AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə Macarıstanın ELTE Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) prioritet istiqamətlərindən biri də dünya ölkələrinin kitabxanaları, kitabxana işinin inkişafı ilə məşğul olan elm, təhsil, mədəniyyət qurumları ilə qarşılıqlı əlaqələrin qurulması və inkişaf etdirilməsidir.
Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlərin davamı olaraq, 1 sentyabr 2022-ci il tarixində MEK-in baş direktoru, professor Məmməd Əliyev ilə Macarıstan Respublikasının Eotvos Lorand Universitetinin (ELTE) rektoru, prof. Laszlo Borhy, icraçı direktor Miklos Rozgonyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Əməkdaşlıq çərçivəsində hər iki müəssisənin - MEK-in və universitetin kitabxanasının fondlarının çap və elektron nəşrlərinin mübadiləsi, müvafiq ədəbiyyatların əldə edilməsi, qarşılıqlı informasiya dəstəyi, kitab sərgilərinin təşkili, elektron resursların hazırlanması və işlənməsi, eləcə də birgə layihələrin həyata keçirilməsi kimi məsələlər öz əksini tapıb.
Xatırladaq ki, MEK öz imkanlarını daha da genişləndirmək, beynəlxalq əlaqələrini gücləndirmək üçün dünyanın bir sıra qabaqcıl ölkələrinin kitabxanaları, elm, təhsil, mədəniyyət təşkilatları ilə davamlı və uğurlu əməkdaşlıq həyata keçirir.
İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi
[email protected]