azia.az
azia.az

Əli Məsimli: “Dövlət maliyyə nəzarətinə dair vahid konsepsiya işlənməlidir”

12-08-2018, 11:44


“Bəs nəzarət orqanlarının fəaliyyətinə necə nəzarət etməli?”
Azərbaycanda dövlət maliyyə nəzarətinin gücləndirilməsi, daha təkmil mexanizmlərin yaradılması uzun illərdir müzakirə olunur. Milli Məclisin İqtisadi və sosial siyasət komitəsinin üzvü Əli Məsimli ilə söhbətimiz bu sahədə mövcud durumu dəyərləndirməyə, ölkədə daha təkmil maliyyə nəzarəti sisteminin qurulması yollarına həsr olunub.

- Azərbaycanda dövlət maliyyə nəzarətinin mövcud vəziyyətini necə qiymətləndirirsiniz?

- Dövlət maliyyə nəzarəti-dövlət idarəetmə və tənzimləmə sisteminin çox mühüm tərkib hissələrindən və iqtisadi inkişafın əsas şərtlərindən biri olmaqla dövlət vəsaitindən öz təyinatına görə və səmərəli istifadə olunmasının təmin edilməsində mühüm yer tutur. Dövlət maliyyə nəzarəti həm dövlət büdcəsini vahid tam kimi, həm də dövlətin maliyyə-iqtisadi sisteminin ayrı-ayn subyektlərinin fəaliyyətini əhatə edir. Maliyyə-büdcə nəzarəti əsasən bilavasitə büdcə prosesi çərçivəsində müxtəlif cür nəzarət tədbirlərindən - büdcə təsnifatının gəlir və xərc maddələrinin əsaslılığının qiymətləndirilməsi, bütün səviyyələrdən olan büdcələrin icrasının vaxta müvafiqliyinin və tamlığının yoxlanılması, büdcədənkənar dövlət fondlarının xərclənməsinə nəzarət və sairədən ibarət olur. Maliyyə-təsərrüfat nəzarəti isə öz ifadəsini təsərrüfat subyektlərinin maliyyə-təsərrüfat əməliyyatlarının yoxlanılmasında və təftişində, ayrılmış dövlət vəsaitlərinin təşkilatlar tərəfindən istifadəsinin səmərəliliyinin, dövlət əmlakının idarə edilməsinin qanuniliyinin və rasionallığının qiymətləndirilməsində və sairədə tapır.

Dövlət maliyyə nəzarəti dedikdə hər şeydən əvvəl Hesablama Palatasının fəaliyyəti ilə bağlı nəzarət başa düşülsə də, əslində konstitusiyamızda təsbit edilmiş hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq, dövlət maliyyə nəzarəti daha çox Hesablama Palatası vasitəsilə parlament nəzarəti, icra hakimiyyətinin strukturuna daxil olan nəzarət qurumları, Mərkəzi Bankın, indi isə daha çox Maliyyə Bazarlarına Nəzarət Palatasının,Vergilər Nazirliyi və sair bu kimi qurumların, eləcə də inzibati və hüquq-mühafizə orqanları vasitəsilə nəzarəti əhatə edir.

Dövlət maliyyə nəzarəti dövlətlə əlaqəsinin xarakterinə görə dövlətdaxili maliyyə-iqtisadi münasibətlərə yönəlmiş nəzarəti, eləcə də təsərrüfat subyektlərini, o cümlədən dövlətin xarici kontragentlərlə maliyyə-iqtisadi münasibətlərini (ixrac-idxal əməliyyatları, tranzit ticarət, xarici borc, xarici dövlətlərin və təşkilatların borcu, xarici vergi, kredit və ticarət əlaqələri, digər beynəlxalq fəaliyyət) nəzərdə tutan nəzarəti əhatə edir. Məsələyə bu cür geniş kontekstdən yanaşdıqda iki mühüm nəticəyə gəlmək olar: əvvəla, son illər dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində bir sıra zəruri işlər görülüb. İkincisi isə bütün bunlara baxmayaraq, hələlik dövlət maliyyə nəzarətinin əhatə dərəcəsi, eləcə də gücləndirilməsi və əldə olunan real nəticələri qənaətbəxş hesab etmək olmaz.

- Dövlət maliyyə nəzarətinin təkmilləşdirilməsinə ehtiyac varmı? Varsa, hansı istiqamətlərdə tədbirlərin görülməsini zəruri sayırsınız?

- Təbii ki, böyük ehtiyac var. Maliyyə nəzarətinin keyfiyyətinin artırılması, nəticəliliyinin yüksəldilməsi, bu sahədə şəffaflığın və aşkarlığın təmin edilməsi iqtisadi inkişafa və təhlükəsizliyə böyük təminat yaradır. Son dövrlərdə bu istiqamətdə ölkədə müəyyən tədbirlərin həyata keçirilməsinə baxmayaraq, bir sıra ciddi problemlər hələ də qalmaqdadır ki, bu da öz növbəsində maliyyə nəzarətinin təkmilləşdirilməsini obyektiv zərurətə və tələbata çevirib. Fikrimizcə, bu məsələyə kompleks yanaşılmalı, çoxsahəli bir sistemi özündə ehtiva edən maliyyə nəzarətinin ayrı-ayrı istiqamətlərini təkmilləşdirməkdən öncə, ölkəmizdə maliyyə nəzarəti üzrə vahid konsepsiya işlənib hazırlanmalıdır. Həmin konsepsiyada dövlət maliyyə nəzarətinin mövcud vəziyyətinin obyektiv təhlili, arzu olunan vəziyyəti, maliyyə nəzarəti sisteminin təşkili və həyata keçirilməsi üzrə əsas istiqamətlər öz əksini tapmalıdır. Bu konsepsiya dövlət maliyyə nəzarətinin hüquqi bazasının möhkəmləndirilməsi, təşkilati tədbirlərini və sairi özündə əks etdirən təkmil bir sənəd olmalıdır.

Qısa şəkildə demək olar ki, həmin konsepsiyada maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi ölkəmizdə həyata keçirilən maliyyə islahatlarının mühüm tərkib hissəsi kimi götürülməli, maliyyə nəzarətinin niyə və hansı istiqamətlərdə təkmilləşdirilməsinin yolları və iqtisadi mexanizmləri müəyyən edilməli, işlək mexanizmin aparıcı elementləri öz əksini tapmalıdır. Burada dövlət maliyyə nəzarətinin beynəlxalq paraktikada özünü doğruldan üsullarının Azərbaycanda geniş tətbiqi, qanunvericilik bazasının beynəlxalq standartlara uyğun köklü şəkildə zənginləşdirilməsi və yeni qanunların qəbulu, maliyyə nəzarətinin hüdudları, nəzarət dairəsinin genişləndirilməsi və nəzarət orqanları arasında koordinasiya işinin gücləndirilməsi və səmərəliliyinin artırılması, maliyyə nəzarəti orqanları ilə digər dövlət idarəetmə orqanlarının əlaqələrinin təkmilləşdirilməsi, maliyyə nəzarəti sahəsində maraqların toqquşmasının qarşısının alınması kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Maliyyə nəzarətinin effektivlik meyarları hazırlanmalı və tətbiq edilməlidir.

Müasir dövrdə beynəlxalq səviyyədə maliyyə nəzarətinin önə çıxmış elementlərindən biri kimi çirkli pulların leqallaşdırılması ilə mübarizə məsələsi mühüm aktuallıq kəsb edir. Həm ümumiyyətlə, həm də çirkli pulların yuyulmasının qarşısının alınması baxımdan həlli vacib olan məsələlərdə içərisində bir aktual sual açıq qalıb: bəs nəzarət orqanlarının fəaliyyətinə necə nəzarət edilməli? Ona görə də nəzarət orqanlarının hesabatlılığının təkmilləşdirilməsi və məsuliyyətinin artırılması istiqamətində təsirli tədbirlər görülməlidir.

- Sizcə, “Dövlət maliyyə nəzarəti haqqında” Qanuna ehtiyac varmı?

- Bəli, var. Milli Məclisdə büdcə müzakirələri zamanı qaldırdığımız məsələlər içərisində “Dövlət maliyyə nəzarəti haqqında” model qanunun qəbulunun və ondan irəli gələn digər qanunların qəbulunun sürətləndirilməsi məsələsini deputat həmkarım Vahid Əhmədovla birlikdə demək olar ki, hər il qaldırırıq. Aidiyyəti orqanlar tərəfindən bu qanunun hazırlanması istiqamətdə xeyli iş görülüb, bu sahədə yüksək təcrübəyə malik olan Avropa ölkələrinin təcrübəsi öyrənilib. Layihənin ilkin variantı da hazırlanıb. Bununla belə, Rəqabət Məcəlləsi kimi, “Dövlət Maliyyə nəzarəti haqqında” Qanunun qəbulu da ildən-ilə ötürülür. Bunun səbəbləri çox ola bilər, amma ehtimal ki, “Dövlət maliyyə nəzarəti haqqında” Qanunun indiyədək qəbul olunmamasının əsas səbəbi bu məsələyə münasibətdə maraqların toqquşmasıdır.

“Hələlik real nəticələri qənaətbəxş hesab etmək olmaz”
- Hesablama Palatası öz işinin öhdəsindən nə qədər gələ bilir? Bu quruma hansı əlavə səlahiyyətlər verilməlidir ki, effektiv maliyyə nəzarətini həyata keçirə bilsin?

- Qanunvericiliyə əsasən, Hesablama Palatası büdcə prosesində iştirak edir, dövlət büdcəsinin və büdcədənkənar dövlət təsisatlarının büdcələrinin layihələrinə, dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir; dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil edir, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayır və Milli Məclisə təqdim edir; dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edir və Milli Məclisə məlumat verir. Hesablama Palatası yüksək professionallardan ibarət bir komanda şəklində dövlət büdcəsi və dövlət vəsaiti ilə bağlı kifayət qədər sanballı, elmi tutumlu və praktiki əhəmiyyətli sənədlər hazırlayır. Bununla belə, Hesablama Palatasının həyata keçirdiyi tədbirlərin əhatə dairəsi getdikcə genişlənsə də, hələlik nəticəlilik arzuolunan səviyyədə deyil. Hesablama Palatasının fəaliyyəti nəticəsində 2017-ci ildə büdcəyə qaytarılan vəsaitlərin hamısı dövlət büdcəsi xərclərinin 0.1 faizi ətrafındadır ki, bu da simvolik bir rəqəm deməkdir. Hesablama Palatası ötən il vəzifəli şəxslərə qarşı intizam tədbirləri həyata keçirib və nöqsanlara yol verən 258 şəxsə qarşı müxtəlif intizam tədbirləri həyata keçirilib, onlardan 9 nəfər işdən azad edilib. Bununla belə, Azərbaycanda nəzarət mexanizmi paradoksludur:vətəndaşa qarşı sərt, mənurlara qarşı isə yumşaq və ya yolavermə xarakteri daşıyır. Vətəndaş eyvanında əlavə bir kərpic qoyanda, dövlət orqanları çox operativ surətdə onun başının üstünü alır, ya nəsə alır, ya da cəzalandırır. Lakin dövlət hakimiyyət orqanlarında baş verən pozuntulara daha çox yolavermə prinsipi ilə yanaşılır. Dövlət vəsaitindən istifadədə istrafçılıq və talançılıq baş alıb gedir, bəzən bir obyektin tikilməsinə iki-üç dəfə artıq vəsait ayrılır. Büdcədən ayrılan vəsaitin bir hissəsi öz təyinatına görə istifadə olunmur, mənimsənilir. Yalnız məmur işdən çıxarılandan sonra məlum olur ki, milyon manatlarla ölçülən dövlət vəsaiti talanıb, dağıdılıb, mənimsənilib və sair. Bu işdə hər şeyi Hesablama Palatasının üstünə atmaq düzdün yanaşma deyil. Fikrimizcə, Hesablama Palatası və digər nəzarət qurumları dövlət vəsaitlərinin talanmasının qarşısının alınması və korrupsiya hallarına qarşı da effektli mübarizə aparmaqdan ötrü vəzifəli şəxs milyonlar yeyəndən və işdən çıxandan sonra yox, korrupsiyaya qurşanana qədər onun yolunu kəsməlidir.

Bu il qəbul edilmiş yeni qanuna görə, Hesablama Palatasının fəaliyyət istiqamətləri kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirmək, icmal büdcənin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və icrasına dair rəy vermək, həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri əsasında maliyyə intizamının gücləndirilməsi, maliyyə nəzarəti üsullarının təkmilləşdirilməsi və maliyyə nəzarəti fəaliyyəti işinin planlaşdırılması məqsədilə mütəmadi təhlillər aparmaq, maliyyə idarəetməsinin və dövlət maliyyə nəzarətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, həmçinin dövlət vəsaitlərindən səmərəli və məqsədyönlü istifadə ilə bağlı tövsiyələr vermək kimi müəyyənləşib. Yeni qanunda Palatanın statusu dəqiqləşdirilib, təşkilati və funksional müstəqilliyinin təminatındakı maneələr aradan qaldırılıb, maliyyə-büdcə nəzarətinin əhatəliliyi artıb, məlumat bazasına çıxış imkanları genişlənib, nəzarət fəaliyyətinin əhatə dairəsinə aydınlıq gətirilib, həyata keçirilən nəzarət fəaliyyəti üzrə dövlət əmlakı, dövlət orqanları ilə bağlı məsələlər dəqiqləşib, audit sahəsindəki fəaliyyəti beynəlxalq standartlara və günün tələblərinə uyğunlaşdırılıb, dövlət vəsaitlərinin və dövlət əmlakının idarəedilməsi ilə bağlı nəzarət funksiyasının əhatəliliyi artırılıb. Hesablama Palatasının yeni qanunda nəzərdə tutulan hüquq və vəzifələri, eləcə də məsuliyyəti dairəsində digər müvafiq qurumlarla da effektiv kombinasiya şəklində fəaliyyətinə imkan yaradılsa, indikindən qat-qat effektiv maliyyə nəzarətini həyata keçirə, auditlər vasitəsilə qabaqlayıcı təsirini gücləndirə, dövlət vəsitinin talanmasının və israfçılıqla işlədilməsinin qarşısını xeyli dərəcədə ala, dövlət büdcəsinə indiki kimi on milyonlarla yox, yüz milyon manatlara ölçülən vəsaitin qaytarılmasını, büdcə vəsaitindən öz təyinatına uyğun səmərəli istifadəni təmin edə bilər.

Dünya SAKİT,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi