azia.az
azia.az

Universitetlərə muxtariyyət verilməlidir?

29-01-2024, 10:23

Zaman-zaman ali təhsil müəssisələrinə muxtariyyət verilməsi ilə bağlı fikirlər səslənir.

 

Maraqlıdır, gələcəkdə universitetlərə muxtariyyət verilməsi mümkündürmü?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən sabiq deputat, təhsil üzrə ekspert Sona Əliyevanın sözlərinə görə universitetlər elmi fəaliyyətlə məşğul olan qurumlardır:

 

“Hər bir ali təhsil müəssisəsinin dörd əsas prinsipi var: Biliyi istehsal etmək, öyrətmək, təqdim etmək və yaymaq. Təbii ki, universitetlər öz üzərinə düşən vəzifəni yerinə yetirmək üçün mövcud siyasi vəziyyətdən uzaq durmalıdır. Həmçinin, akademik, inzibati və maliyyə sahələrində ən azından öz seçim hüququna malik olmalıdır.

 

Universitetlərə muxtariyyət verilməsi ilə bağlı düşüncələrim müsbətdir. Lakin hesab edirəm ki, sözügedən proses Azərbaycan reallığında yaxın zamanda mümkün olacaq məqam deyil. Təbii ki, bununla bağlı qanunvericilik dəyişməlidir, amma biz digər əlavə amilləri gözdən qaçıra bilmərik”.

 

Həmsöhbətimiz bildirib ki, əgər universitet inzibati muxtariyyətə sahib olarsa, rektorlar səsvermə yolu ilə seçilməlidir:

 

“İlk növbədə universitetin inzibati muxtariyyəti ilə bağlı mövzudan başlayaq. Azərbaycanda ali təhsil müəssisələrinin rektorları Prezident tərəfindən təyin olunur. Əgər universitet inzibati muxtariyyətə sahib olsa, demək bu, seçki yolu ilə baş verməlidir. Belə olan halda universitetdə səsvermə yolu ilə ən yaxşı professor-müəllim heyətindən bir şəxs rektor seçilir. Hazırda Azərbaycanda belə bir təcrübə yoxdur”.

 

Ekspert qeyd edib ki, ödənişli əsaslarla təhsil alan tələbələrdən yığılan pul universiteti idarə etmək üçün yetərli deyil:

 

“Hazırda ali təhsil müəssisələri dövlət tərəfindən maliyyələşir. Universitetlər pul qazana bilmir. Çünki qazancları çox azdır. Bu baxımdan muxtariyyət məsələsi real görünmür.

 

Çünki ali məktəblərdə təhsil alan tələbələrin 50%-ə qədəri dövlət sifarişli, geridə qalan 50% isə ödənişli əsaslarla oxuyurlar. Onlardan toplanan vəsaitlər heç universitetin müəyyən xərclərini belə qarşılaya bilmir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi