Hakimə qırmızı kart göstərən futbolçunun heykəli qoyulacaq
“Qalatasaray” – “Trabzonspor” matçında hakimə qırmızı vərəqə göstərən Salih Dursun dünyanın diqqət mərkəzinə düşüb.
Gün.Az xəbər verir ki, “Qalatasaray”ın 2-1 qələbə qazandığı həmin oyunda hakim Dəniz Atəş Bitnəl “Trabzonspor”un 4 oyunçusuna qırmızı vərəqə göstərib, hər iki komandanın qapısına isə 1 dəfə penalti təyin edib.
Matçın 86-cı dəqiqəsində yaşanan gərginlik zamanı müqavilə ilə “Qalatasaray”a məxsus olan, icarə əsasında “Trabzonspor”da çıxış edən Salih Dursun baş hakimin qərarlarına etiraz olaraq hakimə qırmızı vərəqə göstərib. Onun bu hərəkəti qırmızı vərəqə ilə qiymtələndirilib və meydandan qovulub.
Matçdan sonra bütün dünyanın diqqətini üzərinə çəkən Salih Dursuna Trabzon şəhərində böyük dəstək göstərilib.
Şəhərin Yoma bələdiyə sədri İbrahim Sağıroğlu bildirib ki, Yoma qəsəbəsində küçələrdən birinə Salihin adı veriləcək.
Maçka qəsəbə bələdiyyəsinin sədri Koray Koçhan isə yeni salınacaq parkda Salihin hakimə qırmızı vərəqə göstərdiyi anı canlandıran heykəl qoyulacağını açıqlayıb.