Oğrular və banditlər
Oğru ilə "bandit"in ölçüyəgəlməz fərqi var. Çoxları hərdən "zakonnik"ləri “bandit”, “qanqster” adlandırırlar. Məsələn , Moskva, Tbilisi, Rostov, Yekaterinburq kimi meqapolislər “oğru”, Leninqrad, Kalininqrad, Vladivostok vilayətləri isə hələ ittifaq dağılmamışdan qabaq "banditlər şəhəri" kimi ad çıxarmışdı. Oğrular bütün məsələləri danışıqlar yolu ilə, sübutlarla, bir sözlə, “metla” ilə həll edirdilərsə, "bandit"lər qol gücünə, silaha, qan axıtmağa üstünlük verirlər.
Oğrular əldə etdikəri sərmayənin əsaslı hissəsini “obşaq” vasitəsilə qazamatlardakı məhbuslara, vərəm dispanserlərindəki xəstələrə, azadlığa qovuşmuş layiqli "zek"lərin bir müddət yaşamaları üçün cib xərcliyinə yönəldirlərsə, (Lotu Bəxtiyar, Sabirabadlı Hikmət, “Malış” Söhbət, Kutuzov Çingiz və b.) , banditlər qazandıqlarını eyş-işrətə, spirtli içkilərə, narkotaya, qumara qoyurlar.
"Bandit"lərin devizi belədir: “ Həyatım bahasına əldə etdiyim pulu niyə “obşaka”, məhbəsdə oturanlara verməliyəm?”
Mansur "bandit" idi
Proloq
Qızıl üzüklər və zəncirlələ bəzənmiş qollarını yana açaraq öz qanı içində uzanmışdı Mansur. Ölümcül güllə onun gücgahından dəymişdi. Başqaları Mansurun həyatına qibtə edərdilər - Moskvanın mərkəzində mənzili, bir neçə maşını, qədərincə pulu və sevgililəri...
Beləcə, ömrünün ən gurlayan çağında, 36 yaşında taleyi qırıldı “Zolotoy”un... Bu taleyi özü seçmişdi...
1995-ci il aprelin 7-də gecədən xeyli keçmiş, Moskvanın lap mərkəzində, Petrovka küçənindəki 19-cu binanın ikinci girişində qələbəlik başladı. Həyətə və giriş qapısına gedən yolları milis dəstələri mühasirəyə aldılar. Xüsusi dəstə isə Sergey Mamsurovun (kriminal aləmdə Mansur adlandırılırdı) mənzilinin qapısını sındırmaqla məşğul idi.
Həyətdə isə valideyn Mamsurovlar və “Qızıl” oğlanın daimi vəkili təlaş içində ətrafa yayılan çəkic zərbələrinin gurultusuna qulaq kəsilmişdilər.
Milis polkovniki onlara yanaşaraq təlaşla:
- Mansuru bir neçə dəfə təslim olmağa çağırsaq da, razılaşmayıb, - dedi. – Hücum etməkdən savayı əlacımız qalmayıb. Əgər Seryoja silah işlətsə, onu öldürə də bilərlər.
Barmaqlarını bir-birinə keçirərək var gücü ilə sıxan qadının köksündən dərin bir “ah” qopdu və o, yıxılmamaq üçün ərinin paltosundan yapışdı. Kişinin də dişləri bir-birinə dəyir, ayaqları əsirdi.
Ziyalıların cinayətkar oğlu
Sergey alıcənab ziyalı ailəsində doğulub boya-başa çatmışdı. Babası hərbi kəşfiyyatçı, atası kontr-admiral, anası isə nüfuzlu universitetlərdən birində pedoqoq idi.
Anasının dediyinə görə, Seryoja ilk şeirini hələ yeddinci sinifdə oxuyarkən partada yanaşı oturduğu uzunqıçlı Svetaya həsr etmişdi. Sveta isə onu saya salmır, iki sinif yuxarıda oxuyan güləşçi Vitalikə meyl edirdi. Sergey də başqalalarından geri qalmayaraq, o vaxtlar zirzəmi həyatı yaşayan Şərq döyüşü növündə bəxtini sınamaq qərarına gəlir. Az sonra cüdo üzrə şəhər birinciliyində iştirak edən Sergey ikinci mükafatla valideynləri və məktəbin müdiriyyətini sevindirir. Məktəbi qurtaranda Mamsurov artıq həm idman ustası normasını yerinə yetirir, həm də gecələr Svetlana ilə kafe-barlarda qucaqlaşaraq rəqs edirdi. Artıq Svetka onun arxasınca sürünürdü.
Məktəbi qurtaran ili universitetin prestijli sayılan iqtisadiyyat fakültəsinə daxil olan Sergey xərclədiyi pul sayəsində pop musiqiçilər, incəsənət universitetində oxuyan gələcək aktrisalar, kafe şansonetkaları ilə sıx ünsiyyət qurmuşdu.
Valideynlərinin gündəlik verdikləri pullar onu qudurtmuşdu, içkiyə, narkotikə qurşanmışdı. Və bu yol onu qazamata sürüklədi.
“Butırkada” Sergey tez bir zamanda “patsan” kimi özünü təsdiqləyir. Kontr-admiralın oğlu tez-tez aldığı peredaça: kolorili ərzaq, nağd pul, “təkər” adlandırılan narkotik qarışıqlı həblər sayəsində özünə çoxsaylı tərəfdaş, xlebnik topladı. “Batya” ləqəbli Leonid Zavadski özünü “otrisal” elan etmiş Sergeyə oğru aləminin acılı-şirinli güzəranından danışdı. Zavadski bir neçə dəfə içəriyə düşüb çıxdığından SİZO-da "polojeniya"ya baxırdı.
Çifir və “vertuşka” ilə tanışlıq
Universitet dosenti olan Mamsurova həftədə iki dəfə dolu zənbillər və yaxşı pulla oğlunun görüşünə gəlir, “Sergeydən muğayat olun” deyərək qazamatın zabit heyətinə, nəzarətçilərə “qrev” paylayırdı.
Qumar oyunlarının “as”ı sayılan Zavadski tanışlığının elə birinci həftəsində Mansurdan səkkiz min rubl uddu. Tavanın nə demək olduğunu hələ dərindən dərk etməyən Seryoja pulu vaxtında çatdırmadığına görə az qalmışdı “svetlyankaya” (əl-üz yuyulan otaq) düşə. Burada onu alçalda bilərdilər.
Həbsxana və lagerlərdə qumar xüsusi yer tutur. Hələ 1930-cu illərin əvvəllərindən başlayaraq qədim rus oyunları sayılan ters, seka, rams, bura və stos həbs düşərgələrində geniş yayılmışdı. Elə o vaxtdan bəri kart oyununun qayda-qanunları da dəqiqləşdirilmişdi. Bu qayda-qanunun bilavasitə oyunlara aidiyyatı yox idi. Onlar daha çox qumar prosesində meydana çıxan nüansları, xırdalıqları tənzimləyirdilər. Məhz bundan sonra qumar dustaq taleyində həlledici rol oynamağa başladı. Onlar bir gecədə müflis də ola bilərdilər, varlı da. Məhz qumar üstündə dustaqlar şikəst olur, həyatlarını itirir, "üzdəniraq"a və yaxud "paraşnik"ə çevrilirdilər. Lakin bütün bunlara baxmayaraq, qumar oynamağa davam edirdilər.
İki il müddətində Sergey Zavadskidən qumarın bütün incəliklərini öyrənir. Zavadskini sonradan “Qumar Korolu” ayamasını qazanan Amiran Kvantrişvili də öz müəllimi, qumar tiranı sayırdı.
1992-ci il... Türmədən əvvəlcə Mansur, üç ay bitməmiş Zavadski azadlığa çıxır. “İnturist” mehmanxanasının restoranında təşkil olunan “Azadlığın mübarək” məclisinə yığışan "vor"ların əksəriyyətinin adlarını Mansur dəfələrlə eşitsə də, üzlərini ilk dəfə görürdü. Zavadskiyə bu münasibətlə bağışlanan qiymətli hədiyyələr, maşın və xəzəl kimi tökülən pul Mansuru təəccübləndirdi. Belə sərmayə ilə Lyonya ömrünün sonunadək sakitcə yaşaya bilərdi. Mansurun maddi vəziyyəti isə ürəkaçan deyildi, atası təqaüdə çıxmışdı, anası isə artıq bir ay idi xəstəxana çarpayısına pərçımlənmişdi.
Səhəri gün görüşəndə Zavadski Mansura idmançılardan ibarət 15 nəfərlik briqada tapşıra biəcəyini deyir. Həmin vaxtlar Lyonyanın dostu Vitya Kalina OMİK stadionunda örtülü bazar və “Pirs” firması açmışdı. Kalina Sergeyi bazarda “Krışa” kimi öz yanına dəvət edir və həmin vaxtdan da Mansurun kriminal aləmdə “yüksəliş” yolu başlayır, yaxşıca qazanır. Sel kimi cibinə axan pul Mansurun başını gicəlləndirir, gününü eyş-işrət məclislərində, narkotik dumanlığında keçirir.
Artıq “Qızıl Mamsur” ayaması daşıyan Seryojanın hərəkətləri həyasızlaşir, əməlləri cəzasız qalırdı. O, bazarda işləyən gözəl qızları yoldan çıxarır, əks təqdirdə elə lotokun içərisindəcə döyürdü. Kommersantları vaxtaşırı ofisinin zirzəmisində “imtahan”a çəkir, istədiyini ala bilməyəndə əzişdirirdi.
Mansur üçüncü oturuşdan sonra iynəyə dadanmışdı. Zavadski ilə ilk dəfə anaşanın dadına baxan “Zolotoy” dörd il sonra artıq kokain, heroin və daha güclü LDS-ə aludə olmuşdu və hər gün iynələrin dozasını artırırdı.
Mansurun briqadirlərindən biri Qızıldişin dediklərindən: “Uğursuz "razborka"dan sonra dəstəmizi həbs etdilər və Aslan Tvanba ilə Mansur Butırkaya atıldı. Həmin vaxtlar “Zolotoy” kiçmandan malyavalar göndərir, ona və içəridəki patsanlara narkota çatdırılmasını tələb edirdi. İyirmi milyon rubl girov ödədikdən sonra azadlığa çıxmış Mansur bizdə təəccüb oyadırdı. Onun başına sanki hava gəlmişdi. Bəzən saatlarla gözlərini bir nöqtəyə zilləyərək heykəl kimi oturur, bəzən də quyruğu tapdalanmış ilan təki fişıldayaraq öz idmançıları, yaxud kommersantlarına hücum çəkirdi. Bir sözlə, ”Zolotoy” həmişə hallüsinasiya vəziyyətində, başıhavalı olurdu.
Nepmenski oğrular onu taca yaxın buraxmırdılar. Bilirdilər ki, daim doza altında olan Mamsurovda müsbətdən daha çox mənfi atomlar qaynaşır. Təcridxanada oturarkən onun yanına elə tanınmış müğənni, aktrisa qızlar gəlirdi ki, adlarını çəksəm, məni dəli hesab edərlər. Mansur kef xatirinə heç vaxt simiclik, jmotluq eləməyib. Çünki əli qızılla, pulla oynayırdı. Və puldan savayı müqəddəs bir şey tanımayan "Zolotoy" onu qazanmaq üçün istənilən adamı yolundan süpürüb qayadan atmağa hazır idi. Onda bircə şey çatışmırdi - Oğru tacı!”
Onu oğru adına yaxın buraxmayanlardan biri, bəlkə də birincisi Batya Zavadski idi. Zakonnik Mamsurovun orqan işçilərilə əlaqədar olmasından şübhələnirdi.
Bununla belə, oğrular Mansurun həyatına xaç işarəsi cəkmişdilər və Zolotoy özü də bunu gözəl bilirdi.
İvankovun 1994-cü ilin fevralında Amerikadan həmin vaxt Butırkada (SİZO 2-də) oturan “Şakro Starıy”a açdığı telefon danışığının stenoqramması:
Yaponçik qəzəblə:
- Mansur haqqında malyavanı sən yazmısan?
- Bəli, mən.
- O “polojenes” yox, “mokruşnikdir”...
- Kim bilərdi...
- Hamını güdaza verirsən, “Starik”! Səhv eləmisən, düzəlt!
Mansur növbəti dəfə İstintaq Təcridxanasından zaminə buraxıldlqdan sonra, martın 31-də “dan” almaq məqsədilə kommersantalardan birini tutub səkkiz gün öz mənzilində işgəncələr verir, özü isə yandakı otaqda məşuqəsi ilə kef çəkirmiş. Lakin kommersant nə təhər olursa, evdən qaça bilir. Mansurun cangüdəni “Malış”ın rəhbərliyi ilə idmançılar qaçqını bütün dəlmə-deşiklərdə axtarsalar da, bədəni qançırlarla bəzənmiş kommertsant özünü yaxınlıqdakı Petrovka 38-ə çatdırır. Zolotoyun mənzilinə dərhal əməliyyat qrupu göndərilir. Milis işçiləri kimin üstünə gəldiklərini anlayanda məzilə hücuma keçməyə cürət etmirlər.
Epiloq
Bir saat sonra MUR-dan, OMON-dan gələn xüsusi dəstə binanı mühasirəyə alır və Mansurun valideynləri hadisə yerinə gətirilir.
Çaxnaşmadan məlum idi ki, milis əməkdaşları mənzilə hücum edəcəklər. Bir neçə təcili yardım maşını da gəldikdən sonra ətrafda tam sakitlik yarandı. Tufandan əvvəlki sakitlik. Yarım saatlıq gülləborandan sonra yenə ətrafa ölü sükut köçdü.
Mansurla onun sevgilisinin meyitlərini təcili yardım maşınına qoyaraq apardılar. Başqa bir təcili yardım maşını isə Zolotoyun özündən getmiş xəstə anasını yaxındakı klinikaya çatdırdı.
Bəhram Çələbi