azia.az
azia.az

50 baldan yuxarı toplayan müəllimlərə.....-TƏCİLİ

12-02-2024, 18:01

Sertifikasiyadan keçən müəllimlərin əmək haqqına artımlar tətbiq oluna bilər.
Azia.az xəbər verir ki, “Cebhe.info”-ya daxil olan məlumata görə, bununla bağlı hökumətə təqdim edilməsi üçün təkliflər hazırlanır. 
Qeyd edək ki, ölkədə 40 mindən çox müəllim sertifikasiyadan keçib. 2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçəcək. Qeyd edək ki, son sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunur. Ümumilikdə isə ölkədə müəllimlərin mövcud əmək haqları ilə bağlı elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, Azərbaycanda hər 3 müəllimdən 1-i 2023-2024-cü tədris ilində 1000 manat və daha yuxarı əməkhaqqı alacaq. 
Qeyd edək ki, sertifikasiyadan keçən bir qrup müəllim sertifikasiyanın nəticələrinə uyğun olaraq əmək haqlarının artırılması ilə bağlı çıxış ediblər. Belə təkliflə çıxış edən müəllimlərdən biri, Yardımlı rayon Vərgədüz kənd orta məktəbinin ibtidai sinif müəllimi, 23 ildir əmək fəaliyyəti ilə məşğul olan Xanverdi Dadaşov “Cebhe.info”-ya bildirib ki, 162 müəllim adından rəsmi şəkildə Elm və Təhsil Nazirliyinə müraciət ediblər:
“Sertifikasiyada 50 bal toplayan müəllimlər olaraq müraciət etmişik. Lakin birinci dəfə bizə müsbət cavab verilməyib. Ancaq 50 bal məsələsi bu gün də gündəmdədir. Hətta elm və təhsil naziri Emin Əmrullayev də 2022-ci il sertifikasiya imtahanının yekununda demişdi ki, 50 bal yüksək nəticədir və bu nəticəni göstərən müəllimlərin maaşına 35 faiz əlavə veriləcək. Bu barədə mən özüm də 2 dəfə videoyazı hazırlayıb müəllimlər adından internet vasitəsilə müraciətlər etmişəm.
Ümumiyyətlə, dəfələrlə yazılı müraciətlər olub. Təkcə 50 bal toplayan müəllimlərlə bağlı deyil, ümumiyyətlə, sertifikasiya imtahanındakı qaydalara yenidən baxılmasını təklif etmişik. Biz 80%-dən yüksək nəticə göstərmiş müəllimlərlə bağlı dəyişiklik istəyirik. Həmçinin imtahanın 5 ildən bir yox, hər keçirilməsini təklif edirik, yəni müəllimlər hər il gedib nəticələrini yaxşılaşdırsınlar”. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda qaydalara görə, sertifikasiyadan uğurla keçən müəllimlərin əmək haqqına 10 faiz və 50 baldan yuxarı bal toplayanlara 35 faiz əlavə olunur. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi