NAZİRLİYİN əməkdaşı barədə məhkəməyə müraciət olundu-DƏHŞƏTLİ FAKTLAR
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Gəlirlər Baş İdarəsi Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun baş meneceri Kəmalə Rasim qızı Rasimli barəsində məhkəmə iddiası qaldırıb.
Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatına verilib.
Bildirilir ki, məhkəmə iddiası vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar qaldırılıb.
Kəmalə Rasimli həm də sahibkardır...
Zoologiya İnstitutunun baş meneceri Kəmalə Rasimli həm fiziki şəxs (VÖEN – 1001630942), həm də hüquqi şəxsin rəhbəri kimi vergi ödəyicisidir.
Kəmalə Rasimlinin rəhbərlik etdiyi hüquqi şəxsin - “Aysberq KMT” MMC-nin (VÖEN-1003279381) hazırda (23.05.2023-cü il tarixinə) dövlət büdcəsinə 27 min 898 manat 35 qəpik vergi borcu olduğu bildirilir.
Məlumat üçün bildirək ki, “Aysberq KMT” MMC 24.02.2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı cəmi 5 manat olan bu şirkətin hüquqi ünvanı “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2A, m. 25”də yerləşir.
2021-ci ildə Bakı Dövlət Universiteti (BDU) tərəfindən elan olunan 4 tender müsabiqəsinin (Açıq tender) qalibi “Aysberq KMT” MMC olub və tenderlərin ümumi dəyəri 127 min 652 manat 10 qəpik olub.
“Aysberq KMT” MMC aşağıda qeyd olunan beynəlxalq konfranslar üçün BDU-ya iş və xidmətlər təqdim edib:
- Lütfi Zadənin 100 illiyinə həsr olunan “Qeyri-səlis məntiq və tətbiqləri” mövzusunda beynəlxalq elmi konfrans – 23 min 523 manat,
- “Fizikada müasir trendlər” mövzusunda beynəlxalq elmi konfrans – 44 min 648 manat 70 qəpik,
- “Hüquq” mövzusunda beynəlxalq elmi konfrans – 34 min 281 manat 40 qəpik,
- “Nizami Gəncəvi 880” mövzusunda beynəlxalq elmi konfrans – 25 min 199 manat.
Tenderlə bağlı diqqət çəkən məqam odur ki, “Aysberq KMT” MMC-yə məxsus olduğu bildirilən “iceberg.az” saytında bu şirkətin tərcümə işlərilə məşğul olduğu göstərilib. Tərcümə Mərkəzi kimi fəaliyyət göstərən MMC-nin BDU-ya müxtəlif məhsullar satması, həmçinin xarici qonaqlara otel və nahar xidmətləri göstərməsi üçün hansı təcrübəyə sahib olduğu bilinmir.
Kəmalə Rasimli əvvəllər də işlədiyi qurumun – AMEA-nın tenderlərində qalib olub
Qeyd edək ki, “Aysberq KMT” MMC müvafiq sahədə heç bir təcrübəsi olmadığı halda (rəsmi saytlarında elə yazılıb – red.) ötən ilin noyabr-dekabr aylarında AMEA İşlər İdarəsinə 48 min 216 manatlıq yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satıb.
Halbuki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması lazımdır.
Diqqət çəkən başqa bir məqam isə odur ki, “Aysberq KMT” MMC-nin qanuni təmsilçisi Rasimli Kəmalə Rasim qızı daha əvvəl “Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 25”də qeydiyytda olan “Servis və Supley Ltd” MMC adlı şirkətin də direktoru olub.
Bu şirkət isə bu ilin aprel ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsi tərəfindən keçirilən 129 min 964 manatlıq tender müsabiqəsinin qalibi olub.
Kəmalə Rasimli daha sonra şirkətin qanuni təmsilçiliyindən ayrılıb. Dövlət Vergilər Xidmətinin reyester məlumatlarından belə görünür ki, tender müsabiqəsi keçirilən zaman MMC-nin qanuni təmsiçisi Kəmalə Rasimli olub. Daha sonra MMC-nin həm qanuni təmsilçisi, həm də hüquqi ünvanı dəyişdirilib. Hazırda “Servis və Supley Ltd” MMC-nin qanuni təmsilçisi Həbibova Aytəkin Rasim qızıdır. Hüquqi ünvanı isə “Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 59K, m. 390”da yerləşir.
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndində açıq şəkildə yazılıb ki, satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilatı asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir.
Amma göründüyü kimi, satınalan təşkilat olan AMEA-nın keçirdiyi tender müsabiqəsinin qalibi olan podratçı şirkətin - “Service and Supply Ltd.” MMC-nin direktoru AMEA-dan əmək haqqı alan vəzifəli şəxsdir.
Məlum olduğu kimi, Zoologiya İnstitutu daha əvvəl AMEA-nın tərkibində olub.
Kəmalə Rasimli onu məhkəməyə verən qurumun da tenderini udub
Ötən ilin dekabr ayında İqtisadiyyat Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi isə fiziki şəxs Kəmalə Rasimli Rasim qızı olub. Kəmalə Rasimli İqtisadiyyat Nazirliyinə tərcümə xidmətləri göstərəcək və qarşılığında 21 min 616 manat alacaq.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən Kəmalə Rasimli vergi borcunun olduğunu təsdiqləyib və əlavə edib ki, hazırda məhkəmə prosesi davam edir: “Məhkəmə prosesinin sonunda məlum olacaq ki, vergi borcum var, yoxsa-yox. Əgər məhkəmə vergi borcumun olduğunu təsdiqləyərsə əlbəttə ki, ödəyəcəyik”.