadlı psixoloq olsan da, tanınmasan, bir pasiyenti 20 manata qəbul edəcəksən. Amma üç-dörd dəfə efirə çıxsan, sifətdən tanınsan, bir seans üçün 80-100 manat ödəməyə hazır olan pasiyentlər qapıya düzüləcəklər. Yaxşı vəkil olmaq, hüquq elminin incəliklərindən baş çıxarmaq azdır. Bir-iki dəfə efirə çıxıb o nursuz sifətini qara camaata tanıtsan, işin yağ kimi gedəcək. Çoxlu sayda vəkil dostu olan adam kimi səni əmin edirəm: bir az tanınsan, adi boşanma prosesində 1 500 manatı qatlayıb qoyacaqsan cibinə.
Sənət adamlarının, psixoloqların, vəkillərin, lap elə müəllimlərin, həkimlərin məşhurluğa can atmasının səbəbi aydındır. Bəs, jurnalistlər, şair və yazıçılar niyə haqq etmədikləri məşhurluğa qovuşmaq istəyirlər? Jurnalistika yeganə peşədir ki, burda şöhrət sərvət gətirmir. Mən, öz təcrübəmdən çıxış edərək, bunu əminliklə söyləyirəm. Yaradıcı adam ancaq istedadına güvənə bilər. İstedadlı adam dünyanın heç bir yerində, o cümlədən, bizim günəşli vətənimizdə acından ölmür. İlqar Əlfini tanıyırsınız? İlqar müəllim vaxtilə "Dalğa" verilişinin aparıcısı olanda, pərəstişkarlarından hər gün bir kisə məktub alırdı. Telekanalların qapıları üzünə bağlı olduğu üçün indi əvvəlki qədər məşhur olmasa da, əvvəlkindən daha məhsuldardır. Ləyaqətini qarnından üstün tutan bütün alicənab adamlar kimi o da öz istedadının çörəyini yeyir. 2018-ci ildə İlqar müəllimin tərcümə etdiyi beş kitab çap olunub. Altı kitab isə çapa hazırdır, bu gün-sabah işıq üzü görəcək. Dava-dalaş salmadan, qalmaqal yaratmadan öz işi ilə məşğul olan, cəmiyyətə fayda verən belə insanlar az deyil. Bu cür faydalı işlər görməyimizə heç kim mane olmur. Nizamini inkar etməklə, Füzulini söyməklə, Nəsimini kötəkləməklə böyük şair, yazıçı, publisit olmaq mümkün deyil. Birdəfəlik anlamaq lazımdır ki, sənin kasıb olmağında 9 axçanın xiffəti ilə bu dünyadan köçən binəva Füzulinin heç bir günahı yoxdur.
Məşhur olmağa can atan qələm dostlarımı anlamağa həmişə çətinlik çəkirəm. Beş-altı il əvvəl ANS-də və Xəzər TV-də iki populyar verilişin daimi eksperti idim. Bəzən bir gündə üst-üstə dörd saat canlı efirdə olurdum. Həmin vaxt Masallıda yaşayan tələbə yoldaşım məni qardaşının toyuna çağırmışdı. Əvvəldən də bərk-bərk tapşırmışdı ki, şəhər daxilində taksi xidmətinin qiyməti 1 manatdır, artıq pul vermə. Avtovağzalda taksiyə oturan kimi sürücü başladı məni tərifləməyə. Yolda ünvanıma o qədər xoş söz dedi ki, şadlıq sarayına çatanda üzə düşüb 2 manat verdim...
Demək istədiyim odur ki, məşhur olanda adamın əlinə zurna vermirlər. Odur ki, tanınmaq xatirinə hansısa televiziya aparıcısının efirdə sizi meymun kimi oynatmasınna imkan verməyin...
Seymur Verdizadə - yazarın arxivi