azia.az
azia.az

“Qadın müəllimlər diqqət və qayğıya, kişi müəllimlər isə qürur və nüfuza meyillidirlər…” - Nadir İsrafilov

12-03-2024, 15:31

Nə qədər ki, müəllimin nüfuzu qalxmayacaq, kişi müəllimlərin bu peşəyə cəlb olunmasında da müəyyən problemlər yaşanacaq".

Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, bu hal təkcə bizim Respublika üçün xarakterik hal deyil:

"Dünyanın bir çox digər ölkələrində də məktəblərdə qadın və kişi müəllimilərin sayı barədə müzakirələr müxtəlif platformalarda aparılır. Beynəlxalq Əmək Təşkilatının açıqladığı məlumatlara görə, ölkələr üzrə pedaqoji heyətdə qadınların üstünlük təşkil etdiyi rəqəmlər müxtəlifdir. Statistik rəqəmlərdən də göründüyü kimi, uzun illərdir ki, məktəblərdə kişi müəllimlərin azlığı problem olaraq qalmaqdadır. Hətta oğlan şagirdlərin məktəbdə davranışlarında son dövrlər müşahidə olunan bir sıra neqativlərin artması da məktəblərdə kişi müəllimlərin sayının azlığı ilə əlaqələndirilir. Hətta Elm və təhsil naziri Emin Əmrullayev də çıxışlarının birində gələcəkdə qadınların təhsildə çox olmasının problem yaradacağını qeyd edib: “Amma biz kişi müəllimlərin çox olmasını istəyirik".


Bəs görəsən kişi müəllimləri məktəbdən yayındıran səbəb nədir? Onları yenidən məktəbə qaytarmaq üçün hansı tədbirlərin görülməsinə ehtiyac var? Bu sual da xeyli müddətdir ki, müzakirə obyektlərindən biri kimi daim gündəmdədir. Məktəblərdə qadın müəllimlərin sayının kişi müəllimlərdən dəfələrlə çox olması artıq narahatedici reallığa çevrilib. Hətta, cəmiyyətdə belə bir fikir də formalaşıb ki, müəllimlik daha çox qadın sənətidir. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də media nümayəndələrinə açıqlamasında demişdi ki, təhsil sahəsində kişi müəllimlərin azalması gender balansının pozulmasına səbəb olur: “Bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, oğlanlar müəllimlik peşəsini seçsinlər. Maarifləndirmə işləri artmalıdır. Gender balansı pozulub"".

Ekspert qeyd etdi ki, vəziyyətdən çıxış yolu kimi kimisi əmək haqqının artırılmasını, kimisi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsini görür:

"Halbuki, son on ildə əmək haqqı dəfələrlə artıb, 1000-2000 min manat civarında əməkhaqqı alan xeyli sayda müəllimlərimiz var. Əsaslı dönüş isə hələ ki, yoxdur. Bugünkü gün müəllimlərə dövlət qulluqçusu statusu verilməsi də o qədər real görünmür, çünki, təhsil işçilərinin sayı çox yüksək rəqəmlərlə ifadə olunur. Bir mənalı demək də olmaz ki, kişi müəllimlərin sayı azdır. Kişi müəllimlər kifayət qədərdir, lakin bir ailə başçısı olaraq, onlar daha çox biznes sahələrində, kommersiya strukturlarında fəaliyyətə daha çox üstünlük verirlər. Fərdi fəaliyyət sahəsi olan repetitorların, müxtəlif hazırlıq kurslarının müəllimlərinin əksəriyyəti kişilərdir.

Hesab edirəm ki, kişi müəllimlərin yenidən məktəbə qaytarılmasının ən optimal yolu “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas hədəflərindən biri kimi müəllim nüfuzunun qaldırılmasıdır. Qadınlar diqqətə və qayğıya meylli oduğu qədər, kişilər də onların qürur mənbəyi olan nüfuza daha çox meyillidirlər. Bu gün məktəblərimizdə təlim-tərbiyə prosesinin təşkilində kişilik qüruruna, kişi zəhminə böyük ehtiyac var. Bununla belə, kişi müəllimlərin təhsilə cəlb olunması zamana bağlı olan məsələdir. Kişi müəllimlərin təhsildən aralanması nə qədər vaxt aparıbsa, onların yenidən bu peşəyə cəlb olunması da bir o qədər vaxt aparacaq".

Həmidə İBRAHİMLİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi