Hesablama Palatası ötən həftə Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunda həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkar etdi. Dövlət qurumu auditin Fondun yaradıldığı 17 iyun 2021-ci il tarixindən 1 iyun 2024-cü il tarixinə qədər olan dövrü əhatə etdiyini və səmərəlilik auditi formasında keçirildiyini bəyan edirdi.
Hesablama Palatasının məlumatında yazılır: “Fondun nizamnamə kapitalının formalaşdırılması üçün dövlət büdcəsindən 2021-ci ildə 80,0 mln. manat, 2022-ci ildə isə kreditləşmə fəaliyyətinin davam etdirilməsi üçün əlavə 22,0 mln. manat vəsait ayrılmış, auditlə əhatə olunan dövrdə ümumilikdə 32,9 mln. manat vəsait Təhsil Tələbə Kreditinin (TTK) maliyyələşməsinə sərf edilmişdir.
Bundan əlavə, həmin dövrdə Fondun saxlanması üçün 3,6 mln. manat xərc edilmiş, bu xərclərin 1,8 mln. manatını əməyin ödənişi xərcləri təşkil etmişdir. Yaranma tarixindən 31 may 2024-cü il tarixinədək Fonda 21888 nəfər tərəfindən cəmi 45688 kredit müraciəti edilmiş, ondan 16799 nəfər üzrə ümumi məbləği 33,1 mln. manat təşkil edən 36063 kredit rəsmiləşdirilmiş, bundan, hamısı sonuncu tədris ilində olmaqla, 130,1 min manat məbləğində 159 müqavilə sonradan ləğv edilmişdir.
Ləğv edilmiş 159 müqavilə istisna olmaqla, bakalavriat təhsil səviyyəsi üzrə 25321, magistratura təhsil səviyyəsi üzrə 8841, orta ixtisas təhsili səviyyəsi üzrə 1622 və peşə təhsili səviyyəsi üzrə 120 müraciət üzrə kredit rəsmiləşdirilmiş, kreditdən həm dövlət, həm də özəl təhsil müəssisələrinin tələbələri yararlanmışdır.
Qeyd edilənlərin icrası prosesində bəzi nöqsanlara da yol verilmiş, eləcə kreditlərin verilməsi və funksional fəaliyyətin təşkilinin nəticəliliyinin daha da yüksəldilməsi imkanlarından bəzi hallarda tam istifadə olunmamışdır”.
Bəs 100 milyon manatdan artıq maliyyə bazası olan Fondun arxasında hansı qüvvələr var?
Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevdir.
Araz Paşayevin bioqrafiyasında yazılır: “2000-ci ildə Şəki şəhəri 8 saylı beynəlmiləl tam orta məktəbini bitirib. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsinin bakalavriat səviyyəsi, 2007-2009-cu illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin magistratura səviyyəsi üzrə və 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2022-ci ildən Bakı Dövlət Universitetinin Əmək və Ekologiya hüququ kafedrasında əmək hüququ ixtisası üzrə doktorantura təhsili alır. Əmək fəaliyyətinə 2006-cı ildə başlayıb, indiyədək müxtəlif yerli və beynəlxalq təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. 2021-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışır. A.Paşayev əmək fəaliyyəti ilə yanaşı pedaqoji fəaliyyət ilə də məşğul olub. 2007-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İnsan resurslarının idarə olunması və korporativ mədəniyyət”, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistrlərüçün “İnsan resurslarının idarə olunması” fənlərini tədris edib. Hal-hazırda, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Əmək və sosial təminat hüququ fənnini tədris edir. A.Paşayev yerli və bir sıra beynəlxalq maliyyə institutları tərəfindən maliyyələşən layihələrdə potensial quruculuğu və institusional inkişaf üzrə ekspert qismində iştirak edib”.
Lakin burada Araz Paşayevin 2021-ci ildən öncə olan biznes fəaliyyəti barədə heç bir cümlə keçmir.
Rüfət Mahmud faktoru
AzFakt.com xəbər verir ki, Araz Paşayev 2017-2021-ci illərdə “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olub. Şirkət 2017-ci ildə təsis edilib.
Dövlət satınalmalarında aktiv iştirak edən bu şirkət əsasən konsultasiya sahəsində fəaliyyət göstərir. Şirkət indiyədək dövlət satınalmalarından milyonlarla manat məbləğində tenderlər udub.
Şirkət yaranarkən hüquqi ünvanı Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi ev 13A ünvanı olub. Lakin 2022-ci ildə şirkətin hüquqi ünvanı faktiki ünvanına – Səbail rayonu Zərifə Əliyeva ev 55, 6-cı mərtəbə, 48-cü ofisə- dəyişdirilib.
Mətbuatda yazılanlara görə “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki hüquqi ünvanı Rüfət Mahmud adlı şəxsə məxsusdur.
Rüfət Mahmud əvvəllər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri və eyni zamanda “Maarifçi Tələbə Kredit” Fondunun İcraçı direktoru vəzifəsində çalışıb.
Rüfət Mahmudun yüksək vəzifəli şəxslərlə isti münasibətinin olduğu deyilir.
2021-ci ildə Təhsil Tələbə Krediti Fondu yaradılandan sonra Araz Paşayev “UNİVERSİTAS-İNTERNATİONAL” MMC-nin qanuni təmsilçisi vəzifəsindən çıxaraq Fondun İdarə Heyətinin sədri olub.
Xatırladaq ki, Hesablama Palatası auditin nəticələri əsasında qəbul edilmiş Kollegiya qərarında aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Tələbə Təhsil Kredit Fondu tərəfindən sorğu və onlayn təlimlərin keçirilməsi zamanı yol verilmiş nöqsanlar üzrə artıq ödənilmiş vəsaitin bərpa olunması nəzərə alınmış, dövlət büdcəsinin icrası ilə bağlı hesabatda uyğunsuzluqlara dair Maliyyə Nazirliyinə məlumat göndərmişdir.