Qiyabi təhsil ləğv olunur? - Ekspertdən AÇIQLAMA
Son illərin müşahidələri göstərir ki, ölkədə abituriyentlər ali təhsil ocaqlarına seçim zamanı daha çox əyani təhsil formasına üstünlük verirlər.
Çoxları isə qiyabi təhsilin effektiv olmadığını deyirlər.
Bütün bunları nəzərə alaraq, qiyabi təhsil ləğv oluna bilərmi?
Mövzu ilə bağlı "Cebheinfo.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi qiyabi təhsil formasının tamamən ləvğ olunmayacağını bildirib.
Ekspert qeyd edib ki, qiyabiyə nəzərən əyani təhsilin üstünlükləri çoxdur və müəyyən ixtisaslarda qiyabi təhsil qalacaq:
““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkəmizdə hazırda əyani, qiyabi və distant formada tədris nəzərdə tutulur. Nəzərə alsaq ki, təhsil haqqında qanunvericilikdə distant təhsil təsdiqini tapsa da, hələlik keçərli deyil. Əsasən, əyani və qiyabi təhsilə üstünlük verilir.
Demək olar ki, ali təhsil müəssisələrinin bakalavr pilləsində daha çox əyani ixtisaslardır. Magistratura pilləsində isə yalnız bir neçə universitetdə ixtisas forması qiyabidir.
Əyani təhsilin üstünlükləri çoxdur. Əyani təhsildə tələbələr nəzəri bilikləri daha dərindən öyrənir, təcrübə zamanı isə qiyabiyə nəzərən daha uzunmüddətli təcrübə keçmək imkanı əldə edirlər. Qiyabi təhsil əsasən, işləyən şəxslər, ailə həyatı qurmuş amma yenə də təhsil almaq istəyən vətəndaşlarımız üçün nəzərdə tutulmuş təhsil formasıdır.
Laboratoriya təcrübəsi, nəzəri biliklərin yerində tətbiqi kimi ixtisaslarda qiyabi təhsil yəqin ki, mümkün olmayacaq. Bu ixtisasların qiyabiləri ləğv olunacaq. Təkcə builki ali təhsil müəssisələrinin bakalavr pilləsində keçirilən müsabiqədə biz gördük ki, artıq bir neçə universitet bu kateqoriyaya daxil olan qiyabi ixtisasları ləğv etdilər.
Yalnız bir sıra universitetdə, bəzi ixtisasların qiyabi şöbələri mövcuddur. Əgər gələcəkdə biz bakalavr təhsilini 4 ildən 3 ilə endirə bilsək, qiyabi təhsilin müddəti az olduğu üçün yenə bəzi ixtisasları da ləğv etmək mümkündür.
Qeyri-ixtisas fənləri tədris olunmazsa, o zaman biz müddəti 4 ildən 3 ilə endirə bilərik. Amma düşünmürəm ki, qiyabi təhsil tamamilə ləğv olunsun. Müəyyən ixtisaslarda saxlanılacaq”.
Əfsanə Rəcəb