ADİU tələbələrindən “Xocalıya ədalət” kampaniyasına dəstək
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Xocalı soyqırımının 24 illiyinə həsr olunan tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdən əvvəl iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan abidə ağacı və tələbələrin soyqırımı əks etdirən rəsm əsərləri ilə tanış olublar.
Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADİU-nun rektoru, professor Ədalət Muradov Xocalı soyqırımının bəşəriyyət və insanlıq əleyhinə yönəlmiş dəhşətli cinayət olduğunu bildirib.
Heydər Əliyev Fondunun soyqırımı həqiqətlərinin dünyaya bəyan edilməsi istiqamətindəki xidmətlərini vurğulayan rektor, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının əhəmiyyətindən danışıb.
O həmçinin, İqtisad universiteti tələbələrinin “Xocalıya ədalət!” çağırışına qoşularaq “UNEC’s Khojaly outreach” adlı müsabiqə keçirdiyini bildirib. Qeyd edək ki, ADİU-nun Yaradıcılıq Mərkəzinin Tarix dərnəyinin təşkil etdiyi müsabiqədə tələbələr Xocalı soyqırımını əks etdirən təqdimatla çıxış ediblər.
Tədbirdə müsabiqə qalibləri Nigeriya vətəndaşı Con Aroqun və Elşad Quliyev öz təqdimatlarını nümayiş etdiriblər. Sonra Xocalıya həsr edilən videorolik izlənilib. UNEC-in Yaradıcılıq Mərkəzinin hazırladığı “Xocalı soyqırımı tablosu” tamaşası oynanılıb.