Qadınlarla bağlı qadağa gündəmdə – XƏBƏRDARLIQ
Azərbaycanda 16 yaşlı bir qızın ana olması cəmiyyətdə ciddi narahatlıq yaradıb. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın verdiyi məlumata görə, azyaşlı qız hamiləlik dövründə sığınacaq tərəfindən dəstəklənib və hazırda körpəsi ilə birlikdə orada yaşayır. Hadisə həm sosial, həm də hüquqi baxımdan bir çox suallar doğurub. Xüsusilə də bu yaşda bir qızın hamilə qalması və doğuş prosesinə qədər heç bir orqanın müdaxilə etməməsi düşündürücüdür.
Azyaşlı bir qızın hamilə qalması halında həkimlər və digər məsul şəxslər hüquq-mühafizə orqanlarına məlumat verməyə borcludurmu? Bu cür hadisələrin qarşısını almaq üçün səhiyyə, sosial və hüquq sistemində hansı boşluqlar mövcuddur?
Xəbər verilir ki,Globalinfo.az-a danışan sosioloq Mail Yaqub xatırladıb ki, qanunvericiliyimizə görə qızın 18 yaşına çatmadan ərə verilməsi qadağandır:
“O cümlədən 16 yaşında qızın hamilə qalması da qanun pozuntusu sayılır. Belə halların baş verməsinin iki əsas səbəb var. Birincisi, insanların qanunu bilməməsidir. Bu tələblərdən xəbərsiz olan şəxslər, xüsusən ucqar yerlərdə yaşayanlar qaydaları qeyri-ixtiyari şəkildə poza bilirlər. Digər səbəb isə insanların qanunu bildiyi halda ona tabe olmaq istəməməsidir. Bu isə qanunu və dövləti saymamaq, məsuliyyətsizlik və ya digər şəxsi səbəblərdən irəli gəlir”.
Sosioloq əlavə edib ki, belə halların qarşısı alınmalıdır:
“İnsanlar bu cür pozuntular barədə məlumat verməli və tədbir görülməsini təmin etməlidirlər. Təəssüf ki, sovet dövründən qalan stereotiplərdən hələ də var. Bəzi hallarda pozuntuları xəbər verənləri “demaqoq” adlandırırlar. Halbuki qanunun qorunması və problemin işıqlandırılması cəmiyyətin mənafelərinə xidmət edir. Qanun hamı üçündür və onun tələblərinə əməl edilməlidir”.
Vəkil Mehman Muradov bildirib ki, qeyd edilən yaşlarda olan qızla cinsi əlaqədə olmaq cinayət məsuliyyəti yaradır:
“Qızın 16 yaşdan sonra cinsi əlaqədə olması isə cinayət məsuliyyəti yaratmır. Həkimlərin də burada məsuliyyətsizliyi məsələsi var. Onlar aidiyyəti quruma məlumat verə bilərdilər. Bəlkə də mütəxəssisə müraciət olunmayıb. Bu, istintaqla müəyyən olunmalıdır. Amma əgər həkimə müraciət olunubsa və hüquq mühafizə orqanına məlumat verilməyibsə, artıq onların da məsuliyyətsizliyi və cinayəti gizlətmə məsələsi ortaya çıxır”.