Tələbə qızları şantaj edən Əlixan Məhərrəmlinin işinə bu tarixdə baxılacaq
Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan, Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərən Azərbaycanlı Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmlinin cinayət işi üzrə məhkəmə iclasının vaxtı məlum olub.
Məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses sentyabrın 21-nə təyin edilib.
İş hakim Faiq Qəniyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd: Məlumata görə, Ə.Məhərrəmli ilk olaraq dələduzluqda ittiham edilib, sonradan onun əməli hədə-qorxu ilə tələb etməyə tövsif olunub. İttihama görə, o, Türkiyədə təhsil alan S.Əkbərovanı (şərti) guya qeyri-qanuni hərəkətləri ilə əlaqədar şantaj edərək ondan 68 min manat tələb edib. Tələbə bu barədə anasına məlumat verdikdən sonra da təqsirləndirilən şəxs şantaja davam edib.
Bir müddət sonra ana və qızı birgə polisə şikayət ediblər. Ə.Məhərrəmliyə yekun olaraq Cinayət Məcəlləsinin 182.3.2-ci (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə S.Əkbərova və anası zərərçəkmiş qismində tanınıblar.
Xatırlatma: Daha əvvəl S.Əkbərova tələbə yoldaşı Əlixan Məhərrəmlinin ondan hədə-qorxu gəlməklə 20 min dollar tələb etməsi ilə bağlı polis orqanına müraciət edib.
Kamal Məmmədov