Nazir oğlunun biznesi: Camaatla məzələnirlər? - NARAZILIQ VAR...
"Bir şeyi də yarıdaydız barı... Oğlum Canın servisi ilə bağlı əməlli problem yaşayıram. Avqust ayından bir sürücü tapmışdım, hər şeyi danışmışdım, ayın 15-də Canı evdən götürməli idi. 14-ü yazdım ki, sabah uşağı götür, məlum oldu ki, "dostum bizi unudub", "ikinci növbəyə adam yığa bilməyib", "oralar çox probkadı formulaya görə" və sair və ilaxır. Beləcə başlandı bizim servis problemimiz..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində tanınmış jurnalist Çingiz Özgür qeyd edib.
Jurnalist daha sonra yazır: "Günlərin birində bir nəfərə dərdimi danışarkən dedi ki, əşşi dayan e, ondan asan nə var? Aç yüklə "2scoll" tətbiqini, vəssalam. Açdım, yüklədim, ev adresini, məktəbi, gediş saatını, gəliş saatın yazdım. Dərhal vurdular-çıxdılar, dedilər 137 manat elə indi, bu dəqiqə ödə, oktyabrın 6-dan aparıb gətiririk uşağı. Əlbəttə ki, dərhal ödədim.
Tətbiqlə kifayətlənmədim, nömrə tapdım, zəng etdim, danışdım, tətbiqə yazdıqlarımı bir də bunlara dedim, dedilər hə, elədi. Götürəcəyik, gətirəcəyik, bunu belə edəcəyik, onu elə edəcəyik. Dedim ta iş düzəldi ki...
Neçə gündü uşağı taksi ilə göndərib, çxıarkən də xahiş minnətlə bir sinif yoldaşının atasının öz ailəsi üçün tutduğu maşınla götüzdürrəm. Dedim 5 günlük problemdi də, oktyabrın 6-dan mənim həşəmətli servis xidmətim başlıyır. Ay başladı ha...
Bu gün zəng gəlib. Deyirlər ki, biz o məktəbdən saat 13 ya da 14-də götürə bilərik uşağı. Deyirəm ki, ay tətbiq sahibi, bəs orda qrafiki niyə qoyubsuz? Bəs bizdən niyə soruşursuz uşaq neçədə çıxır? Bəs niyə 10 gün əvvəldən pul ödədirsiz? Ay Sizi dəfn etməyə qara maşın, vayınıza gəlməyə servis, yasınızda iştirak etməyə taksi tapılmasın, məni niyə əsəbləşdirirsiz? Mən axı insanam, min dərdim-odum var... 10 gündü rahat durmuşam ki, servis tapmışam, ağ günə çıxmışam...
Söndürdülər, bir də yığdılar və dedilər ki, nömrə veririk zəng edin, çekiniz atın, pulunuzu geri qaytaraq. Yəni ki, istiyirsən öl, aparmıram, mən beləyəm, belə zoram...
Adlarının önündəki 2- nin əslində bunların xidmətinə veriləcək qiymət olduğunu anlıyıb, kor peşman çeki atmışam dedikləri nömrənin votsapına, həyasızcasına yazıblar ki, "Qeydə alındı. Biz sizin ödənişinizi yönləndirirk banka, bankda 10-12 gün ərzində ödənişinizi geri qaytaracaq". Bax beləcə yazıblar a, düz belə. Düzgün cümlə qurmağa, "da" "də"ni ayrı yazmağa savadı çatmayan adamlar mənimçün servis şirkəti qurub, elmə -təhsilə xidmət göstərəcəkmişlər! Bizim kəndin arvaddarı demiş, " Görüm heç yarımıyasız", necə ki, mənim işimə yarımadız!
Bilmirəm e, çox əsəbiyəm... dərdimi kimə deyim???"
"DİA-AZ" xatırladır ki, “2school” SABAH.HUB İnnovasiya Mərkəzinin “SABAH studio” layihəsinə bağlı startapdır. SABAH.HUB İnnovasiya Mərkəzinin rəhbəri xarici işlər naziri Ceyhun Bayramovun oğlu Rəhim Bayramlıdır.
Rəhim Bayramlı müxtəlif sahələrdə yeni şirkətlərin qurulmasına fokuslanan, Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun nəzdində 2021-ci ildə yaradılmış “Sabah.lab” MMC-nin icraçı direktorudur.