azia.az
azia.az

Rüşvət istəyən direktorun başqa məktəbə rəhbər göndərilməsi qanunsuzdur?

24-11-2022, 14:41


Bakının 45 nömrəli tam orta məktəbinin direktoru olmuş Nəcibə Axundova 34 nömrəli tam orta məktəbə direktor təyin edilib. 

Məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb. Qeyd edilib ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) sabiq direktoru Axundova Nəcibə Novruz qızı 34 nömrəli tam orta məktəbin (523 şagird yerlik) direktoru vəzifəsinə yerdəyişmə edilib. 2022-ci ilin sentyabrında Nəcibə Axundovanın rüşvət aldığı iddia olunan səs yazısı yayılıb. Səs yazılarının ictimailəşdirilməsindən sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi Nəcibə Axundovaya Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verildiyini açıqlayıb. 

Qeyd olunub ki, səhhəti ilə əlaqədar müvəqqəti olaraq işə çıxmayan direktorun müalicəsi başa çatdıqdan sonra iş yerinin dəyişdirilməsi məsələsinə baxılacaq. Adıçəkilən məktəb direktorunun yeni vəzifəyə təyin edilməsi isə artıq sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Şiddətli töhmət alan məktəb direktorunun yenidən başqa bir məktəbə rəhbər vəzifəyə təyin edilməsi ilə bağlı müxtəlif fikirlər səslənir.  

Əmək qanunvericiliyə görə, intizam tənbehi, şiddətli töhmət alan məktəb rəhbərinin yeni vəzifəyə təyin olunması mümkündürmü? 

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirib ki, Əmək qanunvericiliyinə görə, işçinin bir işdən başqa işə keçirilməsi qanunauyğundur: 

“Bakı şəhərində artıq illərdir ki, məktəb direktorlarının yerdəyişməsi həyata keçirilir. Öz işində uğurlu olan məktəb direktorları daha böyük məktəblərə yerdəyişmə alırlar. Uğur qazana bilməyən və yaxud da Bakı Şəhəri üzrə Təhsil İdarəsi və ya Təhsil Nazirliyi hesab edirsə ki, buraxdığı qüsurlar elə də böyük qüsur deyil, bunu gələcəkdə düzəldə bilər, o zaman daha kiçik məktəbə göndərilir. 45 saylı tam orta məktəb Bakının ən böyük məktəblərindən biridir və həmin direktor səs yazısı ilə bağlı intizam tənbehi almışdı. Hazırda göndərildiyi məktəb 34 saylıdır və daha kiçik, təxminən 500 şagird sayı olan məktəbdir. Həmin məktəb direktoru işdən çıxarılmayıb, sadəcə yerdəyişmə edilib. Bakı məktəblərində direktorların yerdəyişməsi 5 ildən artıqdır ki, davam edir”. 

Ekspert deyib ki, istənilən halda intizam tənbehi işçiyə yol verdiyi intizam xətasına görə verilir: 

“Həmin intizam tənbehi Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq töhmət də ola bilər. Yaxud sonuncu xəbərdarlıqla şiddətli töhmət də verilə bilər. Əgər kollektiv müqavilədə nəzərdə tutulursa, aylıq əməkhaqqının 25 faizini keçməmək şərtilə cərimə də ola bilər. Təhsil sahəsində cərimə sistemi yoxdur. Çox ciddi intizam xətası olarsa, onunla bağlanmış əmək müqaviləsinin c bəndi ilə xitam da vermək olar. Ancaq həmin direktor sadəcə töhmət alıb, bir töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmətin müddəti 6 aydır. Həmin 6 ay ərzində yenidən intizam xətasına yol verərsə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər. 

Hazırkı vəziyyətdə intizam tənbehinə görə həmin məktəb direktoru ilə əmək müqaviləsi qanunvericilikdə nəzərdə tutulmuş töhmətdir. 6 ay müddətində həmin töhmət qüvvədədir. Əgər bu 6 ay müddətində yenidən belə bir intizam xətasına yol verərsə, onunla bağlanmış əmək müqaviləsi pozulmuş sayılacaq. Çünki vəzifə funksiyalarını artıq kobud şəkildə pozmuş olacaq. Hazırda atılan bütün addımlar qanunvericiliyə tam uyğundur”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi