BSU-nun müəlliminə hücum edən şəxs həbs cəzası aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Sübhan Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, beş il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Sübhan Əliyev paytaxtın Yasamal rayonu, metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı bankomatdan zərərçəkmiş Lamiyə Əsədovanın (şərti) pul çıxararaq çantasına qoyduğunu görüb. Daha sonra qadın yaşayış binası istiqamətinə yollanıb və bu zaman təqsirləndirilən şəxs də onu izləyib. Lamiyə binanın blokuna daxil olaraq, pilləkənlə yuxarı qalxmağa başlayıb. Sübhan da onun arxası ilə gedib və ikinci mərtəbədə qadına yaxınlaşıb. O, Lamiyə Əsədovanın çiynindən asdığı çantadan tutaraq dartıb. Qadın isə çantasını əlindən buraxmayıb.
Daha sonra Sübhan ona hücum edərək yenidən zor tətbiq edib çantanı ələ keçirməyə çalışıb. O, zərərçəkmiş şəxsi yerə yıxaraq sürüyüb və əlində tutduğu 40 manat dəyərində əl çantasını, onun içərisində olan 787 manat pulu, şəxsiyyət vəsiqəsini, maaş kartını, dəyəri 300 manat olan “Samsung Galaxy J3” markalı mobil telefonunu, həmin telefonun içərisində olan beş manat dəyərində olan sim kartı ələ keçirib.
Sübhan Əliyev zərərçəkmiş şəxsə ümumilikdə 1 132 manat maddi ziyan vurmaqla quldurluq edib. Məhkəmə istintaqında Sübhan Əliyev ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, maddi vəziyyəti pis olduğuna və pula ehtiyacı olduğuna görə o, qadının əl çantasını dartıb götürərək hadisə yerindən uzaqlaşıb.
Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu deyib. Həmçinin, bildirib ki, hadisə zamanı Lamiyə Əsədovanın əl çantasını götürmək istəyən zaman onun qolundan tutaraq dartıb yerə yıxmayıb və zərərçəkmiş şəxsi yerdə sürüməyib. Zərərçəkmiş Lamiyə Əsədova məhkəmədə dindirilən zaman söyləyib ki, Bakı Slavyan Universitetində müəllimə işləyir. Hadisə baş verən gün müəllimlərin əməkhaqlarının köçürüldüyü gün olub./pravda.az/