azia.az
azia.az

Müasir əlifbamızla tərcümeyi-halını yaza bilməyən bələdiyyə sədri, həm də universitet müəllimidir!

28-01-2019, 09:11

Müasir əlifbamızla tərcümeyi-halını yaza bilməyən bələdiyyə sədri, həm də universitet müəllimidir!
Azia.az xəbər verir ki,"Yasamal Bələdiyyəsini bərbad vəziyyətə salıb, şikəst edən Zakir Cəfərovun Bakı Dövlət Universitetinin tələbələri qarşısında necə çıxış etməsi bizə qəribə gəlir?!"

(Üçüncü yazı)

Əvvəlki yazılarımızın əsas mahiyyəti ondan ibarət idi ki, Bakı şəhərində, sözün əsl mənasında, Yasamal Bələdiyyəsi deyilən bir qurum və burada idarəedicilik yox dərəcəsindədir: Neçə ki, bu qurumun başında müasir əlifbamızla tərcümeyi-halını yaza bilməyən, dövlətçiliyimizdən, idarəçilikdən bixəbər, səriştəsiz Zakir Cəfərov ad-soyadlı birisi durubsa, onun taleyi, elə, belə də olacaq! Özünüz deyin, "mənim öz qanunlarım var, necə istəyirəmsə, yaxşı edirəm, elə də işləyəcəm!" -- deyərək, hər şeyi öz varidatı, pulu ilə ölçən, hər addımında qanunlarımızı kobudcasına tapdalamaqdan çəkinməyən, yarıtmaz fəaliyyəti ucbatından bu boyda bələdiyyənin işini iflic duruma salan belə bir kreslo sahibindən yaxşı nəsə gözləmək olarmı?!

Zakir Cəfərovun yarıtmaz fəaliyyəti barədə əldə etdiyi bilgiləri araz.az-la paylaşan məlumatlı şəxsin sözlərinə görə də, bələdiyyə başçısı istər rayon camaatı, istər bələdiyyə üzvləri və qulluqçuları arasında öz nüfuzunu çoxdan itirib: "Bu kreslo sahibinin sakinlərlə normal rəftar edə bilməməsi bir yana, o, bələdiyyənin üzdə olan problemlərini belə yoluna qoymaqda, ən əsası, ölkə rəhbərinin bu yöndən olan müvafiq tapşırıqlarını lazımı səviyyədə icra etməkdə aciz olduğunu öz yarıtmaz fəaliyyəti ilə çoxdan sübut edib. Öncə qeyd etdiyimiz kimi, bütün bunlar onun dövlətçilikdən, idarəçilikdən bixəbər olmasıyla bağlıdır. Bütün bunlar isə, rayon camaatını məcbur edir ki, hökumətin yuxarı dairələrinin nəhayətdə onların haqq səsini eşitməsi, Zakir Cəfərovun daha perspektivli, işgüzar birisiylə əvəzlənməsi, rayonun bu yöndən təəssüf doğuran problemlərinin tez bir zamanda həll olunması üçün, daha təsirli metodlarla onlara müraciət etsinlər -- axı, bu qədər dözmək də olmur!
Artıq neçə illərdir ki, Yasamal boyda bir bələdiyyənin boyuna, sanki qəsdən olaraq, özü boyda da belə problemlər biçilib. Hesab edirəm ki, belə bir acınacaqlı vəziyyət çox davam edə bilməz, çünki artıq camaatın səbri tükənmək üzrədir. Odur ki, aidiyyatı qurumlar tez bir zamanda məsələyə müdaxilə etməli, yaranmış problemin həlli istiqamətində ciddi addımlar atmalı, Zakir Cəfərovun tutduğu vəzifədən kənarlaşdırılması məsələsi gündəmə gətirilməlidir.
Elə, göstərilən səbəblərdəndir ki, bu yerli idarəetmə orqanında qanunlarımızın icrası illərdir təmin edilmir, yığılan vəsaitlərinin istifadə olunmasında şəffaflıq açıq-aşkar pozulur, səriştəsiz və işlərinin öhdəsindən gələ bilməyən, vəzifə səlahiyyətlərinə uyğun olmayan kadrlar vasitəsi ilə bələdiyyənin yüz minlərlə manat büdcə, o cümlədən əsas vəsaitləri qanunsuz olaraq mənimsənilir. Bu səbəbdəndir ki, Zakir Cəfərovun rəhbərliyi dövründə Yasamal rayon Bələdiyyəsinin gördüyü işlərə sərf olunan vəsaitlər mövcud reallıqlarla heç cür üst-üstə düşmür, çəkilən xərclərlə, göstərilən rəqəmlər arasında ziddiyyət aydın nəzərə çarpır. Küçələrin abadlaşdırılması və yenidən qurulması ilə bağlı ortaya çıxan yalanlar isə, utancvericidir. Qəti şəkildə demək olur ki, Zakir Cəfərovun gördüyü bütün işlərdə qatı cinayət izləri açıq-aydın görünür. Bunu təkcə mən yox, bütün yasamallılar deyirlər".
Məlumatlı şəxs deyir ki, Zakir Cəfərovun əsas iş yeri Bakı Dövlət Universiteti olduğu halda, mövcud qanunvericiliyə zidd olaraq, Yasamal rayon Bələdiyyəsinə də sədrlik edir. Etibarlı mənbəmiz bu yerdə onu da xüsusi vurğulayır ki, bələdiyyə sədrinin əsas iş yerindəki əmək fəaliyyəti ilə bağlı ziddiyyətli məqamlar ortaya çıxır: "Müasir əlifbamızla öz tərcümeyi-halını yazmaqda çətinlik çəkən, idarəçilikdən, dövlətçiliyimizdən tam bixəbər olan Zakir Cəfərov kimi birisinin, həm də Bakı Dövlət Universitetinin biokimya və biotexnologiya kafedrasında müəllim işləməsi adama qəribə gəlir. Adamı dəhşətə gətirən odur ki, Yasamal boyda bir bələdiyyə qurumunu öz yarıtmaz fəaliyyəti ilə bərbad vəziyyətə salıb, şikəst edən Zakir Cəfərov o boyda Bakı Dövlət Universitetinin tələbələri qarşısında necə çıxış etir?! Düşünürəm ki, o, Yasamal Bələdiyyəsi kimi, bu nüfuzlu elm ocağının yüzlərlə tələbəsini də, elmi cəhətdən şikəst edir.
Bu cür bisavadın kiminsə hesabına belə bir təhsil məbədgahına sığınması, onun nüfuzuna bir ləkə deyilmi?!.
Onu da qeyd etməyi vacib bilirəm ki, özünün kobud xarakter xüsusiyyətləri ilə bütün bələdiyyə qulluqçularını özündən uzaq salan Zakir Cəfərov kimi birisinin, universitet tələbələriylə normal rəftarı belə ağlasığmazdır.
Əvvəlcədən də qeyd etdiyim kimi, Zakir Cəfərov və onun yaxın ətrafı bələdiyyə binasında vəziyyəti o həddə çatdırıblar ki, bələdiyyə üzvləri bələdiyyə qulluqçularını, bələdiyyə qulluqçuları bələdiyyə üzvlərini doğru-dürüst tanımırlar. Təsəvvür edin, hansı tərəfdən soruşsan ki, beş-on nəfərin ad-soyadını dəqiq desin, bunu bacarmaz. Dəhşət ondadır ki, inzibati binada bələdiyyənin 5 yerli -- sosial, büdcə, iqtisadi inkişaf, ekologiya və hüquq məsələləri daimi komissiyalarının sədr və üzvlərini belə tanıyan yoxdur. Bu da, bələdiyyə sədrinin kobud rəftarlı insan olduğuna bir işarədir! Özünüz deyin, belə xoşagəlməz xarakterə malik bir insanın universitet tələbələri ilə normal rəftarı mümkündürmü?!".
"Bələdiyyə sədrinin digər yerdə işləməsinə qanunlarımız icazə verirmi?" -- araz.az saytı adından, bu sualla, elə, Yasamal Bələdiyyəsinin yüksək səlahiyyət sahiblərindən birinə müraciət etdik. Zakir Cəfərov qorxusu ucbatından suallarımızdan yayınmağa çalışan həmin şəxs, təkidli tələblərimiz müqabilində və adının gizli saxlanması şərti ilə, onu bildirdi ki, “Bələdiyyələrin Statusu haqqında” Qanunun 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, öz səlahiyyətlərini daimi əsasla icra edən, bələdiyyə büdcəsi hesabına aylıq əmək haqqı alan və əsas iş yeri bələdiyyə hesab edilən bələdiyyə üzvü başqa yerdə işləyə bilməz: "Özü də, Zakir Cəfərov kimi kobud rəftar sahibi olan bir şəxsin universitetdə dərs deməsi, qəti surətdə yolverilməzdir! Bunu, mən, tam məsuliyyətlə deyirəm. Yəqin ki, belə bir insan, illərdir bələdiyyənin başına açdığı oyunlardan, tələbələrin başına da açır!".
Bələdiyyədəki dözülməz və acınacaqlı durumla bağlı suallarımıza cavabında isə, həmin şəxs bunları bildirdi: "Zakir Cəfərov bilsə ki, mən sizin suallarınıza cavab vermişəm, sədrin keçmiş müavini, hal-hazırda isə, Respublika Şəhər Bələdiyyələri Assosiasiyasında və Bakı Biznes Universitetinin bələdiyyə üzrə kafedrasında işləyən Əli Əkbərli kimi, məni də "burunlayıb", işimdən kənarlaşdıracaq. Onda, Əli Əkbərli də, bələdiyyədəki belə bir ağır duruma dözməyərək, xidməti məktubla Zakir Cəfərovun özünə müraciət etmiş, təcili tədbirlərin görülməsini və mövcud qanunvericiliyin tələblərinə uyğun yerli özünüidarəetmənin qurulmasında əməli işlərin başlanmasının vacibliyini təklif etmişdi. Hamı bu müraciətin müsbət nəticəsini gözlədiyi bir vaxtda, Zakir Cəfərov əməli iş görmək əvəzinə, bələdiyyəni daha da iflic vəziyyətinə saldı. İndi Əli müəllimi, digər bələdiyyə üzvləri, hətta komissiya sədrləri kimi, bələdiyyənin inzibati binasında görmək də olmur. Əli müəllimin əvəzində isə, iclasların rəsmi protokollarında katib kimi onun saxta imzaları ilə rastlaşmaq mümkündür.
Yerli sosial məsələləri daimi komissiyasının sədri Gülarə Quluzadə Yasamal rayonu 24 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru, yerli büdcə məsələləri daimi komissiyasının sədri Rasim Rəhmanov Əhalinin Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə həkim-eksperti, yerli iqtisadi inkişaf məsələləri daimi komissiyasının sədri Cavid Xudiyev "CS Transport Sercises" MMC-nin direktoru, hüquq məsələləri daimi komissiyasının sədri Əmirbəy Əhmədov ABİHİ-də ümumi şöbənin müdiri, yerli ekologiya məsələləri daimi komissiyasının sədri Reyhan Rzayeva 2 saylı Baza Tibb Kollecində müəllimə işləyirlər. Bütün bunlara görə, onların bələdiyyənin işiylə məşğul olmağa vaxtları qalmır. Əli Əkbərli və Cavid Xudiyev bələdiyyədə rəsmi maaş alsalar da, onlar da burada görünmürlər.
Bu, dözülməz haldır və Yasamal Bələdiyyəsində yerli büdcə vəsaitlərinin idarə edilməsi, malliyyə vəsaitlərinin xərclənməsi mövcud qanunvericiliyin tələblərinə nəinki cavab vermir, ayaq altına atılıb tapdalanır. Qurumdakı xoşagəlməz hallar, sədr Zakir Cəfərovun həddən-ziyadə qanunsuz əməlləri haqqında Prezident Administrasiyasına, müvafiq hüquq-mühafizə, o cümlədən müvafiq icra orqanlarına saysız-hesabsız şikayət xarakterli müraciətlər olunur. Bu qədər narazılıqların mövcud olmasına baxmayaraq, onun barəsində hələ də müvafiq ölçü götürülmür. Əvəzində, Zakir Cəfərov özünü qorxub-çəkinmədən daha yuxarılarda oturan ýüksək çinli nüfuzlu bir məmurun adamı kimi göstərir, dar məqamlarda onun adından istifadə etməkdən çəkinmir. Özünü hamıya pul həvəskarı kimi tanıdan Zakir Cəfərov haqqında Yasamalda kimdən nəsə soruşsan, hamı onun pul qazanmaqda mahir olduğunu xüsusi vurğulayacaq. Əgər bu bələdiyyədə yoxlama aparılsa, onun və ətrafının nələrlə qarşılaşacaqlarını bir o Böyük Allah biləcək. Çünki batdığı belə bir maliyyə bataqlığından çıxmaq hər kişinin işi deyil. Bir sözlə, bələdiyyənin mühasibatlığı irinləşmiş, çirkab içində olan bir yaradır -- onun yarılmasına təcili ehtiyac var!
Məsələnin maraqlı tərəfi ondadır ki, bir ara Zakir Cəfərovun və onun komandasında olanların bu cinayətlərinin araşdırılıb yoxlanılması üçün, Ədliyyə Nazirliyinə, nazirliyin Bələdiyyələrlə İş Mərkəzinə,
Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Vergilər Nazirliyinə müraciətlər olunub. Əvəzində isə, Zakir Cəfərov qisas zəminində, heç bir hüquqi əsas olmadan, qanunsuz olaraq, bələdiyyənin əsas sütunu olan ərazi-idərəetmə şöbəsini ləğv edərək, şöbənin müdirinə heç bir iş təklif etmədən, onu işdən azad etdi. Ara sakitləşəndən iki-üç ay sonra isə, şöbə yenidən bərpa olunub və keçmiş müdiri Zakir Cəfərovun adamı əvəz etdi.
Təəssüf hissi ilə qeyd edirəm ki, Bələdiyyələrlə İş Mərkəzi bizim bələdiyyədə baş verən cinayət tərkibli faktları araşdırmadan, şikayətçilərin iştirakıyla heç bir yoxlama aparmadan, illərlə bələdiyyənin fəaliyyəti barədə saxta rəylər verən, bələddiyyədə mövcud bütün qanun pozuntularının bilavasitə iştirakçısı və yol göstərəni olan Qulu adlı auditin verdiyi rəy əsasında, bu müraciətlərə cavab olaraq, nöqsanların təkrarlanmaması üçün tövsiyyə xarakterli gülünc məktublar göndərib.
Bələdiyyə əməkdaşları bu addımları ölkəmizdə irimiqyaslı islahatların getdiyi bir vaxtda, cənab prezidentin xoşagəlməz hallarla bağlı vətəndaşlarımıza müraciətilə əlaqədar atdılar. Yasamal Bələdiyyəsinin düşdüyü acınacaqlı və dözülməz vəziyyətlə bağlı, dövlətçiliyimiz naminə müvafiq orqanlara məlumat verməyi özlərinə borc bildilər. Əgər bu cinayətkar haqqında bir tədbir görülməzsə, onda belə çıxır ki, onun bizə dedikləri həqiqətdir: Yəni onun pulu var, verəcək, gələn, çıxıb gedəcək.
Amma biz buna inanmırıq. Düşünürük ki, Zakir Cəfərov bütün cinayət əməllərinə görə, nəhayətdə cavab verməlidir. Onun öz "qanunları", dövlətimizin qanunlarından güclü ola bilməz!..".

(Araşdırmalarımız davam edir. Yazının davamı olacaq).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi