Özünü cavanlaşdıra bilən heyvanlar hansılardır? - ARAŞDIRMA
Bəzi heyvan növləri stress şəraitində daha gənc inkişaf mərhələsinə qayıtmaq, yəni faktiki olaraq “cavanlaşmaq” qabiliyyətinə malikdir. Bu heyvanlar sırasında arılar, grebneviklər və meduzalar yer alır.
Redaktor.az xəbər verir ki, bu barədə “gazeta.ru”ya Honkonq Şəhər Universitetinin professoru, təkamül bioloqu və qocalma ilə bağlı yeni nəzəriyyənin müəllifi Pyotr Lidski məlumat verib.
Alimin sözlərinə görə, meduzalar əlverişsiz şəraitə düşdükdə inkişafın daha erkən mərhələsi olan polip vəziyyətinə qayıda bilir. Maraqlıdır ki, meduzalar üçün əlverişli şəraitdə bu proses baş vermir və onlar adi qaydada həyat dövrünü tamamlayaraq ölürlər. Lidski qeyd edib ki, oxşar “geri inkişaf” mexanizmi grebneviklərdə də müşahidə olunur.
Bioloq arıların da cavanlaşma xüsusiyyətinə malik olduğunu bildirib. Belə ki, arı doğulduqdan sonra əvvəlcə dayə rolunu yerinə yetirir, yumurtalara və sürfələrə qulluq edir, pətəyi təmizləyir. Daha sonra isə yığıcı (furaçir) mərhələsinə keçir və pətəkdən kənara çıxaraq qida toplayır. Arılar bu mərhələdə cəmi bir neçə həftə yaşayır və sonra ölürlər.
Lidskinin sözlərinə görə, dayəlikdən yığıcılığa keçid zamanı arının sağlamlığında kəskin pisləşmə baş verir: genlərin fəaliyyəti dəyişir, zülalların miqdarı azalır, immun hüceyrələrin böyük hissəsi məhv olur. Bu proses qocalmanı xatırladır. Lakin pətəkdə fövqəladə vəziyyət yaranarsa, məsələn, bütün dayə arılar məhv olarsa, bəzi yığıcı arılar yenidən pətəyə qayıdaraq əvvəlki funksiyalarını icra etməyə başlayırlar. Məhz bu zaman onların orqanizmində cavanlaşma prosesi baş verir, zülal ehtiyatları artır, yeni immun hüceyrələri formalaşır və ömür müddəti uzanır.
Nuriyyə NATİQQIZI