azia.az
azia.az

AMEA-da akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib

5-04-2023, 21:05

Aprelin 5-də Azərbaycan Milli Elmlər Akademiyası, AR Milli Məclisinin Səhiyyə Komitəsi və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş elmi konfrans keçirilib.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri Xiyabanda müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları önünə tər çiçəklər düzüblər.

AMEA Rəyasət Heyətinin binasında keçirilən konfransda AMEA-nın, Elm və Təhsil Nazirliyinin, Səhiyyə Nazirliyinin,  “Azərbaycan” qəzetinin rəhbərliyi və nümayəndələri, millət vəkilləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. Ölkə başçısı İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” 3 noyabr 2022-ci il tarixli Sərəncamından sonra ölkəmizin elm və təhsil müəssisələrində, səhiyyə sistemində görkəmli elm xadiminin yubileyinin geniş şəkildə qeyd olunduğunu diqqətə çatdıran akademik İsa Həbibbəyli bildirib ki, Zərifə xanım Əliyevanın çoxcəhətli elmi və tibbi fəaliyyəti təkcə öz dövrü üçün deyil, bu gün üçün də mühüm əhəmiyyət kəsb edir və aktuallığını qoruyur. 

Ölkəmizdə XX əsrin 1-ci yarısına qədər daha çox terapiya və cərrahiyə sahələrinin inkişaf etdiyini vurğulayan AMEA rəhbəri məhz Zərifə xanım Əliyevanın xidmətləri sayəsində XX əsrin ikinci yarısından başlayaraq Azərbaycanda oftalmologiya elminin və göz xəstəlikləri tədqiqatlarının inkişaf edən sahələrdən birinə çevrildiyini söyləyib.

“Bu, Zərifə Əliyevanın Azərbaycan tibb elmi qarşısındakı böyük məqsədlərindən biri idi. Zərifə xanım Əliyeva ölkəmizi keçmiş Sovetlər İttifaqında və onun hüdudlarından kənarda da oftalmologiya üzrə elmi tədqiqat işləri aparılan nüfuzlu mərkəzə çevirmişdir. Zərifə xanımın göz həkimi kimi məşhurlaşması, bu sahədə məktəb yaratması ilə Azərbaycandan kənardakı tibb mərkəzlərinə xəstələrin axınının qarşısı alınmışdır. Zərifə xanımın bir məqsədi də ondan ibarət idi ki, o, rus həkimlərindən ibarət heyət yaradaraq, onları Azərbaycanın regionlarına aparır¸ müalicə işi təşkil edirdi. Zərifə xanım Əliyeva dünya tibb elminə yeni müalicə üsulları gətirmiş, bu istiqamətdə apardığı tədqiqatları təkcə nəzəri müddəalarla deyil, həm də o müddəaları formalaşdırmaqda ona əsas verən təcrübə ilə əlaqələndirməklə fərqlənmişdir”, - deyə akademik İsa Həbibbəyli bildirib. 

Qeyd edib ki, onun Bakı Məişət Kondisionerləri Zavodu və Bakı Şin Zavodunda apardığı müşahidələr, yaratdığı tibbi müalicə və diaqnostika mərkəzi oftalmologiya sahəsində özünə qədər və ondan sonra aparılan tədqiqatlardan tam fərqli elmi nəticələrin əldə olunmasına öz töhfəsini verib. Akademik diqqətə çatdırıb ki, məhz bunun nəticəsində ölkəmizdə 1960-cı illərə qədər geridə qalmış tibb sahələrindən biri sayılan oftalmologiya elmi artıq 1970-ci illərdə Moskva, Sankt-Peterburq kimi bu elm sahəsində əsas mərkəzlərlə bir sırada dayanırdı və bir çox hallarda onlardan önə keçmişdi. Həmin illərdə dünyanın bir sıra ölkələrinin, həmçinin keçmiş SSRİ-nin görkəmli alimlərinin məqsədinin Bakıda keçirilən konfranslarda iştirak etmək, müzakirələr aparmaq, reallıqları görmək olduğunu deyən akademik İsa Həbibbəyli bu reallıqların birbaşa Zərifə Əliyevanın praktik və elmi fəaliyyəti ilə əlaqədar olduğunu söyləyib. 

Həmçinin vurğulayıb ki, akademik A.Qarayev adına Fiziologiya İnstitutunda Zərifə xanımın yaratdığı və rəhbərlik etdiyi göz xəstəliklərinin diaqnostikası və profilaktikasına həsr olunmuş laboratoriya Azərbaycanda göz xəstəlikləri elminin hüdudlarını Səhiyyə Nazirliyinin dairəsində genişləndirərək akademik mühitə daşınmasında ən yeganə nümunədir. 

“Zərifə xanım Əliyeva həm də ölkəmizdə böyük ictimai xadim kimi qəbul olunmuşdur. Zərifə xanımın obrazını canlandırarkən onun sadəqətli olması mütləq ön sırada gəlmişdir. O, Əziz Əliyevin ocağında qazandığı sədaqət andını Heydər Əliyev kimi görkəmli dövlət xadiminin sədaqətli yoldaşı olmaqla, bütün dünyanın gözü qarşısında isbat etmişdir. Zərifə xanım Əliyevanın çoxcəhətli fəaliyyəti ölkəmizdə hər zaman yüksək qiymətləndirilmişdir. O, “Əməkdar elm xadimi” adına, “Qırmızı əmək bayrağı ordeni”nə layiq görülmüş, o zaman üçün əlçatmaz sayılan “Averbax” mükafatının Azərbaycana gətirilməsinin mümkünlüyünü sübut etmişdir. Milli Oftalmologiya Mərkəzi Zərifə xanım Əliyevanın adını daşıyaraq ölkəmizin nüfuzlu tibb mərkəzlərindən biri kimi inkişaf etmişdir.  Akademiyada Zərifə xanımın adına mükafat təsis olunmuşdur. Bakıda məktəb-lisey Zərifə xanımın adını daşıyır. Ən başlıcası isə Zərifə xanım Əliyeva Heydər Əliyev kimi görkəmli siyasi xadimin həyat yoldaşı, XXI əsrdə Azərbaycanın Zəfər tarixinə adını yazdırmış Prezident İlham Əliyevin anasıdır”, - deyə AMEA rəhbəri çıxışının sonunda bildirib.  

Sonra çıxış edən AR Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkəmizdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin keçirildiyini, bugünkü tədbirin tamamilə yeni formatda təqdim olunduğunu söyləyib.

Tədbirin “Azərbaycan” qəzeti, AMEA və Milli Məclisin Səhiyyə Komitəsinin birgə təşkilatçılığı ilə keçirildiyini qeyd edən akademik Əhliman Əmiraslanov əlavə edib ki, belə bir mötəbər tədbirin ölkmizin nüfuzlu mətbu orqanı olan “Azərbaycan” qəzetində geniş işıqlandırılması böyük əhəmiyyət kəsb edir. 

Səhiyyə Komitəsinin sədri Ə.Əmiraslanov böyük şəxsiyyətlərin, alimlərin yetişməsində onların boya-başa çatdığı mühitin böyük rolu olduğunu deyərək bu baxımdan görkəmli akademik Zərifə Əliyevanın formalaşdığı mühitin onun yaradıcılığına təsirindən söz açıb, alimin fəaliyyətinin mühüm istiqamətləri haqqında məlumat verib. Qeyd edib ki, Zərifə Əliyeva görkəmli ictimai-siyasi xadim, həkim Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Bu ailənin Azərbaycan elminə, təhsilə, səhiyyəyə, mədəniyyətə görkəmli mütəxəssislər bəxş etdiyini vurğulayan Ə.Əmiraslanov ailənin bu ənənələrinin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb. 

“Böyük alim, ictimai-siyasi xadim olmaq üçün ilk növbədə, öz sahəsinin yüksəkixtisaslı mütəxəssisi, peşəkarı olmaq zəruridir”, - deyən akademik Ə.Əmiraslanov akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elmində müstəsna xidmətləri olduğunu, böyük uğurlara imza atdığını bildirib. Vurğulayıb ki, Zərifə Əliyeva həkimlik fəaliyyətinə başladığı ilk illərdən on minlərlə insanın görmə qabiliyyətinin bərpa olunmasında əvəzsiz rolu olmuş, qlaukomanın yeni müalicə üsullarını təklif etməsi ilə minlərlə insanı bu xəstəlikdən xilas etmişdir.  

Akademikin sözlərinə görə, görkəmli alim Zərifə Əliyeva öz elmi fəaliyyətində oftalmologiyanın ən çətin və az müraciət olunan sahələri üzrə tədqiqatlar aparmış və əhəmiyyətli uğurlar qazanmışdır: “Zərifə xanımın həmin dövr üçün yeni sahələr olan tibbi etika və deontologiyaya dair tədqiqatları təkcə tibbə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edilmişdir. Sovet dövrünün bu sahə üzrə mütəxəssisləri də Zərifə Əliyevanın bu sahədə apardığı tədqiqatları yüksək qiymətləndirmişlər”. Ə.Əmiraslanov görkəmli alimin gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsində bir sıra orijinal kəşflərinə görə tibb elminin Nobel mükafatı adlandırılan SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görüldüyünü də vurğulayıb. 

Komitə sədri Zərifə Əliyevanın sədaqətli həyat yoldaşı, qayğıkeş ana olduğunu bildirib, alimin həyat yolunun hər bir Azərbaycan vətəndaşı, alimi və həkimi üçün mənəviyyat dərsi, kamillik zirvəsi olduğunu qeyd edib, onun oftalmologiya sahəsində bir elmi məktəb yaratdığını diqqətə çatdırıb. Əlavə edib ki, bu məktəbin yetirmələri Azərbaycanda oftalmologiya elminin inkişafına əhəmiyyətli töhfələr verirlər. 

Daha sonra çıxış edən AR səhiyyə nazirinin müavini Nadir Zeynalov səhiyyə naziri Teymur Musayevin salamlarını çatdıraraq konfransın işinə uğurlar arzulayıb. 

2023-cü ilin xalqımız üçün əhəmiyyətli dövr olduğunu qeyd edən nazir müavini bu il tanınmış oftalmoloq-alim, akademik Zərifə xanım Əlieyavın anadan olmasının 100 illiyi ilə bərabər, onun ömür-gün yoldaşı, dahi şəxsiyyət, görkəmli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də 100 illik yubileyinin təntənə ilə qeyd olunduğunu vurğulayıb. Akademikin şəxsi keyfiyyətlərindən, humanistliyi ilə seçilən peşəsi haqqında ətraflı bəhs edən Nadir Zeynalov Zərifə Əliyevanın oftalmologiya sahəsində həm praktik-həkim kimi çalışdığını, həm də uzun illər ərzində elmi tədqiqatlar apardığını, yaşadığı dövrdə respublikamız üçün real problem olan gözlərin traxoma xəstəliyi ilə yaxından maraqlandığını, öz araşdırmalarını bu problemin həllinə yönəltdiyini bildirib. Vurğulayıb ki, Zərifə Əliyevanın tədqiqatları nəticəsində traxoma xəstəliyinin müalicəsində yeni bir üsul meydana gəlib, tədricən bu xəstəliyin ölkəmizdə yayılmasının qarşısı alınıb.

Ötən əsrin 60-70-ci illərində keçmiş SSRİ məkanında sənayenin, o cümlədən kimya sənayesinin sürətli inkişafının iqtisadi artıma səbəb olması ilə yanaşı, insan sağlamlığına mənfi təsirlər etdiyini qeyd edən Nadir Zeynalov akademik Zərifə Əliyevanın göz xəstəliklərinin peşə amili ilə bağlı məsələ ilə ciddi məşğul olduğunu, həm praktik, həm elmi, həm də təşkilati baxımdan nizamlı bir sistem yaratdığını bildirib: “Akademikin təşəbbüsü ilə müəssisələrdə tibb məntəqələri təşkil olunmuşdu ki, burada yaradılan peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi sistemi keçmiş SSRİ respublikaları üçün bir nümunə olmuşdur”.

Nazir müavini qeyd edib ki, 1982-ci ildə Zərifə Əliyevanın həmmüəlliflərlə birgə “İridodiaqnostikanın əsasları” kitabı işıq üzü görüb və burada alternativ təbabət, Şərq xalq təbabəti sahəsinə aid olan diaqnostika üsulları geniş şərh edilib. Akademikin tibbi etika və deontologiya sahəsində də araşdırmalar apardığını bildirən Nadir Zeynalov əlavə edib ki, Zərifə xanım Əliyeva həkim və pasiyent, həkim və cəmiyyət arasında münasibətlərin necə olması ilə əlaqədar elmi əsərlər yaradıb.

Çıxışının sonunda görkəmli akademikin oftalmologiya sahəsi üzrə elmi məktəb yaratdığını deyən nazir müavini o məktəbin yetirmələrinin bu gün də respublikanın tibb sahəsində çalışdıqlarını vurğulayıb.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə çıxışında bildirib ki, bu gün biz xatirəsi Azərbaycan xalqı və hər birimiz üçün əziz və dəyərli olan insanla bağlı tədbir keçiririk: “Azərbaycan xalqının gözəl deyimi var: “Bir-biri üçün yaranmışlar”. Biz adətən bu sözü Ulu Öndər Heydər Əliyev və Azərbaycan xalqı üçün işlədirik. Ulu Öndərimiz də elə bil Azərbaycan xalqı üçün yaranmışdır. Azərbaycan xalqı da Ulu Öndərimizin sayəsində inkişaf etmiş, bəlalardan xilas olmuş və özünün arzuladığı məqama çatmışdır. Ulu Öndər Heydər Əliyev iki dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz inkişaf etmiş, yüksəlmiş, xalqın güzəranı yaxşılaşmışdır. Elə ki, müvəqqəti ayrılıq olmuşdu, Azərbaycan xaosa, anarxiyaya düçar olmuşdu. Ümummilli Lideri yenidən xalqın arzu və tələbi ilə geriyə qayıtdıqdan sonra xalqı bu bəlalardan qurtarmış, müstəqilliyimizi əbədi etmiş, əbədi sabitlik yaratmış və bizi ən böyük arzumuza çatdırmışdır. Ulu Öndər Heydər Əliyev və Zərifə xanım Əliyeva da bir-biri üçün yaranmış insanlar idi. Onların bir-birinə rast gəlib ailə qurması ilahi istək, taleyin hökmü idi. Bunun baş tutmasından ən çox qazanan Azərbaycan xalqı oldu”. 

Zərifə xanımın əsilzadə ailəsində gözəl tərbiyə aldığını deyən Bəxtiyar Sadıqov Ulu Öndərin həm Dövlət Təhlükəsizliyi Komitəsində, həm Azərbaycana rəhbərlik etdiyi dövrdə, həm də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi gecə-gündüz işlədiyi dövrdə ailəsinin üzərinə düşən kişi yükünü Zərifə xanımın zərif çiyinlərinin üzərində daşıdığını bildirib: “Azərbaycan qadını üçün əsl mükafat ailəsinin möhkəm olması, gözəl övladlar böyütməsi, ailədə mehribançılıq, sədaqət və səmimiyyət olmasıdır. Zərifə xanım ailədə buna nail olub. Qadının ən böyük funksiyası övlad tərbiyə etməkdir və Zərifə xanım ailədə övlad tərbiyəsi olmağın məktəbinin nümunəsini yaradıb. Zərifə xanımın tərbiyə etdiyi övlad bu gün Azərbaycan xalqının xilaskarına çevrilib, Azərbaycan torpaqları işğaldan azad olunub, xalqımızın milli-mənəvi qürurunu özünə qaytarıb. Cənab Prezident Azərbaycan xalqının bütün istəklərini həyata keçirdi və onun fəaliyyətində də Zərifə xanımın zəhməti, əməyi var”. 

Zərifə xanım Əliyevanın alim və həkim kimi Azərbaycan üçün xarakterik olan göz xəstəliklərinin müalicəsi ilə məşğul olduğunu, insanlara işıq bəxş etdiyini bildirən Bəxtiyar Sadıqov qeyd edib ki, ən çox qürur doğuran məqamlardan biri də Zərifə xanımın yaratdığı ailə ənənələrinin bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirilməsidir: “İnsanların, xüsusən uşaqların sağlamlığı üçün Heydər Əliyev Fondu vasitəsilə hemofiliya və talassemiya xəstəliklərinə qarşı mübarizə mərkəzləri yaradılıb. Heydər Əliyev Fondu vasitəsilə hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlara, internat məktəblərinə böyük qayğı göstərilir. Bütün bunların hamısı Zərifə xanımın ailədə yaratdığı böyük humanist hisslərdən, insanlara kömək, dayaq olmaq hissinin Mehriban xanım tərəfindən dərindən mənimsənilməsindən irəli gəlir və bu, ənənə daha yüksək formada davam etdirilir”. 

O, çıxışının sonunda Zərifə Əliyevanın “Yüksək əqidə: (Həkimlik etikası, həkimin ürəyinin və fikirlərinin paklığı)” kitabından sitat gətirib, bu nəşrin meydana çıxdığı dövrdə SRİ miqyasında böyük əks-səda doğurduğunu, bütün səhiyyə müəssisələrində, tibb üzrə ali məktəblərdə müzakirə olunduğunu deyib: “Aydındır ki, həkimlik etikasının formalaşmasında sosial mühitin həlledici rolu var. Lakin hansı quruluş olur-olsun, həkim ümumiyyətlə birincisi humanist, insansevər, qayğıkeş olmalı və hər zaman istənilən vəziyyətdə tibbi yardım göstərməyə hazır olmalıdır. Əgər hər hansı həkimdə bu daxili tələbat, yardıma çatmaq istəyi olmasa, o insandan heç vaxt yaxşı həkim olmaz. Həkimin ürəyi, qəlbi daş olmamalıdır. O, daim həkimlik sənətinə sadiq olmalıdır”.  Çox şadıq ki, Zərifə xanım Əliyeva öz fəaliyyəti ilə yazdıqlarını həyatında əməli şəkildə doğruldub”.

Konfransda “Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin əsas istiqamətləri” mövzusunda məruzə edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova bildirib ki, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin övladı və böyük şəxsiyyət Heydər Əliyevin xanımı olmaq məsuliyyətini həmişə şərəflə daşıyan Zərifə Əliyeva fitri istedada malik novator alim,  əsl ziyalılığın genetik yaddaşına malik bir insan idi. Akademik qeyd edib ki, Zərifə xanımın ilk tədqiqatının mövzusunu yaşadığı dövr özü diktə etmiş, onun elmi işi traxomanın müalicəsi ilə bağlı məsələlərə həsr olunmuşdur. Çox keçmədən Zərifə xanım xəstəliyin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olur. Bu tədqiqatların mühüm nəticələri Zərifə Əliyevanın 1959-cu ildə uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. Onun sözlərinə görə, alim tərəfindən hazırlanmış və apardığı ciddi əsaslı tədqiqatlarla effektivliyi həm nəzəri, həm də praktiki şəkildə sübut olunmuş müalicə metodu traxomanın sosial xəstəlik kimi ləğv edilməsində əhəmiyyətli rol oynamışdır, bu istiqamətdə Zərifə xanım Əliyevanın elmi kəşfi bütün SSRİ respublikaları üçün ümid işığı və bütövlükdə oftalmologiya elmi qarşısında əvəzsiz xidmət idi və dünya elmi ictimaiyyəti tərəfindən də hər zaman yüksək qiymətləndirilmişdir.

“Zərifə xanım Əliyeva keçmiş SSRİ-nin oftalmologiya elminə görmə orqanının peşə xəstəliklərinin öyrənilməsi və profilaktikası üçün yeni üsulların işlənməsi kimi elmi yeniliklər gətirmişdir. Bu yeniliklər “Görmə orqanının peşə patologiyası”, “Yod sənayesində peşə xəstəliklərinin profilaktikası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Şin istehsalında gözün peşə patologiyası” kimi kitab və monoqrafiyalarında əks edilmişdir. Bu tədqiqatlar alimə dünya miqyasında böyük şöhrət qazandırmışdır”, - deyə akademik İradə Hüseynova bildirib.

Konfransda, həmçinin akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun “Zərifə Əliyeva Azərbaycanda oftalmologiya elminin banisidir”, AMEA-nın Qadınlar Şurasının sədri, f.e.d., prof. Rəna Mirzəzadənin “Zərifə Əliyevanın mərhəmət və şəfqət ənənələri Mehriban Əliyevanın fəaliyyətində” və  AR ETN akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun laboratoriya müdiri, b.e.d., prof Elmira Pənahovanın “Akademik Zərifə Əliyeva görmə orqanının fiziologiyasının fundamental problemlərinin görkəmli tədqiqatçısı idi” mövzusunda məruzələri dinlənilib. Çıxışlarda akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən, görmə orqanının fiziologiyasının fundamental problemlərinin həlli istiqamətindəki tədqiqatlarından, sədaqətli həyat yoldaşı, qayğıkeş ana olmasından danışıblar.

Sonda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, akademik Zərifə Əliyevanın 100 illiyi onun taleyi ilə birbaşa bağlı olan Ümummilli Lider Heydər Əliyevin 100 illiyində, ölkəmiz üçün əlamətdar olan “Heydər Əliyev İli”ndə qeyd olunur. Akademik İsa Həbibbəyli qeyd edib ki, Zərifə xanım çətin və mübarizələrlə dolu həyat yolu keçmiş Heydər Əliyevə hər zaman sədaqətli həyat yoldaşı kimi dayaq olmuşdur. AMEA rəhbəri vurğulayıb ki, görkəmli alimin ictimai fəaliyyəti bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsinə qaldırılmış, inkişaf etdirilmişdir.

“Akademik Zərifə Əliyevanın ideyaları bu gün də yaşayır, elmimizin inkişafına xidmət edir, işıq saçır”, - deyə akademik İsa Həbibbəyli bildirərək konfransa yekun vurub.

AMEA Rəyasət Heyəti aparatının

Media və informasiya şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi