“Boston Consulting Group”un rəhbərliyi Bakı Ali Neft Məktəbində olub
İdarəçilik üzrə ən böyük qlobal konsaltinq şirkətlərindən olan "Boston Consulting Group”un icraçı direktoru və tərəfdaşı Vladimir Roqov, məsləhətçisi Yevgeni Kokurin, işə qəbul üzrə rəhbəri Polina Rasskazova və baş mütəxəssisi Nərgiz Adıgözəlovadan ibarət nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində olub.
Rektor Elmar Qasımov nümayəndə heyəti ilə görüşərək konsaltinq üzrə dünyanın 3 ən böyük şirkətlərdən birinin nümayəndələrini Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Rektor onlara Bakı Ali Neft Məktəbinin yaranması, buradakı tədris prosesi, Prezident təqaüdçülərinin sayına görə ölkə birincisi olması, məzun və tələbələrin yüksək göstəriciləri barədə məlumat verib. Görüşdə perspektiv əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra şirkətin nümayəndələrinin tələbələrlə görüşü keçirilib. Onlar tələbələrə “Boston Consulting Group”un yaranma tarixi, qlobal nümayəndəlikləri, fəaliyyət istiqamətləri, xidmət göstərdikləri sektorlar barədə məlumat veriblər. Şirkət nümayəndələri həmçinin iş prinsipləri, işə qəbul prosedurları və təqdim etdikləri təcrübə proqramları, tələbələrin bu proqramlara müraciət qaydalarından bəhs ediblər.
Qonaqlar həmçinin Ali Məktəbin kampusu, buradakı laboratoriyalar ilə tanış olub və yaradılan şəraiti yüksək qiymətləndiriblər.