azia.az
azia.az

Məktəblərdə qadın müəllimlərin çoxluq təşkil etməsi təhlükəlidir - ARAŞDIRMA

10-12-2021, 20:48

Məktəblərdə qadın müəllimlərin çoxluq təşkil etməsi təhlükəlidir - ARAŞDIRMA
Azərbaycanda orta məktəblərdə kişi müəllimlərin sayında ciddi şəkildə azalma müşahidə olunur. Vurğulamaq lazımdır ki, bu vəziyyət xüsusilə ibtidai siniflərdə daha açıq görünür. Belə ki, metodik peşə fəaliyyətində çox vaxt qadın müəllimlərin sayı üstünlük təşkil edir. Metodika ixtisasını seçən kişi müəllimlərə isə nadir hallarda rast gəlinir, bəzən də heç təsadüf edilmir. Bunun səbəbini araşdırdıqda ilk növbədə bu məsələnin sosioloji tərəfi vurğulanır. Yəni bunu müəllimlərin maaşının az olması ilə əlaqələndirirlər. Lakin daha ətraflı araşdırdıqda bu msələnin kökündə mental, fiziki və s. amillərin dayandığı məlum olur.

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Şahlar Əsgərov məktəblərdə xüsusilə ibtidai siniflərdə qadın müəllimlərinin çoxluq təşkil etməsini təhlükə hesab edir:

“Bu peşəni sevərək seçənlər elə müəllim işləyəcəklər. Əsas problem ibtidai siniflərdə yalnız qadın müəllimlərin sayının çox olması və kişi müəllimlərin olmamasıdır. Bu, çox təhlükəlidir. Deyək ki, 9-cu sinifdə biologiya müəllimi qadındır, yaxud fizika müəllimi kişidir. Lakin başlanğıc, yəni ibtidai siniflərdə kişi müəllimlərinin olmasına diqqət yetirmək lazımdır. Həmin siniflərdə kişi müəllimlərə ehtiyac var. Bu, qeyd etdiyim kimi təhlükəli bir haldır. Çünki bir kişi ilə qadın xasiyyəti, fikri çatdırmaq tərzi fərqlidir. Məktəblərdə ilkin siniflərdə uşaqlara nə öyrədilirsə, onun gələcək həyatına təsir edir. İbtidai siniflərdə qadın müəllimlərlə bərabər kişi müəllimlərin də olması zəruridir".

Təhsil üzrə ekspert İlqar Orucov bildirdi ki, təhsil ocaqlarında qadınların sayının çoxluq təşkil etməsinin öz mənfi və zərərli tərəfləri var:

“Azərbaycanda kişi müəllimlərinin sayı ilə bağlı statistika ürəkaçan deyil. Yəni, kişi müəllimlərinin sayı azdır. İbtidai siniflərdə bu tendensiya daha çox hiss olunmaqdadır. Hətta hazırda müəllim hazırlayan Azərbaycan Dövlət Pedoqoji Universitetində müəllim olacaq tələbələrin belə say nisbəti xanımların lehinə dəyişir. Düşünürəm ki, son illərdə müəllimlərin əməkhaqqısı ilə, sosial müdafiəsinin gücləndiirlməsi ilə bağlı xeyli işlər görülüb və bunun nəticəsi olaraq Azərbaycanda kişi müəllimlərin sayında kifayət qədər irəliləyiş hiss olunmaqdadır. Amma qadın müəllimlərinin sayının çox olmasının da xeyli zərərli tərəfləri də var. Biz orta məktəblərə nəzər salsaq görərik ki, şagirdlərdə oğlanların sayı qızların sayı ilə təxminən bərabərdir. Nəzərə alsaq ki, bu, oğlanların qadın müəllimlər tərəfindən təhsil aldığı təqdirdə onlar əslində birbaşa onların psixologiyasına, inkişafına mənfi təsirini göstərir. Ümid edirəm ki, bizim oğlanlarımızın orta məktəbdə müəllim peşəsini seçməklə bağlı yaxşı mənada irəliləyişlər görəcəyik. Bu baxımdan, hazırki durum nə qədər narahatverici olsa belə, bizim başqa yolumuz yoxdur. Son illərdə elmdə də qadınların sayı artmaqdadır və ali təhsil müəssisələrində də xanımların sayı kifayət qədər yüksəlib. Yəni bu, artıq bağçadan, orta məktəb, ali təhsil müəssisəsinədək bütünlükdə qadınların təhsil ocaqlarında üstünlük təşkil etməsi öz mənfi təsirlərini göstərir. Kişi cinsindən olan müəllimi, ümumiyətlə oğlanları müəllimlik peşəsinə zorla cəlb edə bilmərik, amma bu istiqamətdə müəyyən strategiyamız mütləq şəkildə olmalıdır. Azərbaycanın hər zaman peşəkar, xatırlanacaq kişi müəllimləri olub. Bu ənənəni yenidən bərpa etmək çox yaxşı olardı və bütövlükdə yetişməkdə olan gənc nəslin böyüməsi naminə kişilərimiz, oğlanlarımız müəllimlik peşəsini seçməlidirlər. Xüsusilə müstəqilliyin ilk illərindən başlayaraq bu mənfi tendensiya gücləndi. Bu, daha çox onunla bağlı oldu ki, Azərbaycan ailəsində kişinin rolu daha çoxdur və onun qazanc gətirmək missiyası var. Artıq kişilərin böyük əksəriyyəti müəllimlik peşəsindən əl çəkdi. Baxmayaraq ki, onlar zamanında çox böyük həvəslə gəlmişdilər. O zamanlarda müəllimlərin əməkhaqısında kifayət qədər problemlər var idi. Amma son illərdə müəllimlərin maaşında ciddi irəliləyiş var və artıq cəmiyyətdə də bu hiss olunur ki, müəllim omaq istəyən kişilərin sayı da artıb. Gənclər üçün bu sahənin təşviqi məsələsinə xüsusi yer verilməlidir".

Təhsil eksperti Qoşqar Məhərrəmov da bildirdi ki, məktəblərdə müəllim sayında qadınların üstünlük təşkil etməsi kişi müəllimi obrazının çatışmazlığına gətirib çıxarır. Onun sözlərinə görə bu, oğlan uşaqlarının oriyentasiyasına da təsir edir:

"Bu hal sadəcə Azərbaycana məxsus deyil. Adətən dünyanın inkişaf etmiş ölkələrində də müəllimlik peşəsinin semilizasiya, yəni qadınlaşması prosesi gedir. Sadəcə bizdə bu daha çoxdur və bu, xüsusilə də ibtidai təhsil səviyyəsində, təhsilin digər səviyyələrində, ümumiyyətlə, müəllimlik peşəsinin qadınlara məxsus olduğunun düşünülməsi və müəllimlik peşəsinin məvacibinin az olması ilə əlaqədardır. Çünki düşünülür ki, müəllim əgər ailənin bütün yükü onun üzərində deyilsə, dövlət müəssisəsində işlədiyi maaşla ailəsinə sadəcə dəstək ola bilər. Əgər müəllim sadəcə təkbaşına maliyyə yükünü üzərinə götürəcəksə, onda dövlət təhsil müəssisəsindən aldığı maaş yetərli olmayacaq. Buna görə də, müəllimlik peşəsində iş saatı dərs saatları ilə məhduddur. Müəllimlik bu cəhətdən də qadın peşəsi olub. Qadınlar xarakter olaraq fərqlidirlər. Ona görə də necə ki qız şagirdləri qadın rolu modellərə, nümunələrə diqqət yetirirlər, eynilə oğlan uşaqlarının da kişi rolu modellərə ehtiyacı var. Buna görə də məktəbdə də müəllimlik peşəsinə də müəyyən qədər gender balansının olmağı əhəmiyyətlidir. Əks halda sonrakı yaşlarda xarakter davranış problemləri ola bilər. Yalnız qadınlardan ibarət təhsil ocaqlarında disiplina, intizam problemlərinin olduğu qeyd olunur. Burada da digər peşələrdə olduğu kimi gender balansına ehtiyac var. Necə ki, mühəndislik peşəsində kişinin dominatlığı diqqət çəkir, eynilə də müəllim peşəsində də qadın say olaraq dominantlığı diqqət çəkir. Bunun qarşısını almaq üçün son illərdə müəyyən işlər görülür.

Məsələn ali məktəblərdə ixtisas seçimi zamanı ilk yerlərə müəllimliyi yazanlara təqaüdün verilməsi motivasiyaedici bir amildir. Müəllimlərin müxtəlif üsullarla əlavə gəlir mənbə əldə etməyi, məsələn özəl kurslarda işləməyi, özəl təhsil müəssisələrinin açılması, repetitorluq fəaliyyəti kimi amillər artıq oğlan abituriyentləri də müəllimlik peşəsinə təşviq edir. Son bir neçə ildə xüsusilə universitetlərdə kişi müəllimlərinin sayında çoxalma var. Lakin bu, azacıq bir çoxalmadır və bunun daha kütləvi hal ala bilməsi üçün məvacibin bir az daha artırılması lazımdır".

Ekspert hesab edir ki, bu peşədə xalqın düşüncə tərzində dəyişikliyə ehtiyac var.

"İbtidai metodika ixtisasında sadəcə qadınlarla yanaşı kişilər də işləyə bilər. Bizim düşüncə tərzimizdə ibtidai sinif müəllimi olaraq qadın obrazını daha çox yaraşdırırıq. Çox az adam öz övladlarının, yaxud özünün ibtidai sinif müəllimi ola biləcəyini düşünür, çünki bizdə kişi davranışı dedikdə müəyyən qədər bir az kobud, sərt davranışlar ona daha çox yaraşdırıldığından kişilər özünü bu peşədə görmür. Rol modeli olmadıqda uşaqlarda oriyentasiyanın dəyişməsinə qədər gəlib çıxır. Bu, artıq dəb halına gəlib. Burada da çox diqqətli olmaq lazımdır, yəni oriyentasiyanın dəyişdirilməsi artıq hormonal məsələ deyil, seçim halına gəlib. Çünki uşaq qarşısında nümunə görmür. Xüsusilə də dağılan ailələrdə anası ilə qalan uşaqlara bir kişi obrazı yoxdursa, onlar üçün vəziyyət daha ağırdır. Sinif müəllimi ixtisasında kişilərin çox olmağında mentalitet amili də var. Bu amil kişilərin əlehinə, qadınların lehinə işləyir".


Nuranə TOFİQLİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi