azia.az
azia.az

Azərbaycanda II İngilis dili həftəsi keçirilib

10-03-2016, 09:02

Azərbaycanda II İngilis dili həftəsi keçirilib Martın 1-dən 5-dək ABŞ-ın Azərbaycandakı səfirliyi ikinci İllik İngilis dili həftəsini təşkil edib.
Səfirlikdən verilən məlumata görə, sözügedən tədbir çərçivəsində Bakıda yerləşən Amerika Mərkəzində və bir sıra yerli universitetlərdə seminarlar təşkil olunub və ingilis dilinin öyrənilməsini təşviq edən tədbirlər keçirilib.
II İngilis dili həftəsi Azərbaycanda ingilis dilinə olan tələbatın ünvanlanması üçün nəzərdə tutulub. İngilis dili həftəsi ərzində səfirlik bütün yaş qruplarını əhatə edən müxtəlif interaktiv fəaliyyətlər vasitəsilə ingilis dili, müasir tədris metodları və ingilis dilini öyrənənlər üçün müxtəlif resurslar barədə məlumatları paylaşmağa çalışıb.
Mədəniyyət məsələləri üzrə əməkdaş Emi Petersen qeyd edib ki, ingilis dilini danışmaq və başa düşmək bacarığı qlobal iqtisadiyyata qatılmaq və rəqabətə davamlı olmaq imkanı yaradır: "Məhz buna görə İngilis dili həftəsi kimi layihələr tələbələri ingilis dilinin öyrənməsinə həvəsləndirir və müəllimlərə dilin tədrisini daha da səmərəli etmək üçün lazımi üsulları təqdim edir”.
Xanım E.Petersen qeyd edib ki, ABŞ səfirliyi müəllim və tələbələrə dil bacarıqlarını yaxşılaşdırmaları üçün müxtəlif mareriallar təqdim edib. Bakıda fəaliyyət göstərən Amerika Mərkəzi isə ingilis dilinin öyrənilməsi, təkmilləşdirilməsi və istifadəsi sahəsində öz fəaliyyətini davam edir.
İngilis dili həftəsi çərçivəsində təşkil olunan tədbirlərdə 2200-dən çox insan iştirak edib. Populyar tədbirlər sırasına canlı musiqi ilə müşayiət olunan “Amerika Mahnısının Tarixi” və ABŞ-a dair viktorinalar kimi tədbirlər daxil idi. Həmçinin ingilis dilinin dünyada istifadəsi və ingilis dilinin tədrisinin təkmilləşdirilməsi kimi sessiyalar da yer alıb. Sözügedən sessiyalar ictimayyət üçün açıq şəkildə keçirilib və nəticədə müsbət rəy qazanıblar. Azərbaycan Dillər Universitetinin bir tələbəsi sessiyalarda iştirak etdikdən sonra deyib: “Bundan əvvəl müəllim olmaq istəmirdim. Sessiyalardan sonra qərar verdim ki, müəllim olacağam”.
Sessiya iştirakçılarını həvəsləndirmək üçün ABŞ səfirliyi peşəkar ingilis dili müəllimlərini Azərbaycana dəvət edib. Bölgə üzrə ingilis dili əlaqələndiricisi Kevin Makkohi Azərbaycanda olarkan Bakı Dövlət, Azərbaycan Dillər, Bakı Slavyan və Qafqaz universitetlərində, həmçinin Zərifə Əliyeva adına liseydə görüşlər keçirib. Digər ingilis dili mütəxəssisləri Melani Beyker və Sara Qallaher Bakıdakı Amerika Mərkəzində müəllimlər və tələbələr üçün seminarlar keçiriblər.
K.Makkohi, həmçinin Azərbaycanın İngilis Dili Müəllimləri Assosiasiyasının üzvləri ilə görüşüb və İsmayıllıda ingilis dili müəllimləri üçün nəzərdə tutulan seminar keçirib. O, Azərbaycanda ingilis dilinin tədrisinə aid məsələləri müzakirə edib, müəllimlərə lazımi peşəkar resursları təqdim edib. K.Makkohi qeyd edib: “Bakıdakı tədbir iştirakçılarının göstərdikləri həvəs və enerji mənə xoş təəssürat bağışladı”.
Bakıdakı Amerika Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat almaq üçün mərkəzin Feysbuk səhifəsinə müraciət etmək olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi