İdman sahəsində əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir
Anar Fərmayılov, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı.s.ü.f.d.
Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bu imicə sahib olub. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla və mütərəqqi Liderliyi ilə davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub.
Azərbaycanda keçirilən dünya və Avropa çempionatları sübut edir ki, həqiqətən də, Azərbaycanda idman sürətlə inkişaf edir. Ölkəmizin, ardıcıl olaraq beynəlxalq yarışlarda iştirakı və uğurlar qazanması beynəlxalq aləmin Azərbaycandakı idman hərəkatına olan diqqətini artırıb.
Bu il isə Azərbaycan Olimpiya Oyunları tarixində yeni bir uğura imza atdı. 26 iyul-11 avqust 2024-cü il tarixlərində Fransanın paytaxtı Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında dünyanın ən güclü 30 ölkəsinin arasında yer alaraq, ölkəmiz 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazandı. Bu göstərici ilə Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv 57 müsəlman ölkəsi arasında üçüncü yerdə qərarlaşdı. Xüsusilə, idmançılarımızın bir neçə idman növlərində medal qazanması ölkəmizdə idmanın hər bir sahəsinə göstərilən diqqət və qayğının bariz göstəricisidir. Cari ilin 14 avqust tarixində Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı Ölkə Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə gedir. Bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir”.
İdmançılarımızın yalnız məharətləri ilə deyil, həm də yarış zamanı layiqli davranışları ilə seçildiklərini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu, onların yüksək mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi: "Əlbəttə ki, bu nailiyyətlər, eyni zamanda, medallar qazanmış idmançıların məsuliyyətini də artırır. Mən şadam ki, bizim idmançılarımız həm yarışlarda, eyni zamanda, həyatda nümunəvi davranış qaydaları göstərirlər. Yəni, siz gənclər üçün nümunəsiniz. Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir”.
Bu gün idman sahəsində əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. İdmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya oyunlarında ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, vətənə və Azərbaycan bayrağına olan məhəbbətinin artmasına, eləcə də yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır.